» » Tarixdə bu gün - 01 sentyabr

Tarixdə bu gün - 01 sentyabr

Müəllif: Vüsal от 1-09-2017, 00:15

01 sentyabr

Mühüm hadisələr:

1714 – Rusiyada ilk kitabxana istifadəyə verilmişdir.
1763 – Rusiyanın Kraliçası II Yekaterina Moskvada Atılmış uşaq Evi üçün İvan Betskoyun planlarını təsdiq etmişdir.
1868 – Qalatasaray liseyinin açılışı olmuşdur.
1919 –
Azərbaycan Demokratik Respublikasının parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu.
1951 – Londonda dünyada ilk supermarket fəaliyyətə başlamışdır.
1962 – İranda zəlzələdə 20 000 nəfər həlak olur.
2004 – Silahlanmış terroristlər yüzlərlə məktəbliləri və böyükləri Şimali Osetiyada (Rusiya) Beslan şəhərində girov götürür, 331 nəfər o cümlədən 31 terrorçu və FTX əməkdaşı həlak olur.
1992 – Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurmuşdur.

Doğuml günləri:

Tarixdə bu gün - 01 sentyabr1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə Bakıda dənizçi ailəsində anadan olub. O, balaca olanda İməhərrəmlik günlərində məhlə uşaqlarından ibarət tamaşaçılar qarşısında tez-tez səhnəciklər düzəldirmiş. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadır.
İsmayıl Hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru Hüseyn Ərəblinskiyə bənzədirdi. Cəfər Cabbarlının ciddi təhriki ilə İsmayıl Hidayətzadə xarakter rollar oynamağa keçmiş, "Sevil”dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənmişdi. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd ("Almaz”, "1905-ci ildə”, "Oqtay Eloğlu” və "Dönüş”, Cəfər Cabbarlı), Şvandiya ("Lyubov Yarovaya”, Konstantin Trenyov), Şmaqa ("Günahsız müqəssirlər”, leksandr Ostrovski), Hacı Qara ("Hacr Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro ("Topal Teymur” və "Knyaz”, Hüseyn Cavid), Pyer ("İki yetimə”, Adolf D'Enneri və Germon), Rəmzi ("Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla ("Ölülər”, Cəlil Məmmədquluzadə) Baron ("Yurdsuz insanlar”, Maksim Qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib.
"Almaz” filmində Şərif roluna çəkilib. Aktyor yaradıcılığına görə Azərbaycan Respublikasının əməkdar artisti (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə xalq artisti (4 dekabr 1938) fəxri adları ilə təltif olunub.
İsmayıl Hidayətzadə 1 noyabr 1951-ci ildə Bakıda vəfat edib. 
 
1920  — Məşhur Azərbaycan tarixçisi, Milli Elmlər Akademiyasının  müxbir  üzvü Mahmud Əliabbas oğlu İsmayılov Şəkidə anadan olmuşdur.

1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almışdır. O, 1941-ci ildə təhsilini başa vurub Qusar Tarixdə bu gün - 01 sentyabrrayonunda tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1942-ci ildə orduya çağırılaraq İkinci Dünya müharibəsində iştirak etmişdir.

Mahmud İsmayılov 1946-cı ildə ordudan tərxis edilmiş və həmin ildən ömrünün sonunadək həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda laborantlıqdan institutun direktoru müavinliyinə qədər müxtəlif vəzifələr tutmuşdur.

Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1960-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin öyrənilməsinə həsr etdiyi əsərlərinin tarixşünaslığımızda xüsusi yeri vardır. Alimin Azərbaycan iqtisadiyyatının, xüsusilə də neft sənayesinin inkişafı tarixinə dair apardığı tədqiqatlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, çoxcildlik "Azərbaycan tarixi”nin müəlliflərindən və redaktorlarından biri idi. Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı dövrdə Mahmud İsmayılovun çap etdirdiyi elmi-publisistik yazıları tarixi saxtalaşdıran erməni millətçilərinə tutarlı cavab idi.

Mahmud İsmayılov bir sıra beynəlxalq elmi konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir. O, elmi fəaliyyəti pedaqoji işlə uğurla əlaqələndirirdi. Alimin Bakı Dövlət Universitetində, Azərbaycan Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında oxuduğu mühazirələr gənc tarixçilərin azərbaycançılıq ruhunda tərbiyə edilməsi işinə xidmət göstərmişdir. Onun rəhbərliyi altında bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.

Mahmud İsmayılov bədii yaradıcılıqla da məşğul olurdu. Azərbaycan xalqının keşməkeşli taleyi, böyük tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyəti onun romanlarında öz əksini tapmışdır.

Mahmud İsmayılovun tarix elminin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O,  Əməkdar elm xadimi  adına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmişdir.

16 avqust 2001-ci ildə vəfat etmişdir.


 Tarixdə bu gün - 01 sentyabr 1930 ‎— Tanınmış nasir, dramaturq və publisist Oqtay Salamzadə Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb.
Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953-1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959-1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963-1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib.
Oqtay Salamzadə 1977-1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979-1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984-1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988-1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989-1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.
O, 1993-cü ildən ölümünədək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini, Hacı Zeynalabdin Tağıyev Xatirə Mərkəzinin prezidenti vəzifələrini icra edib. Bir sıra cəmiyyətlərin fəxri doktoru, mətbu orqanların heyət üzvü olub.
Həmçinin Oqtay Salamzadə 1964-cü ildən "Qızıl qələm" və digər media mükafatlarının təsisçisi və təltif komissiyasının sədri olub. Dəfələrlə Bakı Sovetinə deputat seçilmişdir. Keçmiş SSRİ jurnalistlərinin Bolqarıstan, Çexoslavakiya və Hindistan ölkələrinə səfərə çıxan nümayəndə heyətinin tərkibində olmuşdur.

Ədəbi fəaliyyəti

Oqtay Salamzadənin ilk irihəcmli mətbu əsəri "Tahirə" povesti 1956-1957-ci illərdə "Azərbaycan gəncləri" qəzetində təfriqə halında çap olunmuşdur. Onun 1979-cu ildə qələmə aldığı "Aqibət", 1980-ci ildə "Ən gözəl gün", 1988-ci ildə "Gələsən, görəsən" pyesləri respublika dövlət teatrlarında tamaşaya qoyulmuşdur.

Əsərləri

"Bizim nəsil" (1958)
"Qızıl torpaq" (1963)
"Sənin məhəbbətinlə" (1965)
"İsgəndərin övladları" (1968)
"Kirovabad" (1973)
"İkinci güllə" (1981)
"Dünyanın zinəti" (1983)
"Odlu peşə" (1986)
"Əsrlərin sirri" (1989)
"Sevgi iztirabı"

Habelə Oqtay Salamzadə "Karvan" jurnalında "Sevgi iztirabı" romanını (1992, №13,14,26,27), dilimizə çevirdiyi "Qurani-Kərim" anlamını (1990-1991, №13-24), Füzulinin "Hədiqətüs-süəda" əsərini (1992, №28-39) dərc etdirmişdir.
Oqtay Salamzadə Beynəlxalq Jurnalıistlər Təşkilatının Qızıl medalı, "Xam torpaqların fəthinə görə" medalı və Azərbaycan Respublikası Ali Sovetrinin Fəxri fərmanları ilə təltif edilmişdir. Həmçinin 1992-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin "Xeyriyyə" mükafatına, 1993-cü ildə Azərbaycan-İran Mədəniyyət Mərkəzinin Tusi adına, Məmməd Araz adına və sair mükafatlaa ayiq görülmüşdür.
Oqtay Salamzadə 2012-ci il aprelin 2-də 82 yaşında vəfat edib.

Tarixdə bu gün - 01 sentyabr1931 – Tanınmş aktyor  Fazil İdris oğlu Salayev Bakıda dünyaya gəlib.

Əslən Cənubi Azərbaycandandır. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış.Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur.Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, musiqili Komediya Teatrına üz tutur.

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər" filmində Mehdi,"Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir. Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları,gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib,sevilə-sevilə baxılır.Çox acı təsadüf oldu ki, sənətkar 1976-ci il iyunun 20-də 44 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata "əlvida” dedi.

 

Tarixdə bu gün - 01 sentyabr1945 — Tanınmış aktyor, Xalq artisti Vidadi Hüseyn oğlu Əliyev
Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub.
Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb. "Bayquş gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də ata obrazlarını yaradıb. Rejissor kimi böyük bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A.Makayonok), "Əkizlər" (P.Paçev), "Qısqanc ürəklər" (M.Haqverdiyev), "Təklif" (A.P.Çexov), "Oğru" (M.Birkiyev) və s.


Tarixdə bu gün - 01 sentyabr1949— Sevimli aktyor, Azərbaycanın Əməkdar artisti Atabala Osman oğlu Səfərov  anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb.

1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir.

1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir.

Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir.

 

Tarixdə bu gün - 01 sentyabr1950 Vahid Yusif oğlu Ələkbərov Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olmuşdur.


Tarixdə bu gün - 01 sentyabr1951 — Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Kərimov Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil almışdır.
Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışmışdır.
1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi.Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən Kazımağa üçün bu döyüşlər əsl hünər məktəbi oldu - keçmiş Şamuyankənd rayonunun azad olunmalı idi. Bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Onu Hərbi Hospitala çatdırılır. Həkimlərin bütün səylərinə baxmayaraq, Kazımağa 15 iyun1992-ci ildə - ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Ölümündən bir həftə sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verildi.
Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən onun adına Bakı şəhərində küçə verilmişdir. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır.
Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü qoyulub.

Tarixdə bu gün - 01 sentyabr1969 – Natiq İlyas oğlu Əhmədov işgal edilmiş Qarabağ torpaqları  - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Cəbrayıl rayonları uörunda  gedən  döyüşlərdə  şəhidlik mənsəbinə uçalmış  qəhrəman oğullarımızdan biridir,   Azərbaycanın Milli Qəhrəmanıdır.  Natiq Əhmədov Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur.
Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbi xidmətdə olmuşdur.
Qarabağ uğrunda döyüşlər başlayanda  o da mənfur düşmənlərə qarşı döyüşlərə atılmışdır.  Natiq düşmənlərə qarşı  bir neçə əks hücumlarda iştirak etmişdir.
26 sentyabr 1991-ci ildə Nadir Əsgərandan Xocalıya gedərkən onun içərisində olduğu maşın erməni quldurlrının  pusqusuna   düşmüş,  ermənilər   maşını sürəkli atəşə tutmuşlar. Natiq aldığı qəfil güllədən  vəfat etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.
 
Tarixdə bu gün - 01 sentyabr1970 — Azərbaycan aktrisası, Azərbaycanın Əməkdar artisti Xatirə Bəylər qızı Süleymanova Sumqayıt şəhərində anadan olub.
1977-1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983-88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb.
1989-94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb.
1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.
1994-96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996-2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2005-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir.
Aktirisa kimi fəaliyyət göstərən Xatirə xanıma uğur qazandıran rolları "Qarağaclar altında məhəbbət" tamaşasındakı Abbi rolu və "20 ildən sonra" tamaşasındakı İşıq obrazı olub. Teatrda işlədiyi dövrdə Abbi (Y.Onilin "Qarağaclar altında məhəbbət") Zaqs müdiri (Ə.Əmirli "Varlı qadın"), Əli Əmirlinin "20 ildən sonra" İşıq obrazı, Katya (B.Mirzəzadə "Qudalar"), Nunu (N.Dumbadze "Ağ bayraqlar"), Qaraçı qadın və Yasəmən (A.Şaiq "Qaraca qız"), Ana (A.Babayevin "Xilaskar"), Zülfiyyə (R.Tohidoğlu "Nakam arzular"), Gəlin (M.Atəş "Şərəfin sandığı"), Zivər xanım (C.Məmmədquluzadə "Anamın kitabı"), Böyük qız (Ə.Səmədli "Ölüm hökmü"), Elçinin "Qatil"ində kimya müəlliməsi kimi rollar oynayıb.
Bundan əlavə Xatirə Süleymanova "Qaynana" serialında "psixoloq", "Həyat varsa" serialının "Quş yuvası" bölümündə baş qəhrəmanın həyat yoldaşı, "Axsayan ayaq" bölümündə isə qaynana rollarını məharətlə oynayıb. Hazırda "Bir ailəm var" serialında "Şəfəq" obrazını canlandırır.
 
Tarixdə bu gün - 01 sentyabr1980 — Tanınmış televiziya aparıcısı İradə İsaq (Muradova) 1 sentyabr 1980-cı ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır.
1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998-2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə isə magistri olub.
2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır.
2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
2006-2009-cu illər İctimai Televiziyada redaktor və "Azərbaycanlılar" verilişinin aparıcısı kimi fəaliyyət göstərib.
2009-2011-ci illərdə ANS TV-nin ən reytinqli verilişlərindən biri olan "Ölümdən 24 saat əvvəl" verlişinin layihə rəhbəri, müəllifi və aparıcısı olub.
2011-ci ildən "Xəbərin izində İradə İsaqla" talk-şousunun layihə rəhbəri, müəllifi və aparıcısı olub. Eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının müəllimidir, tələbələrə "Beynəlxalq jurnalistika" fənnini tədris edir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 01 sentyabr1924  Məşhur milyonçu və xeyriyyəçi,  müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı 101 yaşında Mərdəkanda vəfat etmişdir.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşından usta yamnına şagird qoymuşdu, bir müddətdən sonra isə o, artıq tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Daha sonralar Zeynalabdin Tağıyev özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradır.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.
1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.
H.Z.Tağıyev xeyriyyəçi idi, bu məqsədlə o, böyük xeyriyyəçilik fəaliyyətinə başlayır. 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır.
İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edildi.

Tarixdə bu gün - 01 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.