» » Toy üzüyünü itirən fil -İbrət

Toy üzüyünü itirən fil -İbrət

 

Toy üzüyünü itirən fil -İbrət

 

Meşədə bir fil sürüsü yaşayırdı. Sürüdə evlənmək istəyən Draku adlı yaraşıqlı bir erkək fil vardı. Draku bütün günü meşədə dolaşır, öz həmdəmini axtarırdı.
Günlərin bir günü meşəyə başqa bir fil sürüsü gəldi. Sürüdə gözəlliyi ilə seçilən Emu adlı dişi bir fil də vardı. Bütün günü meşədə gəzib dolaşan Draku bir dəfə Emunu gördü. Elə görən kimi də bir könüldən min könülə ona aşiq oldu.
Draku fikrini elə gizli saxlayan fillərdən deyildi. Elə buna görə də Emuya dərdini açdı. Əslində, Draku da Emunun xoşuna gəlirdi. Ancaq bu, bir gündə veriləcək qərar deyildi. Ona görə də Emu bir-birlərini daha yaxşı tanımaqdan ötrü Drakudan bir qədər möhlət istədi.
Fillər bir-birini tanıdıqca daha çox ortaq xüsusiyyətlərinin olduğunu gördülər. Beləcə, bir neçə ay sonra ailə qurmağı qərar verdilər. Bunu əvvəlcə ailələrinə, ailələri də sürünün ağsaqqal-ağbirçəklərinə bildirdilər.
Uzun müddətdir ki, toy görməyən hər iki fil sürüsü bu cütlüyün ailə qurmasına ürəkdən sevindilər. Emunun sürüsündəki bəzi yaşlı dişi fillərə gəlin üçün cehiz hazırlamaq tapşırıldı. O biri fillər isə digər toy hazırlıqlarını görəcəkdilər.
Draku tərəfdəki erkək fillər də toyun keçiriləcəyi və cütlüyün rəqs edəcəyi yeri hazırlamağa başladılar. Fillər toyun yaxşı keçməsi və yaddaşlarda qalması üçün nə lazımdısa, edirdilər.
Toya bir müddət qalmış Draku dostundan xahiş elədi ki, onlara toy üzüyü hazırlasın. Dostu Drakunun bu xahişini yerinə yetirdi və cütlük üçün çox gözəl bir cüt üzük hazırladı.
Toydan bir gün əvvəl Draku dostunun hazırladığı üzükləri götürmək üçün getdi. Üzüklər, həqiqətən, çox gözəl idi. Draku onları bu qədər gözəl hazırladığı üçün dostuna təşəkkür elədi. Üzükləri də xortumuna taxıb evin yolunu tutdu.
Toyun bütün hazırlıqları tamamlanmışdı. Sadəcə bəy və gəlin paltarını götürmək qalmışdı. Draku yolda gələ-gələ bunu düşünürdü. Birdən ayağı yoldakı qaya parçasına ilişdi və yolun kənarındakı çaya yıxıldı. Ayağa qalxanda gördü ki, üzüklərdən biri yoxdur.
Üzüyün itməsi onun kefini elə pozdu ki, nə edəcəyini bilmədi və tələm-tələsik üzüyü axtarmağa başladı. Çaya yıxıldığı yeri ayağı və xortumu ilə eşələdi. Ancaq üzüyü tapa bilmədi ki, bilmədi.
Elə bil yer tən yarılmışdı və üzük də onun içinə yuvarlanıb qeyb olmuşdu.
Draku axan çayda üzüyü tapmağın o qədər asan olmadığını bilirdi. Üstəlik, o eşələdikcə çayın suyu da çox bulanmışdı. Bu isə özünü çarəsiz və ümidsiz hiss eləməsinə səbəb olmuşdu.
Yaxınlıqdakı bir bayquş bayaqdan bu hadisəni müşahidə edirdi. Birdən o Drakuya: "Sakit ol!” – dedi.
Bunu eşidən Draku bir az da həyəcanlandı. Fikirləşdi ki, yəqin, bayquşun baş verəndən xəbəri yoxdur. Axı sabah toyu idi və onun yeni bir üzük düzəltdirmək üçün vaxtı da yox idi. Üstəlik, üzüksüz qayıtsa, Emuya nə deyəcəkdi? İnsanlar onun haqqında nə düşünəsi idilər? Çayın içində üzüyü axtararkən belə suallar onu rahat buraxmırdı.
Bir qədər sonra Bayquş Drakuya bir də səsləndi: "Mənə qulaq as. Bir az sakitləş! İnanıram ki, hər şey yaxşı olacaq. Sadəcə özünü ələ al.”
Draku bayquşların müdrik olduqlarını bilirdi. Onu dinləməyə qərar verdi. Bir neçə dəqiqə hərəkətsiz dayandı. Özünü ələ aldı və sakitləşdi. Bu müddətdə artıq çayın bulanmış suları durulmuşdu. Günəş şüaları çayın dibini aydın göstərirdi. Elə bu vaxt Draku çayın dibində par-par parıldayan üzüyü gördü. Tez atılıb onu götürdü. Və bu hadisənin ona öyrətdiyi dərsi bir də heç unutmadı...
Bəli, Drakunun ümidsizliyi, çarəsizliyi və həyəcanı suyu daha çox bulandırmışdı. Beləcə, gözünün qabağındakı üzüyü görə bilməmişdi. O, bayquşa qulaq asaraq özünü ələ almış və diqqətini özünə cəmləmişdi. Beləcə, sakitləşmişdi. Bu vaxt ərzində sular da durulmuşdu. Nəticədə, üzük tapılmışdı...
Draku müdrik bayquşa təşəkkür edərək oradan uzaqlaşdı. Sabahkı toya hazırlıq üçün evinə qayıtdı...

Toy üzüyünü itirən fil -İbrət

Qeyd: Psixoloq Tahir Akqubayevin səhifəsindən götürülüb

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.