» » Təqvimdə bu gün - 28 oktyabr

Təqvimdə bu gün - 28 oktyabr

Müəllif: Vüsal от 28-10-2017, 00:00
28 oktyabr

İlin 301-ci günü
 İlin sonuna 64 gün qalır.

Mühüm günlər:

1492 - Xristofor Kolumb - Kubanı kəşf etdi.
1886 - Nyu-York arxipelaqının Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirildi.
1914 - Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başladı.
1962 - Karib böhranı: N. Xruşşov SSRİ raketlərinin Kubada sökülməsini, demontajını elan etdi.
1995 -  "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə baş vermiş terror aktı nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza Ginnesin Rekordlar Kitabına ən dəhşətli metro qəzası kimi düşüb.
Ölkədə 3 gün matəm elan edilib.

Təqvimdə bu gün  - 28 oktyabr


1998 - İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir.
2008 - Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilmişdir.

Doğum günləri:

Təqvimdə bu gün  - 28 oktyabr1911Məşhur Azərbaycan  yazıçısı, dramaturq, ictimai xadim, akademik, SSRİ  və Azərbaycan Dövlət Mükafatı laureatı Mirzə Əjdər oğlu İbrahimov  Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur.

 

1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya - Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). "Həyat" (1935) pyesi bu dövrün bəhrəsidir.

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün - (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə almışdır: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Idarə Heyətinin Sədri (1948-1954), birinci katibi (1965-1976), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1976), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1947-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.[6] Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.

1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.


Təqvimdə bu gün  - 28 oktyabr 1914— İkinci Dünya müharibəsinin iştirakçısı,  əfsanəvi partisan Mehdi Hüseynzadənin silahdaşı, müharibə veteran Cavad Həkimli Qərbi Azərbaycanda Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub.

 

1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub.

1941- 42 ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb.

Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman "Mixaylo”-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu” deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.

II Dünya Müharibəsinin iştirakçısı, əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri, 162-ci "Türküstan" diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, "Ruskaya Çeta" rotasının rəhbəri, kapitan Cavad Həkimli 27 fevral 2006-cı ildə vəfat etmişdir.


Təqvimdə bu gün  - 28 oktyabr1946 - Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, anadan olmuşdur.

Prof. F.T.Məmmədov  Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və "Humay” mili mükafatı ilə təltif olunmuş "Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərmək olar.

Prof. F.T.Məmmədov 1990-cu ildən "Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir. İnsan, cəmiyyət və dövlətin sosial-mədəni inkişafina həsr olunmuş mövzularda televiziya və radioda, jurnal və qazetlərin səhifələrində daimi kulturoloji maarif xarakterli çıxışlar edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələr və müdavimlər tərəfindən böyük maraqla qarşılanan, respublikada yeganə olan, "İdarəçilik mədəniyyəti” innəvativ kulturoloji kursun müəllifidir. Kurs demokratik ölkələrin idarəetmə təcrübəsinin və dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında hazırlanmışdır. Kursun tədrisi şəxsiyyətlər və liderlərin formalaşmasına, gələcək mütüxəssislər və məmurlər tərəfindən müasir elmi biliklərin, beynəlxalq standartlara cavab verən, professional vərdişlərin, yüksək demokratik idarəetmə etikasının mənimsənməsinə xidmət edir.

26 ölkədə olmuş, və bu ölkələrin sosial-mədəni inkişaf təcrübəsini öyrənmişdir. Azərbaycan və dünya mədəniyyəti, elmi, idarəetmə tarixi və nəzəriyyəsi problemləri üzrə Rusiyada, Almaniya Federativ Respublikasında, Rumıniyada, Gürcüstanda, Yunanıstanda, Misirdə, Türkiyədə, Kosta Rikada, Norvaçdə, ABŞ-da, Taylandda, Cənubi Koreyada, Fransada, Macarıstanda beynəlxalq konfranslarda və seminarlarda, səfirliklərdə və cəmiyyətlərdə məruzələr və çıxışlar etmişdir.

1964-cü ildə Bakıdakı 150-nömrəli məktəbi, 1969-cu ildə isə Azərbaycan neft və kimya institutunun kimya-texnoloji fakultəsini bitirmişdir. 1975-ci ildə tarix elmləri namizədi elmi dərəcəni almaq üşün dissertasiyamı, 1985-ci ildə isə - Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiysıanı müdafiə etmişdir. 1993-cü ildə beynəlxalq Amerika-Rus konfliktologiya məktəbini bitirmişdir.

 

Təqvimdə bu gün  - 28 oktyabr1998   Çox istedadlı bir gəncimiz -  Xəyal Sahib oğlu Abbaszadə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur.

 2004 - cü ildə Şəki şəhər 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2015-ci il 25 iyul tarixində ali məktəblərə qəbul imtahanında iştirak etmiş, III qrup üzrə yüksək bal (672 bal) toplamışdır.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində Hüquqşünaslıq ixtisası üzrə təhsil alır.

2005 ci ildən Şəki Dövlət Dram Teatrının hazırladığı tamaşalarda aktyor kimi çıxış edir. Bir neçə bədii və sənədli filmə çəkilmişdir.

Əyalətdə yaşayan bu istedadlı uşaq haqqında yerli mətbuat orqanlarında, habelə Türkiyənin mətbuat orqanlarında geniş yazılar yazılmışdır. Müxtəlif televiziyalar müsahibələr almış, həmçinin televiziya verlişlərinə qonaq kimi dəvət edilmişdir. Haqqında süjetlər hazırlanmışdır.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq 1 iyun 2009-cu il tarixdə Şəki Regional "Kanal-S" telekanalında 2 saatlıq "Gün Gəlir" səhər proqramının aparıcısı olmuşdur.

2011 ci ilin noyabr ayında Heydər Əliyev Fondunun və Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının ll Ümumrespublika Forumunda Şəki şəhərindən nümayəndə kimi iştirak etmişdir.


Vəfat etmişdir:
 

Təqvimdə bu gün  - 28 oktyabr1995— Azərbaycanın Milli Qəhrəmanı, erməni terrorizmi zamanı qəhrəmanlıq göstərmiş şanlı  qəhrəman Çingiz Adil oğlu Babayev  qəhrəmancasına həlak olmuşdur.

Çingiz   Babayev  2 oktyabr 1964-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Naxçıvandandır. O,Ş Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis işləmiş və bir müddət sonra   könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. O, "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışmışdır.

28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi nizamlı  iş rejimi ilə işləyirdi.  Qəflətən "Ulduz " metrostansiyası və "Nəriman Nərimanov” metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyür. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O, fəryad edən soydaşlarımıza kömək etmək üçün özünü təhlükəyə atır, vaqonlarda olan insanları xilas etməyə  başlayır , onlarla insan bu faciədən xilas olur.  Amma aldığı xəasarətlərdən Çingiz  özü də həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Çingiz Adil oğlu Babayev ölümündən sonra   Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Bakının Yasamal rayonu ərazisində ki, qəbristanlıqda dəfn edilmişdir. "Ulduz "metrostansiyasında şərəfinə abidə kompleksi ucadılmışdır.


Bayramlar və xüsusi günlər

28 oktyabr Beynəlxalq Cizgi Günü kimi qeyd olunur.

Təqvimdə bu gün  - 28 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.