» » Torpaq çərşənbəsi

Torpaq çərşənbəsi

Müəllif: Təsisçi от 16-03-2017, 00:20

Torpaq çərşənbəsi

 

İlaxır çərşənbələrin sonun-cusu torpaq çərşənbəsidir. Bu çərşənbədə torpaq oyanır. Ulu türklər bu oyanışı şən nəğmələr, müxtəlif mərasimlər və ayinlərlə qarşılamışlar.
Torpaq çərşənbəsində yerin üstündə və altında olanlar yenidən canlanır, dirilir. Bu çərşənbədən əvvəlki həftə ərzində, yəni Yel çərşənbəsindən sonra qəbirləri ziyarət edir, il ərzində ölənlər üçün Qara bayram deyilən bayram süfrəsi açır, ehsan paylayırlar. İlaxır çərşənbədə artıq bu işlər başa çatmış olur və hamı bayramı xoş ovqatla qarşılamağa hazırlaşır.
Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Müxtəlif ayinlər icra olunur. Hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Yelləncəkdə yellənr, su falına baxır, qapı pusurlar. Axırıncı çərşənbədə cavanlar səhərdən axşamacan halay oyunu oynarlar. Yelləncəkdə yellənən qızlar istədikləri oğlanın adını ağaca yazar, bir-birini yelləndirərlər. Kimin başı yazılı ağaca dəysə, niyyəti yerinə yetər.
Axırıncı çərşənbədə nəzir götürən ailələr səməni halvası çalıb, qapı-qapı paylayar, süfrələr şirniyyatla bəzənər, təndirdə şirin çörək – nazik bişirilər.
Odla bağlı şənliklər şər qarışanda keçirilər. Tonqal qalanar, hamı tonqalın üstündən atdanar. İlin ağrı-acısı sevinclə əvəzlənər. Eyni zamanda əvvəlcədən hazırlanıb neftə qoyulmuş lopalar atılar, hər yan nura qərq olar.
Axır çərşənbədə yumurtanı qırmızı boyayar, yumurta döyüşərlər. Süfrənin üçtünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səmənini belinə qırmızı lent bağlayarlar.
 

Torpaq çərşənbəsi

 

Səhərertə çaydan çərşənbə suyu gətirib balatanı təzələyər, evə çiləyər, içərlər.
Axır çərşənbədə meydan tamaşaları göstərirlər. Qodu-qodu mərasimi keçirilər. Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu, cıdır, zorxana yarışları adamları sevindirər.
Süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar.
Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. Qulaq yaxşı söz eşitsin deyə hamı xoş sözlər söyləyər. Qulaq falına yalnız axır çərşənbəsində çıxarlar. Çərşənbə axşamı söyüş, qarğış, ürəkbulandıran söz söyləməzlər.
Torpaq çərşənbəsində püşkatma keçirilər. Kağıza adlar yazıb atarlar. Püşk atılan kağızın bir qismi boş olur. Kimin bəxtinə boş kağız düşərsə, deməli, qisməti hələ yoxdu.
İlaxır çərşənbədə Yığma-yığma oyunu düzəldirlər. Əslində bu ayrıca oyun deyildir. Bir çox oyunları oynamaq üçün sərbəst vaxt ayırmaq idi.
Cavan qızlar evdən düyü, yağ, şirniyyat gətirib kimsəsiz qocalardan birinin evinə yığardı. Gətirilən şeylərə cürcənə deyirdilər. Həmin cürcənədən bayram süfrəsi açılardı.
Axır çərşənbədə dörd ilahi başlanğıc birləşir. Suya, Oda, Yelə və Torpağa tapınan insan torpağın və torpaqdan xəlq olunanların oyanışına sevinir. Göründüyü kimi, Novruz çərşənbələri bütün dinlərdən daha əvvəl yaranmış və formalaşmış inamların, əski dünyagörüş və mifoloji təsəvvürlərin cəmidir.

Torpaq çərşənbəsi


Torpaqla bağlı atalar sözləri
Torpaq deyər öldür məni, dirildim səni.
Torpaqdan pay olmaz.
Yer kimindi, oturanın, söz kimindi, götürənin.
Yerin də qulağı var.
Yaz əkinçi, qış dilənçi.
Yaz dumanı bar gətirər, qış dumanı qar gətirər.
Yazın yağışı, ər-arvadın savaşı.

Torpaq çərşənbəsi ilə bağlı inamlar
Axır çərşənbədə paltar tikmək olmaz.
Axır çərşənbədə qəlbə dəymək olmaz.
Axır çərşənbədə səfərə çıxmaq olmaz.
Axır çərşənbədə yerə isti su tökmək olmaz.
Axır çərşənbədə dırnaq tutmaq olmaz.
Axır çərşənbədə saç darayıb tullamaq olmaz.
Axır çərşənbədə torpaq təmizlənir.
Axır çərşənbədə təzə evə köçməzlər.
Axır çərşənbədə hamı mehriban danışmalıdır ki, il dönəndə mehribanlıq olsun.
Axır çərşənbədə evdəkilər təzə geyinməlidir.


Torpaqla bağlı tapmacalar
Mal alsan malın olar,
Şanında balın olar.
Yazda, yayda güllənar,
Qış fəsli yalın olar.
(Torpaq)
Yer üzünün qarası –
Ağacların anası.
(Torpaq)
Babamın bir donu var,
Qatlayıram, qat götürmür.
(Yer)
Zər kilim, zəncir kilim,
Gücüm çatmır –
Ağır kilim.
(Yer)

Torpaq çərşənbəsi

 

Mənbə:http://www.kur-ia.com/?p=401)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz