» » Tarixdə bu gün - 2 dekabr

Tarixdə bu gün - 2 dekabr

Müəllif: Vüsal от 2-12-2017, 00:15
 
2 dekabr

İlin 336-cı günü (uzun illərdə 337-ci).
İlin sonuna 29 gün qalır.

Mühüm hadisələr

1920 — Türkiyə və Ermənistan arasında Gümrü (Aleksandropolis) müqaviləsi imzalanmışdır.
1935 — Sovet İttifaqı Kommunist Partiyasının XV qurultayı işə başlamışdır.
1982 — Kamran Bağırov Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir.
1990 — Bakılı kosmonavt Musa Manarov "Soyuz TM-11" kosmik gəmisində ilk uçuşunu həyata keçirmişdir.
1996 — ATƏT-in Lissabon zirvə görüşü işə başlamışdır.

Doğum günləri

Tarixdə bu gün - 2 dekabr1919  SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur.
Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919-08.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli "Vətən Müharibəsi" ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.
Moskva şəhərindən hərbi xidmətə çağırılmışdır. Tağım komandiri kimi qulluq etmiş, 1943-cü ildə həlak olmuşdur.
Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir.
"Əzizim Nəcəf! Əgər mənim yaşamağıma imkan olacaqsa, səni elə tərbiyə etməyə çalışacağam ki, insanlıq üçün daha böyük işlər görəsən. Əgər alnıma ölüm yazılıbsa, ümid edirəm ki, sən də insanlar üçün atanın göstərdiyi azacıq xidmət boyda iş görə biləcəksən".
Bu sözlər Nərimanovun oğluna yazdığı son məktubundandır. 
Nərimanov inanırdı ki, onun oğlu həyatını insanlara həsr edəcək və oğlu bu inamı doğrultmuşdu . 
 

Tarixdə bu gün - 2 dekabr1938  Görkəmli publisist, şair Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu) Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. M.T.Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957-1962) təhsilini davam etdirib.

İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib.

Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-1992), "Meydan" qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb. 1990-1993-cü illərdə açıq fikirli cəsarətli yazılarına görə hakimiyyət tərəfindən ağır təzyiqlərə məruz qalıb.

Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsindədir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə 1995-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülüb. Respublika Prezidentinin 2005-ci il 21 iyul tarixli 924 nömrəli sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilib. 2007-ci ildə Milli Müdafiə Nazirliyinin ordu quruculuğu ilə əlaqədar keçirdiyi "Ən yaxşı publisist yazılar" müsabiqəsində birinci dərəcəli mükafatın qalibi olub.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub. 2009-cu il dekabrın 25-də Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi kimi, "Azərbaycançılıq ideyası milli həmrəyliyin təməl prinsipləridir" mövzusundakı publisist yazısına görə diplomla təltif edilib. 22 iyul 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ilə əlaqədar Əməkdar jurnalist adına layiq görülüb.

Zeynal Vəfa poeziya sahəsində fəaliyyətə 12 yaşından başlasa da "Tunc altı" adlı ilk şeiri 1955-ci ildə "Şərq Qapısı" qəzetində işıq üzü görüb. 1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Şer və poyemaları rus, ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərdə dərc olunub. Avropa və Asiya şairlərindən xeyli poyetik tərcümələri var.

"Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən","Körpələrin xətrinə","Beşiklərdən gələn səslər","Ömrün beşinci fəsli","Millətin xilaskarı"(Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən poyema), "O dünyaya xəbər verin gələn var" və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70 mahnı bəstələnib. Yüksək vətənpərvərlik ruhu ilə dolu şer və poyemaları respublikamızın müxtəlif mətbu orqanlarında, həmçinin "Ulduz" və"Azərbaycan" jurnallarında müntəzəm olaraq dərc edilməkdədir. Hazırda publisist yazılarından, yeni şer və poyemalarından ibarət "Kişilərimiz və kişiliyimiz" və "Bir insan ömrünü yaşaya bilsəm" adlı seçilmiş əsərləri öz nəşrini gözləməkdədir.


Tarixdə bu gün - 2 dekabr1953 Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazovanadan olmuşdu. Orta məktəbi birirsikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olmuş və Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahı rəissinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Tarixdə bu gün - 2 dekabr1969   Milli Qəhrəman Yusif Əliyusif oğlu Əliyev  Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.
Yusif Əliyev 1991-ci ilin fevralında Goranboyda ilk döyüş sınağından çıxır. Erməni quldurları tez-tez Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Onların aramsız hücumlarının qarşısının alınmasında Yusif də qəhrəmanlıq nümunəsi göstərmişdir. 1991-ci il 14 sentyabrda Buzluq kəndinə düşmən hücumun dəf edilməsi uğrunda gedən çarpışmalarda Yusif əbədilik olaraq gözlərini yumdu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Yusif Əliyusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
qəhrəman Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Yusif Əliyev haqqında "Yaddaş” studiyasında "Vətənə bağışlanan həyat” adlı sənədli film çəkilmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 2 dekabr1929  Şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan  Qaradaği 81 yaşında Şuşa şəhərində vəfat etmişdir.
Həsənəli xan 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olmuşdur.
Müəllim, dərslik müəllifi, şair, təecüməçi, jurnalist, xəttat, teatr xadimi kimi çoxsahəli yaradıcılıq qabiliyyətinə malik bir şəxs olmuşdur.
Həsənəli xan Qaradaği həm də "Təzkireyi-Qaradaği"nin müəllifidir. Burada qədim Qarabağ şairlərinin tərcümeyi-halı yazılmış, əsərlərindən seçmələr daxil edilmişdir. Azərbaycan ədəbiyyatşünaslığı Həsənəli xan Qaradağiyəı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata görə çox  borcludur.  Sarı Aşıq haqqında ilk məlumatı  məhz Qaradaği vermişdir. Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də Həsənəli  xan Qaradağidir. Bu xidmətinə görə onu ilk folklorşünas da adlandırmaq olar.
Həsənəliağa Xan Qaradağski İ.A.Krılovun 60-dan artıq təmsillərinin tərcüməçisi, K.D.Uşinskinin , A.Y.İzmaylovun , A.A.Pçelnikova adı ilə şeir və hekayələrinə imza atan A.A.Seydlerin , L.N.Modzalevskinin  hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur:
 

1996  — Görkəmli Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Məlik Yusif oğlu Dadaşov 72 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 2 dekabrMəlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.

"Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə "Ölülər" pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.

Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.

Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.

"Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) "sovetin" mükafatını ala bilməz. Və bir də "Dəli Kür"dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.

M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.

Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.

 

Tarixdə bu gün - 2 dekabr[hide][/hide]1998—  Aramızdan vaxtsız köçmüş istedadlı şair, jurnalist, teleaparıcı, yazıçı-publisist,    "Qızıl Qələm” mükafatı laureatı Malik Fərrux oğlu İbrahimov 50  yaşında vəfat etmişdir.

Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz” jurnalında çap etdirdiyi " Qartalli Dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri” redaksiyasinda redaktor, baş redaktor vəzfilərində çalışmışdır.

О, dörd il televiziyanın " Ekran” divar qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər”, "Sari güllər”, "Sən də tufanla oynama”, "Polismen”, "Qar yağır”, "Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.


Tarixdə bu gün - 2 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.