» » IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi başa çatıb

IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi başa çatıb

Müəllif: Vüsal от 8-04-2017, 00:00
 

Aprelin 7-də "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır.

Boks üzrə yeniyetmələr arasında Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevin və cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyevin müşayiəti ilə şahmat həvəskarı Murad Əliyarov Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüb. Sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.

X X X

"Domestic Grassroots” proqramı çərçivəsində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində möhtəşəm bir layihə, "Sport joys – Regional idman tədbiri” keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Komitəsinin əməkdaşı Ülviyyə Ələkbərova oyunlar barədə geniş məlumat verib.

Naxçıvan güləş məktəbinin yetirməsi, İslam Həmrəyliyi Oyunlarının idman səfiri Hacı Əliyev gənc idmançıları salamlayıb, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə qonaqları muxtar respublikada aparılan idman siyasəti, keçirilən beynəlxalq və yerli yarışlar haqqında məlumatlandırıb.

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. 50 qız və 50 oğlan şagirdin mübarizəsində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Qaliblərə kubok, diplom və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

İdman tədbiri iştirakçılara əyləncəli və xoş anlar yaşadıb.

X X X

Aprelin 7-də, axşam Naxçıvan şəhərinin mərkəzi meydanında su festivalı keçirilib.

Əvvəlcə "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. İki gün əvvəl "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının "Xəzərdən başlayan su səyahəti”nə start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.

Festivalda "Mirvari” rəqs qrupunun, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Naxçıvan mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Naxçıvan şəhərinə qədər keçdiyi səyahət yoluna nəzər salınıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdim etdiyi su səhəngini daşıyan naxçıvanlı şahmatçı Murad Əliyarov, eləcə də Şahbuz rayonunun Batabat yaylağındakı Zor bulaqdan götürülən suyu daşıyan idmançılar Orxan Quliyev və Tayfur Əliyev alqış sədaları altında səhnəyə dəvət olunublar.

Tədbir "Mirvari” rəqs qrupunun çıxışı, möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi başa çatıb

 

IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsi başa çatıb

 

 Mənbə :http://azertag.az/xeber/1049279

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.