» » Tarixdə bu gün - 17 noyabr

Tarixdə bu gün - 17 noyabr

17 noyabr 

İlin 321-ci günü (uzun illərdə 322-ci). 
İlin sonuna 44 gün qalır.

Mühüm hadisələr:

1558 — İngilis kraliçası Birinci Yelizaveta taxta çıxmışdır.
1918 — İngilis qoşunu Ənzəlidən Bakıya daxil olmuşdur.
1922 — Sonuncu Osmanlı sultanı VI Mehmet İstanbulu tərk etmişdir.
1960 — Moskvada Xalqlar Dostluğu Universiteti təsis edilmişdir.
1988 — Benəzir Bhutto Pakistanın baş naziri seçilib. Bununla da o, tarixə müsəlman dövlətində ilk baş nazir kimi düşüb.
1987 — Qaragöl Dövlət Təbiət Qoruğu yaranmışdır. Qoruq hazırda Ermənistanın işğalı altındadır.
1990 — "Naxçıvan MSSR-in adında dəyişiklik haqqında” Naxçıvan MSSR Ali Soveti Qərar qəbul etmişdir. Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
2011 - 17 noyabr 2011-ci ildə Qəbələ Beynəlxalq Aeroportu açılmışdır.
 
Doğum günləri:
 
1883 — Böyük alim, cərrah, Azərbaycan SSR EA-nın ilk prezidenti , Azərbaycanın ilk tibb elmləri doktoru , professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü , Azərbaycan SSR Əməkdar elm xadimi Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.
1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ.İ. Meçnikov adına Odessa Milli Universiteti tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916-1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.
1945-1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur.
1916 ildə əsaslı cərrah peşəsinə yiyələnən gənc Bakıya qayıdır. 1920 ildən etibarən Mir Əsədulla - Mixaylovsk xəstəxanası cərrahiyyə şöbəsinin ordinatoru, sonralar Azərbaycan Dövlət Universitetinə öncə prozektor, bir müddət sonra operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasında ordinator vəzifəsində işləməyə dəvət edilir.
Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir. M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutub.[8] İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə professor adını alır. M. Mirqasımov Azərbaycan SSR EA-nın və Tibb Universitetinin təşkilatçılarından biri olmuş və 1945-ci ildə Azərb. SSR EA-nın həqiqi üzvü (akademik) seçilmişdir. 1919-1929-cu illərdə ADU-nun tibb fakültəsinin dosenti, 1931-1958-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahlıq kafedrasının (indi- I cərrahi xəstəliklər kafedrası) müdiri olmuşdur.
EA-nın təsisi cəmiyyətin əyani və nəzəri tələbatlarını, respublikada iqtisadiyyatın inkişafına, sürətlə inkişaf edən elm sahələrinin və elmi fikirləri istiqamətləndirən vahid elm ocağının fəaliyyət göstərməsi zərurətindən irəli gəlirdi. Namizədliyi irəli sürülən 41 nəfərdən 15-i respublika Elmlər Akademiyasının həqiqi üzvü (akademik) olaraq təsdiqləndi. İlk ümumi yiğincaqda Elmlər Akademiyasının prezidenti yekdilliklə M.Ə. Mirqasımov seçildi. Elə həmin yığıncaqda EA-nın Rəyasət Heyətinin tərkibi təsdiqləndi, akademiklər M.Ə. Mirqasımov, Ş.Ə. Əzizbəyov, H.N. Hüseynov, M.Ə. Qaşqay və Y.H. Məmmədəliyev Rəyasət heyətinin tərkibinə daxil oldular.
Azərbaycanda tibbi cərrahiyə elmi məktəbinin təşkilatçısıdır. Alimin elmi fəaliyyəti əsasən sidik daşı xəstəliklərini etiologiyası, klinikası və müalicəsinin öyrənilməsinə, irinli peritonitləri, anesteziologiya, travmotologiya, urologiya və cərrahlığın aktual məsələlərinə həsr olunmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti var. Cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir.
Azərbaycanın Əməkdar elm xadimidir. Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və metallarla təltif edilmişdir. Ümumiyyətlə, 6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunmuşdur.
Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
 
Tarixdə bu gün - 17 noyabr1906– Azərbaycanın Xalq rəssamı, naxışşünas və xalçaşünas Lətif Hüseyn oğlu Kərimov Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur.
1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.
Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi.
O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.
1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.
Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır.
Onun 1937-1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi.
Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.
8 sentyabr 1991 –ci ildə 84 yaşında Bakıda vəfat etmişdir.
 
Tarixdə bu gün - 17 noyabr1933 — Görkəmli Azərbaycan musiqiçisi, pianoçu, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri namizədi Gülarə Əziz qızı Əliyeva Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.
Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir. 
1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə balkona çıxır və köhnə balkon uçması nəticəsində həlak olur.
Oftalmoloq Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev, onkoloq Cəmil Əliyevin bacısıdır. 
Görkəmli dövlət xadimi, həkim Əziz Əliyevin qızıdır.
1947— Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini işləmiş Qurban Hüseyn oğlu Naməzəliyev Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. 
1954-1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi, baş mühəndis vəzifəsində çalışmışdı. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdi. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdi. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdi.
1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – Dövlət Katibi; Məhəmməd Əsədov – Daxili İşlər Naziri; İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. 
Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdu. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.
 
Tarixdə bu gün - 17 noyabr1947— Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru SSRİ Dövlət Mükafatı, Azərbaycan Respublikasının "Şöhrət" ordeni və Azərbaycan Respublikasının "Şərəf" ordeni laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi , Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Tapdıq oğlu Əmiraslanov Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 
1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbə müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.
1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.
1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş,1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.
1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. 
2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir.
18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 29 iyun 2016-cı ildə UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib.
 
Tarixdə bu gün - 17 noyabr 1947 — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini olmuş 
Qurban Namazəliyev Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur.
1954-1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi, baş mühəndis vəzifəsində çalışmışdı. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdi.
5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdi. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdi.
1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – Dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.

 1983 — Kikboksinq üzrə ikiqat dünya çempionu Bəxtiyar Əziz oğlu İskəndərzadə Bakı şəhərində anadan olmuşdur. 1989-2000-ci illərdə Biləcəri qəsəbəsindəki 2 nömrəli (hal- hazırda 297 nömrəli) tam orta məktəbində təhsil almışdır. Elə həmin ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademyasına daxil olmuş və 2004-cü ildə Akademyanı bitirmişdir. 2006-ci ildə Azərbaycanın ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1997-ci ildən Kikboksinq idman növü ilə məşğul olmağa başalayır. 2004 ildə Moskvada keçirilən World profi uzre dünya kubokunun qalibi, 2006-cı ilde Makedoniyada keçirilən WAKO versiyasi üzrə k 1 növündə Avropa 2-cisi, 2008-ci ildə kyuprusda World profi üzrə dünya çempionu və 2005, 2007, 2008-ci illərdə Azarbaycan cempionu adlarını qazanmışdır. Peshekar kikboksda 25 döyüşdən 23 qalibiyyəti olmuşdur. Peşəkar kikboksinqde 2 dəfə Avropa ve dünya kəmərini qazanmışdır. 2016-cı ildə ilin yekunlarına görə, ilin ən yaxşı idmançısı adına layiq görülür.
WAKO-nun Avropa Çempionatının gümüş mükafatçısı olan Bəxtiyar İskəndərzadə Almaniyada yaşayır, lakin Beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edir. 

Vəfat etmişdir:

Tarixdə bu gün - 17 noyabr1914 — İranda Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının (1905-1911) görkəmli xadimi, xalq qəhrəmanı Səttar xan qətlə yetirilmişdir.
Səttar xan 1866-cı ildə İranın Azərbaycan bölgəsinin Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə başçılıq edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdir.
1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan Milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Təbriz küçələrinə onların adları verilmişdir.
Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şeir və poemalar yazılmışdır.

 
Tarixdə bu gün - 17 noyabr1950 — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan şəxs-
Mir Mövsüm Ağa (. Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə) 67 yaşında vəfat etmişdir.
1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər. Məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
40 yaşına qədər Mir Mövsüm Ağa yeriyə və otura bilirdi. Amma kalsiumun çatışmazlığına görə çətinlik çəkirdi. 
Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.
Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbirstanlıq" deyilən ərazidə yerləşir. Ziyarətgah - kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb. Sovet rejimi onun məzarı üzərində məqbərə tikilməsinə icazə verməmişdir.
1992-ci ildə məzarın üzərində əvvəlcə kiçik məqbərə, daha sonra abidə ucaldılmışdır.

Tarixdə bu gün - 17 noyabr1970— 2 dəfə "Şərəf nişanı” ordenli müğənni, Xalq artisti Əlövsət Şirəli oğlu Sadıqov 64 yaşında vəfat etmişdir.
Əlövsət Sadıqov 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.
Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.
Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.
17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əlövsət Sadıqov II Fəxri Xiyabanda dəfn olunub

Tarixdə bu gün - 17 noyabr2006— Tanınmış aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 55 yaşında vəfat etmişdir.
Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir.
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.
Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin "Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. "Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı, "Lider” telekanalına üz tutdu və "Mikser” verilişini apardı.
Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirmiş, 55 yaşında Bakı şəhərində vəfat etmişdir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Bayramlar və xüsusi günlər:

 

17 noyabr Beynəlxalq Tələbə Günüdür. 
Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib. Beynəlxalq tələbə günü gənclik romantika şənlik günü kimi qəbul edilsə də onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib. Respublika günü münasibəti ilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədi ilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.
 

Tarixdə bu gün - 17 noyabr

 

17 noyabr Milli Dirçəliş Günüdür.
1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı...
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.