» » Tarixdə bu gün - 14 yanvar

Tarixdə bu gün - 14 yanvar

Müəllif: Vüsal от 14-01-2017, 00:16


14 yanvar

Mühülm hadisələr:


1992 — Azərbaycan Respublikası Türkiyə ilə diplomatik əlaqələr qurmuşdur. 

Tarixdə bu gün - 14 yanvar

1994 — Bill Klinton ilə Boris Yeltsin nüvə silahların hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə silah arsenalının yox edilməsi üzərində razılığa gəldilər.


Doğum günləri:

Tarixdə bu gün - 14 yanvar1910 — 1944/1950 - ci illərdə BDU-nun rektoru olmuş, tibb elmləri doktoru, professor Abdulla İsmayıl oğlu Qarayev doğulmuşdur.

Abdulla İsmayıl oğlu Qarayev 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) pedaqoji fakültəsinin təbiət bölməsini bitirmişdir. Təhsilini başa vurduqdan universitetin "İnsan və heyvan fiziologiyası" kafedrasında əmək fəaliyyətinə başlamışdır. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.

1932-1936-cı illərdə o, Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirmiş, bir neçə illik gərgin elmi axtarışın qanunauyğun nəticəsi olaraq 1937-ci ildə iki mövzu üzrə müdafiə etmişdir. "Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti" mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda yeni elmi nəzəriyyə idi. Bu fundamental əsərinə görə gənc alimə tibb elmləri namizədi alimlik dərəcəsi verilmiş, "Diafraqmanın fiziologiyasına dair" mövzusunda yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

A.Qarayev 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edir. Laboratoriyada dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində eksperimental və kliniki araşdırmalar aparılır.
Abdulla Qarayev 1940-cı ildə (30 yaşı olarkən) tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Bioelektrik hadisələrinin nəzəriyyəsinə dair" son dərəcə aktual dissertasiya işini müdafiə edir. Bu dissertasiya işi ilə A.Qarayev o zamanlar bioelektrik hadisələrinin mənşəyi haqqında mövcud olan nəzəriyyələri darmadağın edərək özünün son dərəcə orijinal nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyənin əsasında 1934-1935-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Ümumi və müqayisəli fiziologiya" laboratoriyasında subliminal, yəni aşağı qıcıq qapısından da aşağı (zəif) qıcıqların səbəb olduğu məhəlli oyanma və bu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri barədə tədqiqatlar aparılır.
A.Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun "Normal fiziologiya" kafedrasında ikinci professor, Azərbaycan Dövlət Universitetində isə "İnsan və heyvan fiziologiyası" kafedrasının müdiri vəzifələrinə seçilir və fiziologiya sahəsində ilk milli professor olur.

8 dekabr 1968 -ci ildə 58 yaşında) vəfat etmişdir.


Tarixdə bu gün - 14 yanvar1911 —  Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuş Zahid İsmayıl oğlu Xəlilov Gürcüstün Respublikasının Bolnisi rayonu, Saraçlı kəndində anadan olmuşdur.

Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir (opponentləri — Musxelişvili, Vekua).
1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.
1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.
Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk "Funksional analiz" dərsliyini də o yazmışdır (1949).
Z.Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.
Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.

1974-cü il fevral ayının 4-də 63 yaşında vəfat etmişdir. 


Tarixdə bu gün - 14 yanvar1923 —  Azərbaycanın Xalq artisti, Milli Dram Teatrının baş rejissoru olmuş görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu Tofiq Kazımov Bakıda anadan olub.  

Tofiq Kazımov 1951— 1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır.
Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.
Tofiq Kazımovun yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən "Sən həmişə mənimləsən" ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub: reşissorun "Sən həmişə mənimləsən"dən sonra "Yalan" (1965), "Ölülər" (1966), "Sənsiz" (1967), "Hamlet"(1968) kimi dolğun tamaşaları səhnələşdirilmişdir.
Rejissor işi bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyələnən Mehdi Məmmədovun (1918-1985) Milli Dram Teatrında quruluş verdiyi ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), Mehdi Hüseynin "Alov"(1961) , Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.

Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. Tofiq Kazımovun tamaşalarının finalı özü bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində coşğunluq, əzəmət, hayqırtı olan tərzdə tamaşaçılara çatdırılırdı.

 

Tarixdə bu gün - 14 yanvar1936 Ssenari müəllifi və kino redaktoru; Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Nadejda Vasili qızı İsmayılova Türkmənistanınnın Aşqabad şəhərində anadan olub.

1962-ci ildə ADU-nun filoloqiya fakültəsini, 1974 –cü ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşunas fakültəsini bitirib.
1985-1987-ci illərdə AzTV nin "Azərtelefilm" YB-də işləyib.
Nadejda Vasilyevna İsmayılova 1959-75-ci illərdə Azərbaycan Televiziyasında, 1975-86-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1986-96-cı ilədək yenidən Azərbaycan Televiziyasında çalışıb.
Son illər müstəqil ssenarist-jurnalist kimi fəaliyyət göstərir. Onun ssenarisi əsasında 1980-ci ildə Gülbəniz Əzimzadənin çəkdiyi "Təkcə adanı özünlə apara bilməzsən" filmi bədii filmlərin beynəlxalq festivalında Qran-pri qazanıb. Bundan savayı "Asif,Vasif, Ağasif", "Hər şey məhəbbətdən başlayır", "Tələ" filmlərinin də ssenarisinin, "Milyonçu" kinoromanının müəllifidi.
"Dalğa", "Həftə", "Kuryer" (Az.Tv), "Yolayrıcı", "Cəbhə xətti" ("İnternyus") verilişlərinin müəllifi və aparıcısı olub.


1965 - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayev 1965-ci il yanvarın 14-də Vedeno kəndində anadan olub. 10 iyul 2006-cı ildə 41 yaşında vəfat etmişdir.

 

Tarixdə bu gün - 14 yanvar1957 - Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyev Qubadlı rayonunda anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.

1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru” kimi da tanınırdı. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və Yerevan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, Yerevanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.

1992-ci ilin aprel ayının 16-da "Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişmişdilər.

1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu” əməliyyatında iştirak edib.

Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak etmiş, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənovun qeyd edir:

"Əliyarın ölümü ilə bütün Qubadlı kədərə büründü, camaat ona 40 gün yas saxladı. Təbii ki, bu camaatın ona məhəbbətindən irəli gəlirdi. Çünki o, qubadlıların dirəyi, dayağı idi… Hamı onunla fəxr edirdi. Həmişə deyirdilər ki, Əliyar kimi oğlu olan oba basılmaz. Ölümünün qırxıncı günü rayon mərkəzində onun abidəsinin açılışı oldu.”

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 
Tarixdə bu gün - 14 yanvar1997— Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Əli Həsən oğlu Babayev Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur.
2004-cü ildə Şərur rayon Danyeri kənd tam orta məktəbinə daxil olmuşdur.
2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi məktəbə daxil olmuşdur. 2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur.
2020-ci ilin iyul ayında leytenant rütbəsi almışdır.
27 sentyabr İkinci Qarabağ müharibəsi başlayan zaman ilk hərbi dəstədə iştirak etmiş və müharibənin ilk günü şəhid olmuşdur.
Azərbaycan torpaqları uğrunda gedən döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına həlak olmuş Əli Babayev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı , 05.11.2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.


Vəfat etmişdir:

Tarixdə bu gün - 14 yanvar1952 - Azərbaycannın mühacir şair Almas İldırım (tam adı: İldırım Almaszadə) Türkiyədə vəfat etmişdir . 
Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet 
hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. 
1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. 
Bakının Şüvəlan kəndində, Almas İldırımın adını daşıyan küçə vardır.
1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım milliyətçi və istiqlalçı bir şair olaraq tanınmışdır. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.

 

Tarixdə bu gün - 14 yanvar1966 -Məşhur sovet alimi, kosmik raket texnikası üzrə konstruktor, kosmik tədqiqatlar üzrə ilk təçkilatşı olmuş Sergey Korolyov vəfat etmişdir.

Sergey Korolyov12 yanvar 1907-ci ildə Jitomir şəhərində anadan olmuşdur.

Onun rəhbərliyi altında OKB-1-də kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı. Onun ideyaları və aparıcılıq stili sovet kosmik tədqiqatlarınıın istiqamətini müəyyənləşdirmişdir. Onun layihələndirdiyi ilk raketlərdən olan "Soyuz" bu gündə tətbiq olunmaqdadır.
Korolyov kiçik ikən onun valideynləri Mariya Korolyova və Pavel Korolyov ayrılırlar. Ona görə də, o, nənəsinin himayəsi altında Nişində böyüməli olur. Erkən vaxtlarından o uçuşla maraqlanır və yerli dərnəklərdə mühərriksiz təyyarələrin düzəldilməsi ilə məşğul olur. Sonra o, Moskva Aviasiya İnstitutunda təhsil alır.
1930-cu illərdə Korolyov raketlərin düzəldilməsi ilə məşğul olur. 27 iyun 1938-ci ildə Stalinin təmizləmə siyasətinin qızğın çağında o başqa rəqibi, mühəndis Qluşkonun satqınlığı nəticəsində həbs olunaraq 10 il müddətinə sürgün edilir. Başqalarından fərqli olaraq Korolyov öz cəzasını alimlər üçün nəzərdə tutulmuş xüsusi "Şaraşka"da çəkməli olur. Orada şərait çətin olmağı ilə bərabər Korolyov həm də güllələnməkdən qorxurdu. 1942-ci ildə o Kazana köçürülür. Burada Korolyov başqa mühəndislərlə birlikdə qırıcı təyyarələr üçün mühərrik üzərində işləyir. 1944-cü ildə Andrey Tupolyevin səyi nəticəsində Korolyov azadlığa buraxılır.
İkinci dünya müharibəsindən sonra Korolyov sovet raket proqramının başçısı təyin olunur. Onun məqsədi sivil raketlərinin yaradılması idi. 1945-ci ildə Korolyov başqa həmkarları ilə Berlinə alman raket proqramını öyrənməyə göndərilir. Burada o Verner fon Braunun işləri ilə tanış olmağa və onun Amerikaya gedə bilməyən işçilərini axtarmağa başlayır. 1945-ci ildə o Nordhausen şəhərinə köçür.
1946-cı ildə Korolyov alman raket mütəxəssisləri ilə birlikdə Sovet İttifaqına qayıdır. Bunların arasında fon Braunun assistenti Helmut Qrötrup və aerodinamika üzrə mütəxəssis Verner Albring var idi. Korolyovun rəhbərliyi altında alman mütəxəssisləri Qorodomila (Tver ərazisi) adasında raketlərin yaradılması üzərində işləyirlər. Amerikaya aparılmış almanlardan fərqli olaraq SSRİ-yə gətirilmişlər çətin şəraitdə işləyirdilər. Amerikada onlara vətəndaşlıq verildiyi halda, digərləri ruslar tərəfindən istismar edilərək öz biliklərini verməli olurdular.
Korolyovun ən böyük nailiyyətlərindən R-7 raketi və ilk Sputnik-1-in buraxılışı (1957), kosmosda ilk insan – Yuri Qaqarin (1961) kosmos texnikasının tarixində önəmli rol oynamışlar.

 

Tarixdə bu gün - 14 yanvar1993- Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.
Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
1995-ci il yanvarın 15-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir. 
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var.
Tərtər rayonunda qəhrəmanın büstü qoyulub, adına muzey var, 


Tarixdə bu gün - 14 yanvar1999 -Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya vəfat etmişdir.

Barat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub.

Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. Aktrisa Moris Meterlinqin "Göy quş” (Tiltil), Şekspirin "Kral Lir” (Kardeliya), "Romeo va Cülyetta” (Cülyetta), "Otello” (Dezdemona), "On ikinci gecə” (Viola),"Polad qartal”,(Şəfiqə),Şillerin "Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.Aktrisanın iştirak etdiyi "Arxip baba və Lyonka”, "Ad günü”, "Köhnə qala”, "Çippolino”, "Buratino”, "Sirk gəlir” və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar günəş altında" (1957), "Kölgələr sürünür" (1958), "Qəribə əhvalat" (1960), "Telefonçu qız" (1962), "Azəri teatrının ustaları" (1966), "Evin kişisi (1978), "Onun bəlalı sevgisi" (1980), "Üzeyir ömrü" (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında,4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.