» » Qonaq Allahın qonağıdır

Qonaq Allahın qonağıdır

 

Qonaq gələcəkmiş kimi evini,
ölüm gələcəkmiş kimi ürəyini təmiz saxla.

Mövlana

Üç dua vardır ki, heç şübhəsiz məqbuldur: məzlumun duası;
qonağın duası; atanın övladı üçün etdiyi dua.

Əbu Davud

Qonaq Allahın qonağıdır

 

Qonaq getmək, qonaq qarşılamaq, ən sevib hörmət etdiyi adamlarla bir yerdə olmaq, deyib gülmək, xatirələri birlikdə yada salmaq tam şəfqətli, səmimi bir ünsiyyət arzusudur.
Bu mədəniyyət fərli-fərqli formalarda bütün xalqlar üçün xasdır, o cümlədən bizim xalqımıza da. Bir azərbaycanlı olaraq hər birimizin dədə-babalardan miras qalmış bu adətimizlə öyünməyə haqqımız var.
Nə deməkdir "qonaq” ? Etimoloji mənasına gəlincə, "qonaq” deyəndə, görüşmək , hal-əhval tutrmaq üçün və ya hansısa bir məqsədlə qohumunun, dostunun, tanışının evinə gedən , eləcə də qohumunun, dostunun, tanışının evinə gələn şəxs başa düşlür.
Bizim xalqın tarixində qonağa ehtiram, hörmət həmişə yüksək olub, müqəddəs sayılıb.
Bunu şifahi xalq ədəbiyyatında qonaqpərvərliklə bağlı rast gəldiyimiz saysız-hesabsız nümunələr dönə-dönə təsdiq edir.

Daş kitabəmiz olan "Kitabi-Dədə Qorqud”dan məlumdur ki, Oğuz elinin hökmdarı Bayındır xan ildə bir dəfə xüsusi mərasim keçirərmiş. Bu mərasimlərdə Oğuz elinin bəyləri iştirak edərmiş. Bayındır xan onlara öz adına, Oğuz bəylərinin adına layiq qonaqlıq verər və deyərmiş: "Qonağı gəlməyən qara evlər yığılsa yeg!”.
Ümumiyyətlə, Dədə Qorqud cəmiyyətində qonaq sevməyən, qonaq üçünlayiqli süfrə açmayan, layiqli süfrə açmayan qadın "bayağı” adlandırılır, beləsi haqqında "bəbəkləri (uşaqları) doğulmasın” söylənilir. Oğuz bilicilərinə görə, o qadın "evin dayağı” hesab olunur ki, "yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər- içirər, ağırlar – əzizlər göndərər”.
Dədə Qorqudun qonağı olmayan evi qara rəngli hesab etməsi hələ evin uçmasından, yıxılmasından öncədir. Qonaq girməyən ev hansı rəngdə olursa-olsun, qara rəng assosiasiyası doğurur və belə evlər yıxılsa, yaxşıdır. Bu fəlsəfə ulu babalarımızın qonaqpərvərliklə bağlı əxlaqi dünyagörüşlərini daha təsirli edir.
Qonaqpərvərliklə bağlı bir-birindən dərin hikmət əxz edən atalar sözlərimizə birlikdə diqqət edək:

Qonaq bərəkət gətirər.
Qonaq sevənin süfrəsi boş olmaz.
Qonağın ruzusu özündən qabaq gələr.
Qonağını əzizləyən onun atına da ot qoyar.
Qonaq öz qisməti ilə gəlir.
Qonaq sevməyən adamın dostu az olduğu kimi, qonaqsız evin də tozu çox olar.
Qonaq ruzisi ilə gəlib-gedir, amma evə bolluq, bolluq gətirir.
Bu həyatda hər şeyin bir sədəqəsi var. Evlərimizin xeyriyyəsi qonaqlardır.


Bir hekayətdə isə deyilir ki: "İki dost olur. Bunlar təsadüfdən-təsadüfə küçədə, yolda rastlaşır, görüşüb hal-əhval tuturlarmış. Bir gün dostlardan biri arvadını və yeniyetmə oğlunu götürüb dostunun evinə qonaq gedir. Dostunun özü və ailəsi onları mehribanlıqla qarşılayır.
Əziz qonaqların gəlişi münasibətilə ev sahibəsi çilov hazırlayır.
Xörək qabağa gəlir. Adamlar əllərini çilova atırlar. Elə bu vaxt ev sahibinin qızı qapıdan içəri daxil olur. Oğlan həyəcanlanır, özünü ələ ala bilmir, bədahətən deyir:
 
Əzizinəm, çilovlar,
Çil kəkliklər, çil ovlar,
Gözə tərlan göründü,
Əldə qaldı çilovlar.”


Beləcə, saf niyyətlər, xoş arzular Allah bəndələrini yadlaşmağa, laqeydləşməyə qoymur, bir xoş niyyət digər bir xoş niyyətə yuva olur, onu pərvazlandırır.
Neçə-neçə əbədi sevgilərin ilk işartısı da belə qonaqlıqlardan qor tutub. Çünki ulularımız ailə qurarkan, həyat yoldaşı seçərkən, zahiri təfərrüatlara varmayıblar.Onlar qız tərəfidirlərsə, oğlanın ağıl-kamalına, məşğuliyyətinə, valideynlərinə, əsl-nəcabətlərinədiqqət yetiriblər. Oğlan tərəfidirsə, qızın oturuşuna-duruşuna, geyim-cekiminə, əl qabiliyyətinə, valideynlərinə, qohuların qohumluluq münasibətlərinə önəm veriblər. Çünki övladlarının gələcək ailə həyatlarının möhkəm, mehriban olması üçün bunlar ölçü idi, şərt idi.
Bəlkə də ata-ana bütün bunları kəşf etmək üçün əvvəlcədən götür-qoy etmişlər ki, qonaq getmək bəhanəsi ilə gedərik, altdan-altdan parametrlərimizin uyğunluq dərəcəsini bilərik.
Amma nabələd adam, yolçu da bir kənddə, obada gecəyə düşərsə, Allahın adını tutub tanımadığı hansısa bir evə üz tuta bilər. Onun oğluna qız axtarmaq və yaxud qızını bir yaxşı ailəyə vermək niyyəti, əlbəttə, olmur.
Kimliyindən, haradan gəlməsindən asılı olmayaraq nabələd qonaq belə qapısını döydüyü hansısa bir evin əziz adamı kimi qarşılanacaq. Bu anda isə Allah adına insana yaramaq, bir yolçuya yolu nişan vermək, təhnəsində çörək olmayan qonşuya bişirdiyi iki isti təndir çörəyi göndərmək, bir sözlə, çətində, darda özünü tənha, kimsəsiz hiss etməmək, Allahın adını tutub qarşısına çıxan hansısa qapıya pənah aparmaq kimi insani keyfiyyətləri formalaşdırırıq, yaşadırıq, övladlarımıza, həmcinslərimizə əxz edirik.Necə ki, biz özümüz də bunu böyüklərimizdən əxz etmişik.
Yaşadığımız uşaqlıq illərimizin hafizələrimizdə bununla bağlı o qədər xatirələri var ki. Hər ailənin 2 və yaxud 3 otaqlı evi olardı. Bu otaqların biri, özü də ən səliqəsi, genişi qonaq otağı olardı. Ora həmişə bağlı olardı. Analarımız həmişə deyərdilər ki,bax, qonaq otağına girməyin ha. Otağın səliqə-saxmanın pozarsınız, qəflətən qonaq gələr, utanarıq. Qonaq otağı olan ailənin mütləq də qonaqlıq ehtiyatı olardı. Günün hansı vaxtında qonaq gəlsəydi, daha belə ailələr mağazaya, bazara, qonşuya qaçmazdılar.
Səmimi, qonaqpərvər bir ev sahibi xatirələrdə silinməz iz buraxardı. İstəyirdik ki, bu evə elə həmişə o, qonaq gələ. Mən inanmıram ki, elə bir ailə, elə bir insan olsun ki, nəinki qonaq qəbul etməsin, hətta qonaq olmağın özünə pis baxsın.
1-2 ay bundan öncə cəmiyyətdə müəyyən qədər tanınmış bir ziyalımızın belə halla bağlı bir yazısı dərc olunmuşdu. Ziyalımız yazırdı ki, bəlkə getdiyin evin yeməyə çörəyi yoxdur, bəlkə heç o, qonaq istəmir və sair.
Elə həmin vaxt bu yazıya münasibət bildirmək istədim və yazmağa da başladım. Tamamlamağa az qalmış, texniki xəta verdi, yazdıqlarım pozuldu. Onu bu dəfə tamam yenidən yazmalı oldum.
Mənim də az yaşım yoxdur ki. Qonaq istəməyən, qonaq gələ biləcəyini ehtimal edib evdən qaçan adam varmı-yoxmu, mənə rast gəlməyib, görməmişəm.
Amma qonaq qarşılamaq, qonaq getmək və bu proseslərdə elementar etiket qaydalarını bilməyən, onu gözləməyən ailələrə təsadüf oluna bilər, qonaq belə şeylərə çox həssas olur, əgər bunlara oxşar bir şey baş verirsə, o, özünü sıxılmış hiss edir, iynə üstündə oturmuç kimi olur bu evdə.
Bütün bunlara baxmayaraq, Azərbaycan ailəsi üçün "bəlkə onun yeməyə çörəyi yoxdur, bəlkə o, qonaq istəmir” və sair bu kimi ədalətsiz fikirlər söyləmək tamam yanlışlıqdır.
Birmənalı olaraq bizim xalqımız qonaqpərvər xalqdır. Səməd Vurğun bir qoşmada bu fikrin möhürünü vurub:

Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.

Sadəcə, qonaq qarşılamaq, qonaq gedərkən davranış normaları və bir sıra xüsusatlar var ki, qapısını qonağın üzünə açan hər bir insan üçün bunları bilmək böyük əhəmiyyət kəsb edir.
 

Qonaq Allahın qonağıdır

 

Qonağı düzgün qarşılamaq həm mədəniyyətimizdə, həm də inancımızda son dərəcə mühüm yer tutur.
Bu hal qonaqların özü üçün də vacib məsələdir.
Bəzən heç bir etiket qaydalarını, davranış normalarını bilməyən qonaqlar da olur, təbii ki, belələri də heç bir ev üçün arzulanmır.
Çünki onlar qonaq olduqlarını unudur və hətta, bəzən sərhədləri də keçirlər. Bu cür hallarda qonaqpərvərlik andına səadaqətli olan ev sahibləri yenə qonaqpərvərliyini davam etdirir, onun qapısına gələni Allah eşqinə yola verir. Çünki qonaq Allahın bəndəsinə göndərdiyi bir hədiyyədir.
Qonaqları qarşılamaq və məmnun etmək özü də bir insanlıq sənətidir. Böyük ürəyi olmayanlar bu sənətin incəliyini qavraya bilməz.
Əsl qonaqpərvərliyin olduğu yerdə sevgi və xoşbəxtlik çox olur. Odur ki, süfrələrinizi yeməklərin müxtəlifliyi ilə deyil, qonaqlarınızın zənginliyi ilə bəzəyin.
Bir ata sözündə deyildiyi kimi, qonaq on qismətlə gəlir, birini yeyir, doqquzunu saxlayır. Yəni, inaclarda həmin evə hələ doqquz qonağın gələcəyinı işarə var . Odur ki, qarşıda gələcək qonaqlara bir ruzi, isti münasibət zəmanəti verilir. Qonaqpərvərlik əlaqələrinin davam etdirilməsinə bir nikbinlik ifadə edilir, bu əlaqələrin davam etdirilməsinə qədirşünaslıq yaradılır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.