» » Qəmər Ağaoğlu və ya Qəmər Talıbxanbəyova

Qəmər Ağaoğlu və ya Qəmər Talıbxanbəyova


Qəmər Ağaoğlu və ya Qəmər TalıbxanbəyovaQarabağ xanları nəslindən olan Qəmər Talıbxan bəy qızı Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir.
ABŞ-da fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir.
Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanbəyov (1859-1920) həm çar, həm də AXC dövründə Gəncə və Bakı quberniyalarının müxtəlif yerlərində pristav və qəza rəisi vəzifələrində çalışmışdır.
Talıbxan həm zadəgan nəslindən olmasına, həm də tutduğu vəzifələrə görə Azərbaycan sovetləşdikdən sonra ilk edam edilənlərdən biri olmuşdur.
Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899-1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896-1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır. Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan Elbrus (1915-1979) da Qəmər Ağaoğlunun bacısıdır. Elmi fəaliyyətinə universitet yanındakı Təcrübi Fizika İnstitutunda assisent kimi başlamış, 1961-ci ildə isə İzmirdə yeni qurulan Ege universitetinin professoru olmuşdu. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. İki kitabın və bir neçə elmi məqalənin müəllifidir.
Dayısı Hüseyn Mirzəcamalov XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. AXC dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik etmişdi. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu - Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan İstiqlal Muzeyinin qurulmasında mühüm xidmətləri olmuşdu. H.Mirzəcamalovla M.Ağayev – Mehmet Ağa-Oğlu Cümhuriyyət hökumətinin həyata keçirdiyi başqa bir mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışmışdılar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L.Kriçinskinin rəhbərliyi altında "Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair” arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil edilmişdilər.
Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurmuş, onunla birlikdə xaricdə oxumuş və çalışmışdır. Lakin sonradan boşanmışdırlar. Gültəkin A. Ludden adında qızları olmuşdur. Gültəkin Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921-2001) ailə qurmuşdur. O, 95 yaşında 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat etmişdir.
Azərbaycanda bolşevik işğalından az sonra Qəmər anası Xeyransa xanım, bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edə bilmişdi. Bu işdə onlara dayısı Hüseyn bəy Mirzəcamalovun (1884-1974) böyük köməklik etmişdi.
Məhəmməd Ağayev kimi tanınan Mehmet Ağa-Oğlu ilə çox güman, Bakıda tanış olmuş, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənmişdilər. Çünki əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya – Almaniya və Avstriyaya yollanmışdı. Berlin, İen və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçmiş, əcnəbi dillərə yiyələnmişdi. Miçiqan Universitetinin Antropoloji Arxeologiya Muzeyinin rəsmi saytında yerləşdirilmiş tərcümeyi halında da qeyd edildiyi kimi 1927-ci ildə İstanbul Universitetindən Şərq tarixi üzrə magistr dərəcəsi alana kimi Avropanın bir neçə ali məktəbində təhsil almışdı.

Qəmər Ağaoğlu və ya Qəmər Talıbxanbəyova

İstanbula dönəndən sonra o, muzeyçilik sahəsində çalışmağa başlamışdır. İki il sonra isə Detroyt İncəsənət İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Mehmet Ağa-Oğlu ilə birlikdə Amerikaya köçmüşdür.
İstanbul Universitetindən aldığı Şərq tarixi üzrə magistr dərəcəsinin ardınca Qəmər Ağaoğlu 1938-ci ildə Miçiqan Universitetində "Graduate student "kursu keçərək Şərq incəsənətinin tarixi üzrə də magistr olmuşdu. Universitet nəzdindəki Antropologiya Muzeyi onu elmi-tədqiqatlar aparmaq məqsədi ilə asissent kimi çalışmağa dəvət etmişdi.
II Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi. İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı.
Müharibə qurtarandan dərhal sonra – 1945-ci ildə Antropologiya Muzeyinin Asiya Kolleksiyası adlandırılan Şərq bölümündə mühafiz asissenti (assistant curator) kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956-1974-cü illərdə isə baş mühafiz olmuşdu. Yeri gəlmişkən Qəmər Ağa-Oğlu 1980-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə bir sırada pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. 1949-1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor (dosent) vəzifəsini tutmuşdu. Həmin vaxtdan təqaüdə ayrıldığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu. O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944-1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı. Qəmər Ağaoğlunun "The William collection of East Asian ceramics” ("Şərqi Asiya keramikası. Vilyam kolleksiyası”), "The William collection of Far Eastern ceramics. Tonnancour section” ("Uzaq Şərq keramikası. Vilyam kolleksiyası. Tonnankour bölümü”, "Ying Ch`ing porcelain found in Filippin” ("Filippində Ying Ch`ing çinisi tapılmışdır”), "Ming blu and white jars in the University of Micigan collection” ("Miçiqan Universiteti kolleksiyasında mavi və ağ Ming bardaqları”) kimi kitab və broşürları, məqalələri və sərgi kataloqları mütəxəssislərin fikrincə Asiya və Uzaq Şərq tətbiqi sənətinin öyrənilməsinə ciddi töhfə idi. O, keramika mədəniyyətinə həsr olunmuş əksər beynəlxalq konfransların iştirakçısı, bir çox hallarda isə məruzəçisi qismində çıxış etmişdi. Miçiqan Universitetinin kampusunda (Ann-Arbor), habelə yerli Təbiət Tarixi muzeyində Qəmər xanımın yaxından iştirakı və təşkilatçılığı ilə çoxsaylı şərq incəsənəti sərgiləri keçirilmişdi.
Miçiqan universitetinin professoru Karlo Sinopoli Qəmər Ağaoğlu barədə yazırdı:
"Mən həmişə Qəmərin bir neçə addım irəlini görməsindən və kolleksiyalara dərin bələdliyindən heyrətlənirdim. Asiya keramikasını incəlikləri ilə anlayıb dəyərləndirmək baxımından şübhəsiz, dövrünü xeyli qabaqlamışdı. Onun əsərləri bu gün də yarandığı şəraitin ruhuna uyğunluğunu qorumaqdadır. Kolleksiyamızdakı əlyazmalarında irəlini görməyə imkan verən xeyli məqamlar var və yenə ondan öyrənməyə davam etməliyik. "
Qəmər Ağaoğlunun ölümündən 33 il sonra, 2017-ci ilin iyununda Miçiqan Universiteti yanındakı Asiya muzeyinin mühafizi təyin olunan Karlo Sinopoli demişdi:
" Mən qürur duyuram ki, bir zamanlar Qəmər Ağa-Oğlunun – Asiya keramikası sahəsində bu qeyri-adi alimin tutduğu vəzifədə çalışacağam. "
Zəngin elmi arxivi və kitabxanası vəsiyyətinə əsasən 1985-ci ildə qızı Gültəkin A. Ludden tərəfindən Miçiqan universitetinin Antropologiya bölümünə hədiyyə edilmişdi.
 Qəmər Ağalıoğlu 1984-cü ilin avqustunda 80 yaşında vəfat etmişdir.

Qəmər Ağaoğlu və ya Qəmər Talıbxanbəyova 


Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.