» » Tarixdə bu gün - 17 iyul

Tarixdə bu gün - 17 iyul

Müəllif: Vüsal от 17-07-2017, 00:19

17 iyul

İlin 198-ci (uzun illərdə 199-cu) günü

Mühüm hadisələr:

1918 - Yekaterinburqda II Nikolay və ailə üzvləri güllələnmişdir.
1944 - Moskvada "məğlubların paradı" olmuşdur.
1945 - Potsdamda (Almaniya) qaliblərin konfransı açılmışdır.

Doğum günləri:
 
1487 - Səfəvilər dövlətinin banisi və ilk şahı; şair Şah İsmayıl Xətai Ərdəbildə məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində Tarixdə bu gün - 17 iyuldünyaya göz açıb. Ana babası Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən idi. Babası öləndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda savaş başlayıb. Atası Şeyx Heydər Şirvanşahlarla müharibədə öldürüləndən sonra anası Aləmşahbəyim və qardaşları ilə birlikdə İstəxr qalasına salınıb. İsmayıl həbsxanadan azad olunandan sonra Lahicanda görkəmli alim Şəmsəddin Lahicidən ərəb, fars dillərini öyrənib, müxtəlif elmlərə yiyələnib.
Hələ uşaq ikən saray çəkişmələri nəticəsində ailəsini itirən İsmayılın at çapmaqda, qılınc oynatmaqda, igidlikdə, məclislərdə söz deməkdə, sərkərdə kimi tayı-bərabəri yox imiş. O, hakimiyyət uğrunda mübarizəyə kiçik yaşlarında başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına (başlarına 12 zolaqlı qırmızı çalma qoyduqları üçün onları qızılbaşlar adlandırırdılar) başçılıq edib. 1499-cü ilin avqustunda Lahicandan Ərdəbilə yola düşəndə cəmi 12 yaşı varmış. Şərurda Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlubiyyətə uğradandan sonra Təbrizdə özünü şah elan edib. Azərbaycan Səfəvilər Dövlətinin əsası belə qoyulub. 
Şah İsmayıl hərbi yürüşlərini uğurla davam etdirib. Azərbaycan dövlətinin sərhədlərini xeyli genişləndirib. Lakin qüdrətləndikcə, Osmanlı İmperiyası ilə münasibətləri kəskinləşib. İki türk dövləti arasında yaranmış gərginlik 1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüşlə nəticələnib. Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.
Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl "Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”, - deyir.
Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.
Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, "Dəhnamə” poemasını, "Nəsihətnamə” məsnəvisini qələmə alıb. "Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri - qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.
Şah İsmayıl Xətai  1524-cü ildə 37 yaşında vəfat edib.

Tarixdə bu gün - 17 iyul1918 - Akademik Firudin Hüseynov anadan olmuşdur. O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, filologiya fakultəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyektidir. Firidun Hüseynov "Əli Nəzminin həyatı və yaradıcılığı"mövzusunda namizədlik (1964) "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər"(1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi"(1970), "Adi əhvalatlarda böyük həqiqətlər"(1977), "Satirik gülüşün qüdrəti"(1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər"(1986) monoqrafiyalarının və məqalə toplularının, "Molla Nəsrəddin jurnalı", "İdeya-bədii körpü", "C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", "İntibah carçısı" və s. məqalələrin müəllifidir. Mollanəsrəddinçi şair Əli Nəzminin "Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Mollanəsrəddinçilərin əsas yer tutduğu "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.
Firidun Hüseynov 1986 cı ildə vəfat etmişdir.
 

 
Tarixdə bu gün - 17 iyul1935 - Məşhur tarixçi alim Səfyar Musayev  anadan olmuşdur. 
Professor Səfyar Musayev zəngin elmi-pedaqoji irs qoyub getmişdir. O, istedadlı ‎alim, bacarıqlı təşkilatçı olmaqla bərabər, ustad pedaqoq idi. Elmi-pedaqoji ‎fəaliyyəti dövründə özünə qarşı həmişə tələbkar olmuş, mühazirə və ‎seminarlarında dövrün elmi nailiyyətlərindən məharətlə istifadə etmiş, müəllim ‎ləyaqətini həmişə uca tutmuşdur.‎

Görkəmli elm xadimi hər kəsə, o cümlədən rəhbərlik etdiyi kollektivin bütün ‎üzvlərinə münasibətdə səmimi, nəzakətli və mehriban idi. Onlara daim qayğı ‎göstərirdi, xeyirxahlıq onun amalı idi. S.Musayev görkəmli alim olmaqla yanaşı, ‎həm də humanist və alicənab insan idi. Səfyar müəllim səriştəli təşkilatçı, ‎bacarıqlı siyasətçi, işgüzar və prinsipial şəxsiyyət kimi tanınırdı. O, ədalətsizliyə ‎və haqsızlığa qarşı barışmaz mübariz, adamları tanımaq və onların qəlbinə yol ‎tapmaq, insanları özünə cəlb etmək kimi yüksək keyfiyyətlərə malik idi. ‎


1953 - Aktyor Telman Adıgözəlov  Balakən şəhərində anadan olmuşdur.Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.
Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
14-ü aprel 2010-cu il, Akademik dramatik teatrının direktoru Maqbet Bunyatovun sözlərinə görə Telman Adıgözəlov teatrda bütün günü özünü normal hiss edib. Amma təxminən 01.00 aktyor özünü pis hiss etdiyini qızına deyib. Aktyorun qızı dərhal təcili yardımı çağırıb. Ancaq, həkimlər aktyorun həyatını xilas edə bilməyiblər.
Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib və Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

Tarixdə bu gün - 17 iyul1958 - Publisist, tərcüməçi Mahir Qarayev  Göyçayda anadan olmuşdur.
1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini, 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
1979-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında "Türkologiya" elmi-kütləvi dərgisində, 1989-1994-cü illərdə 
"Elm" və "Tarix" qəzetlərində; Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində; həmçinin "ABS" və "Cümə" müstəqil nəşrlərində çalışıb.
1994-1996-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin və ingiliscə çıxan "WEEK-END" həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.
1996-1999-cu illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
1999-2014-cü illərdə "Antinarkotizm" Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda "Azərbaycan-Rumıniya
Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri vəzifələrini icra edib.
2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisidir.

Tarixdə bu gün - 17 iyul1967 - Mərhum jurnalist Elmar Hüseynov Bakıda anadan olmuşdur. 
Elmar Hüseynov 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub.
O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra "Monitor” jurnalını təsis edib.
2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.
Cinayəti Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan fond yaradılıb. Fonda mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova rəhbərlik edib. 

Vəfat etmişdir:
 
1993 - Əfsanəvi döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri Bəhruz Allahverdi oğlu Nuriyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
  Tarixdə bu gün - 17 iyulBəhruz Nuriyev 1970-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. 
1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.
Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 
1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin də qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır. Anası Nayidə xalanın dediklərindən: "Bir ilə yaxın idi ki, nişanlı idi. Toyuna hazırlaşırdıq. Amma o, hər dəfə deyirdi ki, tələsməyin, az qalıb. O qədər düşüncəli, hamını nəzərə alan idi ki, buna görə də həmişə ondan nigaran idim. Onun faciəli xəbəri gələndə 3 gün şokda olmuşam. Deyilənə görə, onu sevənlər dəfnini çox yüksək səviyyədə keçiriblər”.
Bəhruz Nuriyevə "Azərbaycan bayrağı” ordeni verilib. Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış "Vətənə sipər oğul” kitabçası da var. 826 saylı sabiq "Qurtuluş” batalyonunun qərargah rəisi, Azərbaycan Respublikası Bakı Əlil və Veteranlar Birliyinin sədri Fuad Rzayev Bəhruzun qəhrəmanlığından bunları yazıb: "Bəhruzun sərrast atma qabiliyyəti olduğu üçün o, daha çox düşmən öldürdü. 
Bakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var. Bu küçə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşmən yaraqlısı və onların döyüş texnikasını məhv edən şəhid Bəhruz Nuriyevin adını daşıyır. İyulun 7-də onun 47 yaşı tamam oldu.
Anası Nayidə Nuriyeva redaksiyamıza gələrək qəhrəman oğlu barəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaət haqda danışdı. Bildirdi ki, oğlunun itkisinin yeganə təsəllisi işğal olunmuş torpaqlarımızın qaytarılması olardı.
 
1994 — Tanınmış arxeoloq, tarix elmləri namizədi Güllü Əbil qızı Əbilova 69 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 17 iyulGüllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər” adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Alın təri ilə qazanılan çörəyin nə qədər dadlı və bərəkətli, halal zəhmətin nə qədər dəyərli və düşərli, paklığın, ismət və qeyrətin nə qədər qiymətli olmasını Güllü xanım valideynlərindən öyrənmişdi.
Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir, ulularımızın keçdiyi uzun və çətin yolların yolçusu olur. Onun dövrümüzün ən geniş miqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə - Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı. Onların sistemləşdirilməsi və qeydiyyata alınmasında Güllü xanımın əməyi böyükdür.
 
2001 - Məşhur tarixçi və şərqşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Sara Balabəy qızı Aşurbəyli 95 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 17 iyulSara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.
O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.
Sara Aşurbəyli Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.
O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin fəxri doktoru adını almışdır.
 
Tarixdə bu gün - 17 iyul2006 — Azərbaycan alimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadə 78 yaşında vəfat etmişdir
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.
1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 17.07.2018
  • Status: offline
  • Şərhləri: 1
  • Məqalələri: 0
^
Şərh prinsiplərimizə uyğun olmadığına görə dərcdən şıxarıldı.
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.