» » Tarixdə bu gün - 31 may

Tarixdə bu gün - 31 may

Müəllif: Vüsal от 31-05-2017, 00:15

31 may

İlin 151-ci (uzun illərdə 152-ci) günü.

Mühüm hadisələr:

1920 — ADR-in 4 və 5-ci hökumət kabinetlərinin rəhbəri Nəsib bəy Yusifbəyli qətlə yetirilmişdir.
1906 — Azərbaycanda I Dumaya seçkilər keçirilmişdir.
1920 — Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd Qacarın və Cahangir Bəy Kazımbəyovun qaldırdığı üsyan qəddarlıqla yatırılmışdır.
1943 — Keçmiş SSRİ-də sovxoz və MTS-lərdə siyasi şöbə ləğv edilmişdir.
1996 — Azərbaycan Respublikası "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya"ya (1965-ci il) qoşulmuşdur.
2006 — Azərbaycan və Yaponiya arasında "Müşfiq yarımstansiyasının yenidən qurulması layihəsi"nə dair Nota mübadiləsi edilmişdir.

Doğum günləri:

1048 — Məşhur şair, münəccim və riyaziyyatçı Ömər Xəyyam Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur. Ömər Xəyyam Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın ın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.
Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.

Xəyyamın ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.

 

Tarixdə bu gün - 31 may1898 — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycanın Əməkdar artisti Zülfü Səməd oğlu Adıgözəlov Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə (indiki filarmoniya) işləmək üçün Ü.Hacıbəyov, Q,Pirimov, M.Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.
Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.
Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.
Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açarkən görkəmli şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi".
Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.
 
Tarixdə bu gün - 31 may1912 — Azərbaycan SSR Dövlət və SSRİ Dövlət mükafatları (iki dəfə) laureatı, Azərbaycanın Əməkdar elm xadimi, akademik, kimya elmləri doktoru, professor Əli Musa oğlu Quliyev Gəncə şəhərində anadan olmuşdur.
1927-ci ildə Gəncə şəhərində ibtidai təhsil aldıqdan sonra Bakıya gəlmişdir.1931-ci ildə Bakı Pedoqoji Texnikumunu bitirib və Goranboy rayonunda müəllimlik etmişdir.1934-cü ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə daxil olmuş və oranı 1939-cu ildə bitirdikdən sonra Dövlət imtahan komissiyasının qərarı ilə "Üzvi kimya”kafedrasında assistent saxlanmışdır.
Əli Quliyev 1937-ci ildən təhsilini davam etdirməklə yanaşı, Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda müəllimi, akademik Y.Məmmədəliyevin laboratoriyasında baş laborant,BDU-ni bitirdikdən sonra isə həmin institutda kimyaçı,sahə rəisi və böyük mühəndis vəzifəsində çalışmışdır.
1970-ci ildə akademik Ə.M.Quliyev və onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması və sənayedə tətbiqi işinə və onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.
1974-ci ildə ona Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir.O,respublikamızın elm və tədris müəssisələrində çalışan 6 elmlər doktoru,60-dan artıq elmlər namizədi yetişdirmişdir.
Akad. Əli Quliyevin "Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası"əsəri iki dəfə Sankt-Peterburq şəhərində nəşr olunmuşdur.Əli müəllim öz əməkdaşları ilə birlikdə 670 elmi məqaləni çap etdirmişdir.166 müəlliflik şəhadətnaməsi almışdır.O, 8 monoqrafiyanın müəllifidir.
Akademik Ə.M.Quliyevin əsas elmi tədqiqat işləri üzvi kimya,neft-kimyası,neftin emalı və aşqarlar kimasına aiddir.Onun rəhbərliyi ilə alkilfenollar, aromatik tiollar,epoksi birləşmələr,sulfobirləşmələr,polimerlər əsasında tərkibində müxtəlif funksional qrup və elementlər olan bir çox üzvi aşqar,stabilizator,inhibitor,YSM-lər sintez edilmiş,onlardan bir çoxunun istehsal texnologiyasi işlənib hazırlanmış və sənayedə tətbiq edilmişdir.Bunlara AzNİİ-depressatoru,AzNİİ-SİATİM-1,SB-3,SB-3u,BFK,BFKu,İNXP-21,İXP-21,İXP-101 və s.misal göstərmək olar.Əli müəllim keçmiş İttifaq miqyasında müxtəlif kükürdüzvi birləşmələrin sintezi və onlarıb əsasında aşqarların yaradılması sahəsində tanınmış elmi məktəb yaratmış görkəmli alim idi.
Ə.Quliyev 1989-cu il yanvar ayının 29-da uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
 
Tarixdə bu gün - 31 may 1916 — Nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor Dilşad Talıbxan Elbrus Bakıda anadan olmuşdur.
Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir.
Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir.
Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir. 1954-cü ilin noyabr ayında dosent adını almışdır. 1957-ci ilin noyabr ayında İzmirdə Ege Universiteti tibb fakültəsi Fizika İnstitutuna dəyişilmişdir.
Dilşad Talıbxan Elbrus 11 iyul 1961-ci ildə İzmirdə Ege Universitetinin professoru seçilmişdir. İki kitabı çap olunmuşdur.
Dilşad Talıbxan Elbrus rus, alman, ingilis dillərini mükəmməl bilmişdir. İngiltərənin və İsveçrənin müxtəlif universitetlərində uzun illər çalışmışdır.
Dilşad Talıbxan Elbrus 1976-cı ildə təqaüdə çıxmış, 11 aprel 1979-cu ildə vəfat etmişdir.
Dilşad Talıbxan Elbrus məsləkdaşı, fizika professoru Adnan Sokullu (1910-2005) ilə ailə quraraq Sokullu soyadını qəbul etmişdir. Evlilik həyatında İstanbulda yaşamışdır. Bir müddətdən sonra ayrılmışlar. Ayrıldıqdan sonra İstanbuldan İzmirə köçmüşdür.
 
Tarixdə bu gün - 31 may1922 — Xalq artisti Sara Qədimova Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.
Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.
Səsi lirik-koloratur sopranodur. 
Xalq artisti Sara Qədimova Bakı şəhərində 82 yaşında vəfat etmişdir.
 
Tarixdə bu gün - 31 may1929 —  Əməkdar incəsənət xadimi, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov hakim ailəsində anadan olub.

 Musiqi məktəbinin violoncel sinfini,  daha sonra A. Zeynallı adına Musiqi məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

2010-2012 illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər Azərbaycan Dövlət Televiziyasında Oqtay Zülfüqarovun rəhbərliyi altında  uşaqlar üçün "Tumurcuq" ,"Aysel"  adlı verilişlər təqdim edilib.

Oqtay müəllim musiqi ilə yanaşı, həm də şeirlər yazıb . Bu şeirlər  "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb.

Bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

"Şənlən, mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurmuşdur. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmiş və 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

 
Vəfat etmişdir:
 
1847 — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi Abbasqulu Bakıxanov Mirzə Məhəmməd oğlu və ya qısaca Abbasqulu ağa Bakıxanov Tarixdə bu gün - 31 mayMəkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və "Vadiyi-Fatimə" adlanan yerdə dəfn olunub.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib.
Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.
Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.
Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən "Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan "Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.
Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş "Gülüstani-İrəm" əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən "Gülüstani-İrəm" faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə etmişdir.
Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. "Gülüstani-İrəm" əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. "Qüdsi" təxəllüsü ilə şeirlər yazıb.
 
1920 — Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusif oğlu Yusifbəyli ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə Tarixdə bu gün - 31 maygetmək üçün Bakını tərk etmiş, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində 38 yaşında müəmmalı şəkildə qətlə yetirmişdir.
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspiralının Tərcüman qəzetiilə əməkdaşlıq etməyə başlamışdır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.
1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər Türk dərnəyi cəmiyyətinin təşkili ilə də məşğul olmuşdur. Az sonra İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalmışdır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışmışdır. 1911-ci ildə Molla Nəsrəddin jurnalına və qəzetlərə məqalələr göndərmiş,Müsəlman xeyriyyə cəmiyyəti Müsəlmanların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak etmişdir. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır.
1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə Milli Federalistlərin Türk Partiyası nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşərək Müsavat adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır.
M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri olmuşdur. 1919-cu il martın 14-də N. Yusifbəyli Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri, bir qədər sonra - aprel ayından isə həm də daxili işlər naziri kimi fəaliyyətə başlamışdır. Aprel ayının 14-də o, yeni yaratdığı kabinetin üzvlərini Azərbaycan Cümhuriyyəti Parlamentinə təqdim etmişdir.
 
Bayramlar və xüsusi günlər:

31 may  Ümumdünya Tütünlə Mübarizə  Günü kimi qeyd olunur.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan dövlətlər tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədi ilə 1987-ci ildə Ümumdünya Tütünlə Mübarizə Gününü təsis etmişlər. Hər il dünyada 6 milyon insan ölümü məhz tütün məhsullarının səbəb olduğu xəstəliklər nəticəsində baş verir. Bunlardan 5 milyondan çox insan birbaşa siqaret istifadəçisi olsa da, 600.000-dən çox insan dolayı yolla siqaret tüstüsünün təsirinə məruz qalan insanlardır.
Ümumdünya Tütünlə Mübarizə Günü hər il fərqli başlıqlar altında ÜST-ün Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası daxilində qeyd edilir. "Ümumdünya Tütünlə Mübarizə Günü 2016"-də ÜST və ona tərəfdaş olan ölkələr bütün dünyanı qeyri-qanuni tütün məhsullarının ticarətinə qarşı birlikdə mübarizə aparmağa çağırırlar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Tütünçəkmədən imtina etmə üzrə klinik protokol" hazırlamışdır.
 

Tarixdə bu gün - 31 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz