» » Tarixdə bu gün - 3 fevral

Tarixdə bu gün - 3 fevral

Müəllif: Vüsal от 3-02-2017, 00:00

 

1995-ci il -  Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilib.

Tarixdə bu gün - 3 fevral

 

2004-cü il -  Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə edib.

Tarixdə bu gün - 3 fevral
2014-cü il - Bakıda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılıb. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

 

Tarixdə bu gün - 3 fevral

 

 Doğum günləri:

 

1891 – Mühacir yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəyli 1891-cı il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur.
Tarixdə bu gün - 3 fevralMüəllifin yaradıcılığı tədqiq olunmadığından, toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərəm-pərəm düşmüşdür. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunmuşdur.
Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, cap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihat" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olmuşdur.
1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşmışdır. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, "La Revul des Deux Mende" adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olmuşdur. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilmişdir.
Ceyhun bəyin "İslam Əleyhinə" kampaniya və onun Azərbaycanda Metodları" adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir.

Ceyhun Hacıbəylinin qəbri Parisdədir.


Tarixdə bu gün - 3 fevral1949 — Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Tərtər rayonunda doğulmuşdur.

Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir.
Ermənilər torpaqlarımıza hücum edəndə Şahin silaha sarılır. Onun şərəfli döyüş yolu Tərtər, Seysulan, Yarımca bölgələrindən keçir. "Qurtuluş” batalyonunda vuruşan cəsur döyüşçü neçə-neçə erməni quldurunu məhv etmişdi. Bir müddət sonra bu batalyonun komandiri də təyin edilmişdir. Polkovnik-leytenant Şahin Tağıyev torpaqlarımızın azad olunmasında böyük şücaət göstərmişdi.
Azərbaycan Respublikası pPrezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğluAzərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.
Hazırda Qarabağ Azadlığ Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.

Tarixdə bu gün - 3 fevral1969 — Azərbaycanın Milli Qəhrəman Bəylər Tapdıq oğlu Ağayev Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.
Bəylər Ağayevin yüksək vəətnpərvərliyi ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci il 6 avqust ... Erməni  vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünÜ yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: "Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun" və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri ən uca zirvə - şəhidlik zirvəsinə ucalırlar.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Qaraağac kənd tam orta məktəbi onun adını daşıyır.
Qubadlı rayonunun Qaraağac kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni isğalı altındadır.
 
Vəfat  etmişdir:

Tarixdə bu gün - 3 fevral 1884 — Rusiya Çar Ordusunda xidmət etmiş türk əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant İsrafil bəy Yadigarov 68 yaşında vəfat etmişdir.
İsrafil Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib.
1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil ağa Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib.
1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub. Bir il sonra borçalılardan ibarət könüllü yığma "ovçu" döyüşçülər təşkil edən İsrafil bəy ordunun tərkibində ikinci süvari Azərbaycan alayı yaradıb.
1854-cü il avqustun 19-da döyüşən ordu komandanı Əlahiddə Qafqaz korpusunun komandirinə göndərdiyi bir məlumatda yazırdı: "Bu gün möhkəm və dəhşətli bir hücum oldu. Düşmən müdafiə olunmağa cəhd göstərirdi. Lakin onlar polkovnik İsrafil bəy Yadigarovun süvarilərinin hücumuna davam gətirə bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan süvariləri və gürcü drujinası sürətlə irəli atılıb onları döyüş səhnəsindən sildilər". Arxiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik İsrafil bəy Yadigarov Şəki və Şamaxı könüllülərindən təşkil etdiyi süvari alayla Qars üzərinə olan qəti hücumda bir neçə dəfə fəal döyüşlər aparıb. Bu döyüşlərdə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350-dən çox azərbaycanlı arasında polkovnik İsrafil bəy Yadigarov da var.
Krım müharibəsi dövründə Qafqaz milli hərbi xadimləri içərisindən çıxmış hərbi rəisləri Rusiyanın şöhrətli hərbi xadimləri ilə yanaşı qoysaq, səhv etmərik. Onlara azərbaycanlı general İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur ağa Vəkilov, polkovnik İsrafil bəy Yadigarov, general-leytenant Fərəc bəy Ağayev, general Həsən bəy Ağalarov, kabardin polkovniki Sultan Qazi Gərayi, osetin polkovniki Kondukov, Dudarov və başqalarını aid etmək olar.
1855-ci il yanvarın 17-də İsrafil bəy Yadigarova polkovnik rütbəsi verilir. 1855-ci il dekabrın 10-da o, Qars hərbi dairəsinin rəisi təyin olunur. Lakin Tiflisə müalicəyə getdiyinə görə həmin vəzifəni qəbul edə bilmir.
Nizami orduda əla xidmətlərinə görə 1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilir. 1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz-Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İqdır, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qars uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir.
Nizami orduda əlli illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general-leytenant rütbəsi alır. Həmin il istefaya çıxır, ona aldığı maaş saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmək hüququ da verilir. Rusiya Mərkəzi Hərbi Tarix Arxivindən aldığımız rəsmi sənəddə general-leytenant İsrafil bəy Mustafa bəy oğlu Yadigarova məxsus "Xidmət dəftərçəsi"ndə onun döyüş yolu, ailə vəziyyəti, təltif olunduğu orden və medallar təfsilatı ilə göstərilib.
Sənəddə qeyd olunur ki, şərəfli bəylər nəslindən olan İsrafil bəy Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir. Dini müsəlmandır. İsrafil bəy ilk dəfə 1848-ci ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1854-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1856-cı ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (imperator tacının təsviri ilə birgə), 1859-cu ildə ikinci dərəcəli "Müqəddəs Anna" (imperator tacının təsviri və qılıncla birgə), 1860-cı ildə "İyirmi illik qüsursuz xidmətinə görə" medalı ilə, 1863-cü ildə müsəlmanlar üçün təsis olunmuş dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1869-cu ildə üçüncü dərəcəli "Müqəddəs Vladimir", 1877-ci ildə müsəlmanlar üçün təsis olunmuş birinci dərəcəli "Müqəddəs Anna" ordenləri ilə və üstü "İgidliyə görə" yazılı gümüş, Krım müharibəsindəki qəhrəmanlığına görə açıq rəngli xatirə medalları ilə təltif olunmuşdur.
Sənədlərdə o da qeyd olunur ki, general-leytenant İsrafil bəy Yadigarov Borçalı qəzasının Təkəli kəndində ikimərtəbəli dədə-baba mülkə (qardaşları ilə birgə) və Tiflis şəhərində daşdan tikilmiş, hər bir şəraiti olan mənzilə malikdir. Bir neçə mağaza, bağ və Qırmızı körpü yanındakı Xorpuxis-Saneli, Kaziux-Kalone, Çələbli, Körpülü, Ənvəli və Loris-Aqek kəndləri və iki min desyatin torpaq sahəsi generala məxsusdur.
Generalın həyat yoldaşı rotmistr İsmayıl bəy Vəzirovun qızı Səidə xanımdır. General-leytenant İsrafil bəy 7 övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il oktyabrın 10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn bəy 1856-cı il oktyabrın 8-də (əkiz olublar), Səkinə xanım 1843-cü il martın 27-də, Xeyranisə xanım 1850-ci il dekabrın 23-də anadan olublar. Həyat yoldaşı və uşaqları islam dininə etiqad ediblər.
İstefaya çıxan general-leytenant İsrafil bəy ömrünün sonuna kimi Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salan şöbənin rəisi vəzifəsində çalışmışdır.
General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat etmişdir. Həmin il "Kavkaz" qəzeti (N 99) belə bir elan vermişdir: "İstefada olan general-leytenant İsrafil bəy Yadigarov fevralın 6-da vəfat etmişdir. Oğlanları yaxın qohum və tanışlardan xahiş edir ki, fevralın 8-də saat 12-də dəfndə iştirak etsinlər. Cənazə generalın Vorontsov küçəsindəki şəxsi mülkündən götürüləcək. Dəfn Tiflisdəki müsəlman qəbiristanlığında olacaq".
 
1990 — Azərbaycan teatr və kino aktyoru, kino sənətində öz imzasını qoymuş sənətkar, Azərbaycanın Əməkdar artisti Hamlet Bəbir oğlu Xanızadə vəfat etmişdir.
Tarixdə bu gün - 3 fevralHamlet Xanızadə 5 iyun 1941-ci ildə  Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdır. Burada orta təhsil almışdır və atası Bəbir kişi Hamletin aktyor olmasını istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi.
 50-ci illərin sonlarında İncəsənət İnstituna daxil olmuşdur. 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlamışdır. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, tələbələrin də qəlbində onun böyük aktyor olacağına inam yaratmışdı. Bilmirəm ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən sevirdi və ilk rolu da, heç şübhəsiz, bu sevgi ruhunda yaradılmışdı.
Bir çox tamaşalarda oynayıb. Tərəf-müqabilləri də ki, Azərbaycan teatr səhnəsinin "ulduz"ları olmuşdur - Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı. Hamlet Xanızadə bu kimi müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Teatr onun üçün həm də məktəb idi. Hamlet Xanızadə burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar.
Hamlet haqqında düşünəndə ilkin olaraq yada Topal Teymur obrazı düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun oynadığı Topal Teymurun qəddar görkəmi uzun zaman tamaşaçıların yaddaşından silinmir. Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib.
"Nəsimi" filmində Yusif Vəliyevin oynadığı Topal Teymurla H.Xanızadənin qəhrəmanını müqayisə edəndə oxşar əlamətlər olduğunu aydın hiss etmək olur.
"Dəli yığıncağı", "İblis", "Ölülər" və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə oynadığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktoru böyük sənətkar məharəti ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynamışdı.
Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını xatırlayırsınızmı? Gəray bəyin "vuran əli" olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarır. Hamlet qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırır. Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənmişdi. Filmlərə tez-tez çəkirdilər onu. Hərdən dublyaja, "Mozalan"a da dəvət edirdilər. Enerjili insan idi. İşləmək onu heç vaxt yormazdı. Təki ürəyincə olan, daha doğrusu, ona "yaraşan" rollar olsun. İlk dəfə "O qızı tapın" filmində kinorejissor Həsən Seyidbəyli çəkmişdi onu. Oynadı, özünü təsdiq etdi. Sonra isə kinorejissor Kamil Rüstəmbəyov Hamleti "Axırıncı aşırım" filmində çəkdi. Kərbəlayı İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birgə Qarabağlar kəndinə yollanan Talıbov Qəmlonun qəzəbinə düçar olur. Talıbov qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır. Aktyorun Kərbəlayının qəbulunda o qorxunc anlardakı simasını xatırlayırsınızmı. Çox istedadla yaradılıb bu səhnələr. Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası idi.
Amma İmaş ("Arxadan vurulan zərbə") tamam başqa ampluada işlənmiş bir qəhrəmandır. O, həyatın çətinliklərini görüb başı daşdan-daşa dəyib. Həbsxana həyatı da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə belə onun adı hallanır. Amma Qəmərlinskinin öldürülməsindən onun xəbəri yoxdur. Bacısı da bir tərəfdən onun ovqatını korlayır. Xoşu gəlməyən bir nəsildən olan Fazili sevir. Bu mürəkkəb hadisələr fonunda onun xarakteri açılır. Hamlet bu epizodları elə istedadla, məharətlə ifa edir ki, tamaşaçı əsl aktyor sənətinin şahidinə çevrilir və onu sevməyə bilmir. Əyninə sırıqlı geymiş bu oğlanın taleyinə heç kəs biganə qala bilmir. "Axırıncı aşırım"da isə onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla yaratmışdı. Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun çox maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi isə "Babək" filmində yaratmışdı. Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir, elə özü sevdiyi kimi. Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış "Qətl günü" filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazıdır. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş "Yaramaz"da (rejissor V. Mustafayev) zavod direktorunu oynayır. Bu obrazla aktyor müasir rolların da gözəl ifaçısı olduğunu bir daha təsdiq edir.
Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. Özü də həvəslə, yorulmadan işləyirdi.
1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu.

Tarixdə bu gün - 3 fevral1994 — Görkəmli müğənni, lirik tenor, pianoçu, pedaqoq. Xalq artisti Rauf İsrafil oğlu Atakişiyev 68 yaşında Bakıda vəfat etmişdir.
Rauf Atakişiyev 15 iyul 1925-ci ildə Göyçayda anadan olmuşdur.
Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir.
Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in "Stalinabad" kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur.
Tahir Atakişiyevin qardaşıdır.


Tarixdə bu gün - 3 fevral2015 — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti işləmiş Akif Cəfər oğlu Hacıyev Bakı şəhərində 77 yaşında vəfat etmişdir.
Akif Hacıyev 8 dekabr 1937-ci ildə görkəmli alim Cəfər Xəndanln ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdı.
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.
Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.
Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu vardır. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan vermişdir.
Akif Hacıyevin araşdırmalarının nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar almışdır. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan "Şöhrət” ordeninə layiq görülmüşdür..

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz