On üç yaşlı əlil qızın qeyri-adi istedadı
Müəllif: Akif Əhmədov от 10-10-2016, 06:12

AZƏRTAC xəbər verir ki, valideynləri onun bacarıqlı rəssam kimi yetişməsi üçün Mingəçevirdə yerləşən "Uşaq və ailəyə dəstək” Mərkəzinin bacarıqlı əllər dərnəyində hazırlaşmasına şərait yaradır. Arzunun qeyri-adi istedadını isə bu mərkəzin müəllimləri üzə çıxarıb. Belə ki, yaradıcılıqla məşğul olan uşaqlar arasında hər kəs toxuma işini millər və milçələrlə görür. Amma Arzu Babayeva fərqli formada, yəni balaca barmaqları ilə rəngli saplardan corab, gödəkcə, şərf, papaq, boyunluq və digər geyim əşyaları toxuyur.
Mərkəzin toxuculuq dərnəyinin rəhbəri Səmərrux Həmidova və bacarıqlı əllər dərnəyinin rəhbəri Nərgiz Əlizadənin əməyi nəticəsində Arzu bu peşəyə yiyələnib. İndi Arzunun 13 yaşı var. O, hazırda müəllimlərin köməyi olmadan müxtəlif geyim əşyalarını həm millə, həm də barmaqları ilə toxumağı bacarır. Səmərrux müəllimə deyir ki, barmaqlarla toxuma növünü Arzuya qısa vaxtda öyrədib və o, hazırda bu işin öhdəsindən bacarıqla gəlir. Onun anası kor və kar olan Arzu Babayevanın bu cür qeyri-adi istedada malik olduğunu və barmaqlarla toxuma işi gördüyünə inana bilmədiyini deyir. Arzu evdə boş dayanmağı sevmir. O, yaradıcılıqla yanaşı, həm də ingilis dilini öyrənir. Müəllimlərinin dediyinə görə, sərgilərdə Arzunun əl işlərinə maraq daha böyük olur.
Mərkəzin təlim-tədbirlər üzrə işçisi Elnarə Səmədova vurğulayıb ki, əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların təhsilini demokratik cəmiyyətin vacib tələblərindən birinə uyğunlaşdırmaqdır. Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, özünəxidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir. Son illər ölkəmizdə inklüziv təhsil sahəsində xeyli iş görülüb, müvafiq qanunvericilik bazası yaradılıb.
Mərkəzdə digər qüsurlu uşaqların əl işləri də nəzərimizdən qaçmadı. Adətən toxuculuğu qızlar yaxşı bacarır və onların bu sahəyə marağı böyükdür. Amma bu mərkəzdə toxucu oğlanlar da var. Onlardan biri, 12 yaşlı Yusif gözəl corab və papaqlar toxuyur. Yusif bu işə marağı olduğu üçün öyrəndiyini deyib.
Elnarə Səmədova bildirib ki, 18 yaşı tamam olan və mərkəzi bitirən uşaqların təhsillərini davam etdirmələri üçün onların peşə liseylərinə, kolleclərə daxil olmasına köməklik edilir. Hazırda mərkəzin 4 yetirməsi kolleclərdə təhsil alır.
Mənbə: http://azertag.az/xeber/On_uch_yasli_elil_qizin_qeyri_adi_istedadi-999891
- Oxunub: 2 881
- Şərhlər: 1
- Bölmə: Qadın / Ana
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar