» » Tarixdə bu gün - 2 aprel

Tarixdə bu gün - 2 aprel

Müəllif: Vüsal от 2-04-2017, 00:15

2 aprel

İlin 92-ci (uzun illərdə 93-cü) günü.

Mühüm hadisələr:

1917 – ABŞ Birinci dünya müharibəsinə qoşuldu.
1918 – Van rus və erməni işğalından xilas edilir.
1992 - Azərbaycan Respublikası Çin ilə diplomatik əlaqələr qurmuşdur.
1992 - Azərbaycan Respublikası Yunanıstan ilə diplomatik əlaqələr qurmuşdur.
1992 - Azərbaycan Respublikası Danimarka ilə diplomatik əlaqələr qurmuşdur.
1993 - Azərbaycan Respublikasının ərazisi olan Kəlbəcər rayonu Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
1993 - Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı  günüdür. 28  il həsrətindən sonra  Kəlbəcər  azad olundu.

 

Tarixdə bu gün - 2 aprel

 

Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri qəbul elib, lakin həmin qətnamələr kağız parçası olaraq qalmaqdadır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

 
Doğum günləri:

1805 - Məşhur danimarkalı nağılçı Hans Xristian Andersen Odense şəhərində anadan olmuşdur.
Tarixdə bu gün - 2 aprel4 avqust 1875-ci ildə 70 yaşında Kopenhagendə vəfat etmişdir.
Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilmişdir.
Hans Xristian Andersen dünyanın ən məşhur nağılçılarından biridir. O, "Çirkin ördək balası”, "Çaxmaq daşı”, "Kibritçi Qız”, "Qalay əsgər”, "Düyməcik”, ”Su pərisi”, "Qar kraliçası”, "Kralın təzə libası”, "Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhurdur. Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir. Amma dahi nağılçının həyatı heç də nağıllardakı kimi olmamışdır. Adi bir başmaqçı olan atası oyuncaq hazırlamağı çox sevərdi. Atasının həyatdan erkən köçməsi ilə Hans uşaqlıq çağları ilə vaxtından əvvəl vidalaşmış və işləməyə məcbur olmuşdur. Daha sonra Hans Kopenhagenə köçmək qərarına gəlir. O, bütün asudə vaxtını kitabxanada keçirirdi. Beləliklə, Hans Kopenhagen universitetinə daxil olur və yazıb-yaratmağa başlayır. Onun əsərləri nəşr olunur və teatrlarda səhnələşdirilir.
Bu zaman Hans şəxsi həyatında ilk zərbəni alır. Belə ki, onun sevdiyi qız valideynlərinin təkidi ilə başqa biri ilə ailə qurur. Bu hadisədən kədərlənən Hans Xristian Andersen qəlbindəki yaraları sağaltmaq ümidi ilə Kopenhageni tərk edir. Lakin nə uzaq məsafələr, də nə zaman Andersenə kömək edə bilmir. Məşhur yazıçı olmaq ümidi ilə yaşayan Hans çoxlu əsərlər yazır və böyük qazanc əldə edir. Onun nağılları ilk dəfə Fransada, sonra digər ölkələrdə tanınır, yalnız bundan sonra yazıçının vətəni Danimarkada sevilir. Uşaqlar Andersenin nağıllarını əzbərləyir və bütün tanışlarına danışırdılar.
Andersen bütün həyatını tənha keçirdi, tənha və bədbəxt bir insan olaraq həyatdan köçdü. Amma dahi yazıçı özündən sonra zəngin irs - qeyri-adi və möhtəşəm nağıllar qoyub getdi.

1840 — Məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Tarixdə bu gün - 2 aprelZola Parisdə yoxsul bir ailədə dünyaya gəlmiş, lakin uşaqlıq illərini Fransanın Ekzi şəhərində keçirmişdir. Atası Venesiya immiqrantı mühəndis Fransua Zola, anası fransız Emili Ober idi. Atası erkən dünyasını dəyişdiyinə görə kiçik yaşlarından evin bütün yükü Emil Zolanın üzərinə düşmüşdü.
Emil Zola Burbon kollecində təhsil almışdır. Ədəbiyyata olan marağı məktəb çağında dram, poeziya və teatra olan marağı ilə başlayıb. Aleksandr Düma, Ejen Syu, Pol Feval kimi bir çox məhşur yazıçıların bütün kitablarını oxumuşdur. Məktəb illərində Pol Sezan və onun yaxın dostu Jan Batistin Bayl ilə tanış olur. Həmin bu üçlük Viktor Hüqonun əsərlərini oxuduqdan sonra onun şəxsiyyətindən təsirlənərək bir ilə kimi onu özlərinə ustad seçirlər. Alfred de Müsseni tanıyandan sonra onu böyük qardaş olaraq gördülər və yeni ustadları Müsse oldu. Zola həmin illərdə Pol Sezan və Jan Batistin Bayla aid bir neçə şeir yazmış; Səlibçilər haqqında roman yazmış, sevgilisini ən yaxın dostunun qollarında görən gəncdən bəhs edən "Rodofo" adlı şeiri yazmışdır. Çiçək kimi açan iki sevgilidən bəhs edən "La Provans"ı 1859-cu ildə nəşr olundu. Ardınca fəhlə sinfi qızlarından bəhs edən, real hekayə olan "Les Grisettes de Provence" adlı əsərini yazdı. 1860-cı ildə isə "Perrette"ni bitirdi.
Ailəsinin tanışları sayəsində təhsilinə Parisdəki Sent-Luis liseyində davam edən Zola məktəbi bitirdikdən sonra universitetə qəbul olmaq üçün iki dəfə imtahan verməsinə baxmayaraq, onun bütün cəhdləri uğursuz olmuşdur. Bundan sonra təhsilinə davam edə bilməyən Zola iş axtarmağa başlayır. İşsizlikdən əziyyət çəkən Zola özünü bir çox peşələrdə sınayır. İki il işsiz qalan Zola 1862-ci ildə yeni yaradılan "Hachette" Nəşriyyat Evində çalışmağa başlayır. Digər tərəfdən isə qəzetlərdə sənət və ədəbiyyat tənqidləri dərc edirdi. Eyni zamanda Emil Zola ara-sıra yazılar yazmağa başlayır. Bu yazılar onun ilk əsərləri idi. Buraya "Ninonun nağılları", "Marsın sirləri", "Ölənlərin vəsiyyəti" kimi əsərlər daxildir. Lakin bu əsərlərin heç biri ona uğur gətirmir. Sadəcə olaraq onun imzasını oxuculara tanıtdırır. Bu iş yerində yüksələrək nəşriyyat evinin təqdimatlarından məsul şəxs olur. 1866-cı ildə yalnız yazıçı kimi fəaliyyət göstərməyi qərara alana kimi həmin nəşriyyat evində çalışır.
Milli qəhrəmana çevrilən Zola 1902-ci il 29 sentyabrda qaldığı otelin yataq otağında dəm qazından zəhərlənərək vəfat etmişdir.

 Tarixdə bu gün - 2 aprel1854– Görkəmli yazıçı və dramaturq Nəcəf bəy Vəzirov Şuşa şəhərində anadan olmuşdur.
Vəzirov ilk təhsilini dini məktəbdə almışdı. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata–anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.
Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H. Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: "1873–cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm".
1874–cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur. N.Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H. Zərdabinin təşəbbüsü ilə "İmdadiyyə" adlı dərnək təşkil edir.
1878–ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N. Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda möbahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.
Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir. 1913–cü il noyabr ayının 15–də "Şəfa" maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N. Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır. Bu illərdə o, "Pul düşkünü Hacı Fərəc" komediyasını, "Təzə əsrin ibtidası" dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin "Xəsis" komediyasını "Ağa Kərim xan Ərdəbili", fransız məzhəkəsi "Vəkil Patelen" i isə "Dələduz" adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel inqilabından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez–tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.
1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 9–da orada ürək partlamasından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 12–də dəfn olunmuşdur.

Tarixdə bu gün - 2 aprel1899 - Türk roman və hekayə yazıçısı. "Server Bedi" təxəllüsü ilə çıxış etmiş yazıçı və jurnalisti Peyami Safa anadan olub. Yazıçı atasının Sivasa sürgün edilib 8-ölməsinin ardından 1901-ci ildə - 2 yaşında ikən yetim qalmış və "Yetim-i Safa" adı ilə xatırlanmışdır. Yetim qalmasının ardından 8 yaşından 17 yaşına qədər ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Daha sonra bu günlərindən bəhs edən "9-cu Xariciyyə Koğuşu" adlı romanını yazacaqdır. Xəstəlik və müharibə üzündən təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa İdadisindəki təhsilini yarımçıq buraxdı. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbər-i İttihad Məktəbində müəllimlik etməyə başlamışdır. Dörd il bu məktəbdə işləyən Peyami həm özü öyrənmiş, həm də fransızca öyrənmişdir. Bu dövrü haqqında "Biz insanlar" əsərində məlumat vermişdir. 1918-ci ildə qardaşı İlhami Safanın istəyi ilə müəllimliyi buraxmış və "XX Əsr" adlı axşam qəzetində "Əsrin hekayələri" başlığı altında hekayələr yazmağa başlamışdır. Əvvəl bu hekayələri imzasız yazsa da, daha sonra Server Bedi təxəllüsünü istifadə etməyə başlayan Peyami Safa 1921-ci ildə "Son Teleqraf", oradan da "Təsviri Efkar" qəzetinə keçmişdir. Bu qəzetdən də ayrılaraq "Cümhuriyyət" qəzetində 1940-cı ilə qədər lətifələr, kiçik hekayələr və romanının ayrı hissələrini nəşr etdirmişdir.
1960-cı illərdə "Milliyyət" də daxil müxtəlif jurnal və qəzetlərdə yazan Peyami Safa daha sonra "Son Havadar" qəzetinə keçmişdir(1961). Həmin il Ərzurumda əsgərlik edən oğlu Mervenin ölümündən sarsılan Peyami 2-3 ay sonra İstambulda vəfat etmişdir.
İlk romanlarında kommunist baxışlarını yaysa da 1931-ci ildə xəstənin vəziyyətindən bəhs edən yarı avtobioqrafik romanı olan "9-cu Xariciyyə Koğuşu" əsəri çap olundu Daha sonra 1929-1939-cu illərdə "Mahşer" (1924), "Şimşək" (1928), "Fateh-Hərbiyyə" (1931) və "Biz İnsanlar" (1939) adı romanları nəşr olundu. Romanlarında fikri önə çəkməsi tənqidə məruz qalmışdı. İkinci dünya müharibəsindən sonra "Maqmazel Noraliyanın qoltuğu" (1949) romanı ilə mistizmə yönəldi.
İlk romanı olan "Gəncliyimiz"i 1922-ci ildə nəşr etdirən Peyami Safa pul qazanmaq məqsədi ilə yazdığı kitablarda ilk dəfə qardaşı İbrahim Safanın istifadə etdiyi və anasının adı olan Server Berdi təxəllüsünü istifadə etmiş və bu təxəllüslə bir çox roman yazmışdır. Bunlar arasında ən tanınmışları "Cingöz Recai "macəra romanları ilə "Cumbadan Rumbaya" adlı romanı olmuşdur.

Tarixdə bu gün - 2 aprel1929 — Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, "Sağlamlıq" verilişlərinin aparıcısı olmuş Əlfəddin Abdullayev 1929-cu ildə Oğuz rayonunun Xal-xal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.
1950-ci ildə institutu bitirmiş, təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandq rayonuna işə göndərilmişdir. Əvvəllər Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir. Üç il Qazaxıstanda işlədikdən sonra 1955-ci ildə Azərbaycana, doğma rayona qayıtmışdır. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləmişdir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur və 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləmişdir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olmuşdur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləmiş, tələbələrə dərs demişdir. 1965-ci ildən 1969-cu ilə qədər Azərbaycan Tibb Universiteti "Tibb kadrları" qəzetinin redaktoru olmuşdur. 1970-ci ilin iyulun 1-dən Bakı şəhəri Fuad Əfəndiyev adına 4 saylı klinik xəstəxanasının baş həkimi təyin olunmuş və həmin tarixdən əvvəl işlədiyi kafedrada əvəzçilik üzrə yarım ştat ilk vaxtlar assisent, sonra isə dosent işləmişdir.
SSRİ dövründə Ali Sovetin deputatı olub. Uzun illər "Sağlamlıq" verilişlərinin aparıcısı olmuşdur.
Əlfəddin Abdullayev 2014-cü ildə 85 yaşında Bakı şəhərində dünyasını dəyişmiş və  doğulduğu Oğuz rayonunun Xal-xal kəndində torpağa tapşırılıb.

Tarixdə bu gün - 2 aprel1931 —  Azərbaycan seysmologiyasının  banlsi,  Şamo Rəhimov   (Xalq yazıçısı Süleyman Rəhimovun oğlu)Bakıda  anadan olub.Həmin vaxt atasının "Şamo" romanının ilk variantı dərc olunmuşdur. Elə ona görə də atası Süleyman Rəhimov dünyaya gələn oğluna Şamo adını verir.
Ailədə altı uşaq olublar: dörd qardaş - Oqtay, Şamo, Arif, Aqil və iki bacı - Şəfiqə, Rəfiqə.
1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Hələ gənc yaşlarından dünya şöhrətli seysmoloq kimi tanınmışdır. Onun zəlzələ ocağında gedən proseslər, zəlzələlərin oxunuşu, lava dalğaları, seysmik rayonlaşdırma xəritələrinin qurulması və tərtibi sahəsində böyük xidmətləri var.
1958-ci ildə səthi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş "Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətinin dispersiyasının eksperimental öyrənilməsi" mövzusunda yazdığı elmi əsərində səthi dalğalar sürətlərinin fazasının təyin edilməsində əvvəlki üsulların effektsiz olduğunu sübut etmişdir.
O, Reley və Lyava səthi dalğaları üzrə zəlzələnin episentrinə istiqamətlərin təyini üsulunu işləyib hazırlayıb. 1962-ci ildə Reley qrupu dalğalarının yeni seriyasını aşkar edərək onların xüsusiyyətlərini səciyyələndirib Onun işləyib hazırladığı üsullar Azərbaycanın seysmik rayonlaşdırılması üçün baza olmuşdur. Şamo Rəhimov Azərbaycan üzrə seysmostatistik məlumatlar əsasında yer qabığının öyrənilməsinin yeni üsulunu da işləyib hazırlamışdır. Bu üsul 1961-1963-cü illərdə Azərbaycanda baş vermiş on güclü dağıdıcı zəlzələnin məlumatlarının öyrənilməsi əsasında həyata keçirilib sübut olunmuşdur.
Eyni gücə malik yeni-yeni zəlzələlərin tədqiqatlarını davam etdirərək, bu üsulun, həmçinin tektonik qırılmaların aşkar olunmasına və onların yer qabığında aşkar edilməsinə imkan yaratdı. Doktor Şamo Rəhimovun bir sıra işləri planetin quruluşunun fundamental probleminin həllinə yönəldilmişdir. Bunlar seysmologiyada "qlobal və lokal" dalğaların olması haqqında yeni təsəvvürlərin meydana çıxmasını mümkün etdi.
Alim az vaxtda müasir seysmologiyanın inkişafı üçün çox iş görmüşdür. Şamo Rəhimovun əsərləri orijinallığı, elmi fikrin dərinliyi, baxışların təzəliyi, problemlərin müfəssəl və dəqiq işıqlandırılması il eçilirdi. Tədqiqatlarının nəticələri birmənalı olaraq beynəlxalq miqyasda qəbul edilmişdir. Doktor Şamo Rəhimov qeyri-adi və geniş intellektə malik insan idi.O, SSRİ Elmlər Akademiyası Seysmologiya Şurasının seysmik müşahidələr vahid şəbəkəsi komissiyasının, Qafqazın dərinliyinin seysmikasını öyrənən komissiyanın, SSRİ Elmlər Akademiyası Geologiya Şurasının, SSRİ Elmlər Akademiyası Regional Şurasının Qafqaz bölməsinin inkişafı və öyrənilməsi komissiyasının üzvü idi.
Ölməmişdən əvvəl 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun fəaliyyəti beynəlxalq aləmin də diqqətini cəlb etmiş və onu seysmologiya sahəsində ən məşhur alimlərdən biri kimi qəbul etmişdilər.
Görkəmli seysmoloq, professor, ABŞ Prezidentinin elm üzrə məsləhətçisi Frank Press Şamo Rəhimovu Amerikaya dəvət etmiş, lakin Sovet hakimiyyəti ona xaricə getməyi icazə verməmişdi. Buna baxmayaraq, ABŞ-ın Seysmologiya Cəmiyyəti Azərbaycan Elmlər Akademiyasına, Şamo Rəhimova öz aylıq bülletenini göndərirdi. Hətta ölümündən sonra azı 11 il də bülletenlərin Şamo Rəhimovun ünvanına göndərilməsi davam etmişdir. Qeyd edək ki, Şamo Rəhimov Frank Press və müəllimi M.Yuinqin səhvlərini, Yer quruluşunun öyrənilməsindəki metodların əsaslarının etibarsızlığını sübut etmişdi. Doktor Şamo Rəhimov bu barədə öz üsulunu təklif etmiş və yeni əsaslı düstur çıxarmışdı. Bir qədər sonra isə Amerika alimlərindən professor İ.Dorman, M.Evinq və eləcə də Frank Press, M.Yuinq də Şamo Rəhimovun bu yeni kəşflərini təsdiq etmişdirlər.
2002-ci ildə ABŞ-da çap olunmuş "Seysmologiya və mühəndisi seysmologiya" məlumat kitabında seysmoloqların XX əsrdə əldə etdikləri əsas nəticələrinə həsr olunmuş fəsildə, azərbaycanlı alim İkram Kərimovun təqdim etdiyi bioqrafik arayış dərc edilmişdir ki, orada da Şamo Rəhimovun nailiyyətləri öz əksini tapmışdır.
Şamo "Nizami" adlı dram, "Cahanşah" adlı poema da yazmışdı.
 

Tarixdə bu gün - 2 aprel1965  Görkəmli  teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aktrisası Azərbaycanın Respublikasının Xalq artisti Pərvanə Yaqub qızı Qurbanova anadan olmuşdur.

1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır:
Maral "Maral” (Cəfər Cabbarlı)
Firəngiz "Oqtay Eloğlu” (Cəfər Cabbarlı)
Sevinc "Sənsiz”(Şıxəli Qurbanov)
İncixanım "Atabəylər” (Nəriman Həsənzadə)
Əfsanə "İtgin gəlin” (Əlibala Hacızadə)
Narınc "Yandırılmış adam”(Əlibala Hacızadə)
Aqasiya "Odu atma, Promitey”(M.Kərim)
Nazan "Yad qız”(Orhan Kemal)
Gülqönçə "Cavad xan”(Nüşabə Məmmədova)
Ülviyyə "Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova)
Şahnaz "Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev)
Gənc qadın "Qana-qan”(Bukovça)
Həcər xanım "Eşq və İntiqam”(Süleyman Sani Axundov)
Qadəm "Qatil”(Elçin Əfəndiyev)
Firuzə "Ölüm hökmü”(Elçin Əfəndiyev)
Həvva "Varlı qadın” (Elçin Əfəndiyev)
Qətibə "Şeyx Nizami”(Oqtay Altunbay)
Qızılgül "Balaca şahzadə”(Antuan de Sent-Ekzüperi)
Şəhrəbanu "Müsyo Jordan və dərviş Məstəli şah”(Mirzə Fətəli Axundov)
Pırpız Sona "Dəli yığıncağı”(Mirzə Cəlil) və s.
Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir.

Tarixdə bu gün - 2 aprel1974— "AzerGold" Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin sədri Zakir Zaur oğlu İbrahimov Bakı şəhərində anadan olub.
1990-cı ildə Leninqrad Dövlət Üniversitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.
2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.
Fəaliyyəti
1993 – 1995-ci illərdə "TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə mütəxəssis vəzifəsində çalışıb.
1995 – 1998-ci illərdə "Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıb.
1998 – 2002-ci illərdə "Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003 – 2004-cü illərdə "EUPEC PipeCoating Azerbaijan BM” Baş direktorun müavini vəzifəsində çalışıb.
2004 – 2005-ci illərdə "Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar, İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
2005 – 2006-cı illərdə Moldova Respublikasında "Azpetrol SRL” şirkətində Baş direktor vəzifəsində çalışıb.
2006 – 2009-cu illərdə "EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
2009 – 2016-cı illərdə "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
26 may 2016-cı il tarixindən etibarən "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

Vəfat etmişdir:

1872 - Amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı Samuel Morze vəfat etmişdir.
 
2005 - Roma Papası - ilahiyyat elmlər doktoru Papa II İohan Pavel 85 yaşında Vatikanda vəfat etmişdir.
 
2016Aprel döyüşləri və ya Dördgünlük müharibə


2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
Zəmin
Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.[22] Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.
Erkən döyüşlər
Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.[27]. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.[28] Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.
Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.
Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.
 

Tarixdə bu gün - 2 aprel

Əməliyyatların dayandırılmasından sonra başlanılan döyüşlər
Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib. Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Atəşkəs
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər. Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.
2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilib və 500-dən artıq döyüşçüsü yaralanıb.

Tarixdə bu gün - 2 aprel

  

Tarixdə bu gün - 2 aprel

  

Tarixdə bu gün - 2 aprel

 

Tarixdə bu gün - 2 aprel


Tarixdə bu gün - 2 aprel2016 — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Sahil Həsrət oğlu Şirinov 23 yaşında ikən Aprel döyüşləri zamanı torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb.
Sahil Şirinov 1992-ci ilin 24 iyun günündə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır.
Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

  

Bayramlar və xüsusi günlər


Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. 

Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək üçün təsis edilib.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib.
XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlanmışdır. D.Defo və C.Sviftin "böyüklər” üçün yazılmış "Robinzon Krunzo” (1719-cu il ) və "Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub.Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. 1846-cı ildən başlayaraq H.X.Andersenin qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər.Sonralar yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artırıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunmuşdur.
Hazırda Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.

Tarixdə bu gün - 2 aprel

 

2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür

 

Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. İctimai Birliyimiz tərəfindən əldə etdiyimiz qeyri-rəsmi statistikamıza əsasən ölkəmizdə təxmini 4000 yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyata alınmışdır. Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutmuşdur.Hesablamalara görə bu il uşaqlarda aşkar ediləcək autizm xəstəliyi QİÇS,diabet,və xərçəng xəstəliklərinin ümumi sayından çox olacaqdır. İctimai Birliyimiz tərəfindən aparılan irimiqyaslı "Autizm maarifləndirmə”layihələri Bakıda və regionlarda dayanmadan həyata keçirilməkdədir.

  2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur.Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki,ölkəmizdə də geniş  miqyasda qeyd edilir.2012-ci ildə Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-də Beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır”aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuş və Milli Parkdakı binalardan biri Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır.2013-cü ildə isə H.Əliyev Fondu,UNİCEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin  birgə layihəsi əsasında Bakı Four Seasons Oteli mavi işıqla işıqlandırıldı.Artıq dördüncü  ildir ki,həyata keçirilən "Mavi işıqla işıqlandır” "aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür.Həmin gün Yer kürəsinin müxtəlif ölkələri

öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırırlar.

İctimai Birliyimiz artıq bir neçə ildir ki,2 Aprel Dünya Autizm Günü ilə əlaqədar olaraq geniş tədbir keçirərək autizm sindromu haqqında , bu sindromla mübarizə yolları, valideynlərə düzgün istiqamət göstərmək, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti , xəstələrə dövlət tərəfindən nəzarətin hansı səviyyədə olunduğu və s. məsələlər haqda geniş müzakirələr aparmışdır.
2 Aprel Autizm Məlumatlandırma Günü ilə əlaqədar saat 11.00-da İctimai Birliyimizdə geniş tədbir keçiriləcək.Tədbirə dövlət qurumlarının nümayəndələri,QHT-rəhbərləri,valideynlər və KİV-nümayəndələri dəvət olunmuşdur.

 

Gəlin, hər 2 aprel  günü autizmli uşaqlarla birgə olaq!  

 

Tarixdə bu gün - 2 aprel

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 91
  • Məqalələri: 1295
^

Aprel döyüşləri Milli Ordumuzun taktikivə mənəvi hazırlığını, hərbi-strateji potensialını nümayiş etdirdi. Birmənalı olaraq Aprel döyüşlərini Böyük Qələbəmiz üçün "baş məşq" hesab etmək olaraq. Bu döyüç eyni zamanda dünyanın sabitliyi üçün məsul olan dünya güclərinə, Beynəlxalq hüquqa Azərbaycanın ədalətli və qətiyyətli niyyətli mövqeyini ortaya qoydu.Biz Beynəlxalq hüquqa, bəşəri Sülhə etimad bəsləyirik.Əgər işğalçı orduya dünya təsir edə bilməyəcəksə, Azərbaycan müdafiə doktiranaslndan istifadə edərək öz torpqalarını işğalçılardan təmizləyəcək və ərazi bütövlüyünü təmin edəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət etsin...
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.