» » Azərbaycanın ilk maarifçi qadınlarından Hənifə xanım Məlikova - Həsən bəy Zərdabinin həyat yoldaşı

Azərbaycanın ilk maarifçi qadınlarından Hənifə xanım Məlikova - Həsən bəy Zərdabinin həyat yoldaşı

Müəllif: Anaveusaq.az от 4-05-2021, 00:20

 

Azərbaycanın ilk maarifçi qadınlarından   Hənifə xanım Məlikova - Həsən bəy Zərdabinin həyat yoldaşı

 

Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Hənifə xanım Məlikova Şimali Qafqazda - Nalçikdə doğulmuşdur.
hənifə xanım Həsən bəy Zərdabinin həyat yoldaşı olmuşdur. O, Tiflisdə "Müqəddəs Nina" adlı qız məktəbində təhsil almışdır.

Zərdabi həyat yoldaşını necə seçib?

O zamanlar Həsən bəy 30 yaşlarında idi və evlənmək haqqında düşünürdü. 1869-cu ildə Həsən bəy Bakı realnı məktəbində tarix müəllimi işləyirdi. Həmin dövrlərdə ailə qurmaq üçün təhsilli qadın tapmaq çox çətin idi və Həsən bəy də məhz təhsilli bir qadın axtarırdı ki, onunla ailə qursun. Çətinlik onda idi ki, o vaxtlar təhsilli müsəlman qadınlar həddindən artıq çox az idi.
Bir dəfə o, "Qafqaz” qəzetində 1872-ci ildə Tiflisdəki "Müqəddəs Nina” adına təhsil müəssisəsində kurs bitirmiş qızların siyahısına rast gəlir. Bu siyahıda yalnız bircə nəfər müsəlman qızın adı var idi. Bunu görəndə Həsən bəyin gözləri işıqlanır, sanki "samanlıqda iynə tapmış” kimi olur və cəsarətli bir addım atmaq qərarına gəlir.
Həsən bəy təcili olaraq Tiflisə gəlir və öz fikrini həmin təhsil müəssisənin rəisinə bildirir. Rəis onu 16 yaşlı qəşəng bir qızla tanış edir. Bu qız – Ter vilayətinin Nalçik şəhərində anadan olmuş, çar ordusunun zabiti, balkar knyazı Aslanbəy Abayevin (1856 – 1929) qızı Hənifə Abayeva idi. Hənifə Abayeva – Şimali Qafqaz üzrə ali təhsil almış ilk müsəlman qadın olmuşdur. Elə ilk görüşdən onların həyata baxışları, xalqın maariflənməsi yolunda məqsədləri tam üst-üstə düşür və az bir müddətdən sonra onlar ailə qurmaq qərarına gəlirlər.
1872-ci ildə Həsən bəylə Hənifə xanım evlənirlər və bundan sonra bütün həyatlarını müsəlman xalqının maarflənməsinə həsr edirlər.
Sonralar Əlimərdan bəy Topçubaşov ((1862- 1934) ictimai və dövlət xadimi, hüquqşunas, jurnalist, Birinci Rus Dümasının deputatı (1906), Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri (1918-1920), Həsən-bəy və Hənifə xanımın böyük qızı (Tiflisdə "Müq. Nina” təhsil müəssisəsində ali təhsil almış Pəri ilə ailə qurmuşdur) yazırdı: - "Gənc Hənifə xanım Məlikova-Zərdabi özünün doğulduğu gözəl təbiətli, səfalı Balkariyasını, sonralar onu və həyat yoldaşını şan-şöhrətli edəcək Xəzər sahillərinə dəyişir. Həsən bəylə Hənifə xanım ailə qurduqdan sonra həyatın çətinliklərində də, xoş günlərində də bərabər, çiyin-çiyinə addımladılar. Bir-birinə yaxın dost, maarifçilik işlərində dəyərli həmkar və gördükləri bütün işlərdə bir-birinə köməkçi və məsləhətçi oldular. Onlar birlikdə xalqın maariflənməsi yolunda çox böyük işlər görmüş, böyük uğurlar qazanmışlar.
1873-cü ildə Həsən bəy ilk dəfə olaraq azərbaycan dilində teatr tamaşası təşkil edir. Hənifə xanım isə öz evində müsəlman qızları üçün məktəb açmışdır. Hənifə xanım və Həsən bəy Zərdabi müsəlman qızların təhsil almaları üçün var gücləri ilə çalışırdılar. Onlar hətta, qızlar üçün şəxsi pansion açmaq planlaşdırırdılar, lakin bunu yaratmaq üçün böyük məbləğ tələb olunurdu.

Azərbaycanın ilk maarifçi qadınlarından   Hənifə xanım Məlikova - Həsən bəy Zərdabinin həyat yoldaşı

 

Hənifə xanım Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı idi. O, 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olur.
Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində çox əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində, mənzillərində pulsuz məktəb açdılar və təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrətdilər.
Hənifə xanım Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynamışdır. O, məşhur "Nicat"cəmiyyətinin Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olmuş, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləmişdir. 1908-ci ildə ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaranmasında təşəbbüs göstərmişdir. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdiri vəzifəsində çalışmışdır.
Hənifə xanım deyirdi: "Həyatımın məqsədi - bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam".
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə işləmişdir.
Hənifə xanım 1929-cu ildə vəfat etmişdir.

Azərbaycanın ilk maarifçi qadınlarından   Hənifə xanım Məlikova - Həsən bəy Zərdabinin həyat yoldaşı

 

Mənbə: İnternet resursları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.