» » Nərmin Səfərova: “Nitq problem yaşayan uşaq üçün ən yaxşı mütəxəssis ananın özüdür”

Nərmin Səfərova: “Nitq problem yaşayan uşaq üçün ən yaxşı mütəxəssis ananın özüdür”


Nərmin Səfərova: “Nitq problem yaşayan uşaq üçün ən yaxşı mütəxəssis ananın özüdür”Son illər uşaqlar arasında nitq probleminin kifayət qədər aktuallaşdığı, bu problemin xeyli sayda valideyni narahat etdiyi hər kəsə məlumdur.

Moderator.az olaraq tanınmış defektoloq-loqoped Nərmin Səfərova ilə müsahibəmizdə bu problemi doğuran səbəblərlə yanaşı, onu ortadan qaldırmağın yollarını müzakirə etməyə çalışdıq.

-Nərmin xanım, ilk öncə bilmək istərdik ki, nitq ləngiməsi nədir və onun doğuran səbəblər hansılardır?

-Nitq ləngiməsi uşağın nitqinin yaş səviyyəsinə uyğun olmaması və nitq inkişafı baxımından yaşıdlarından geri qalması halıdır. Nitq ləngiməsi zamanı bunun zamanla həll olmasını gözləmək və ya bu halı genetika ilə əlaqələndirib (atası, əmisi və.s. də gec danışıb) mütəxəssisə müraciət etməmək olmaz. Çünki uşağın nitqinin inkişafı üçün aktual dövrlər erkən yaşlar hesab olunur. Nitqin ləngiməsi uşaqda başqa problemlərin yaranmasına gətirib çıxara bilər. Əqli gerilik də bunlar arasındadır. Təfəkkür və nitq bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Nitqin ləngiməsi öz növbəsində təfəkkürün də inkişafını ləngidir. Bununla yanaşı, nitqin olmaması aqressiyanın da yaranmasına səbəb olur. Fikrini sözlərlə ifadə edə bilməyən uşaq gərginləşir və vurma, ağlama, özünü yerə çırpma kimi davranışlar nümayiş etdirir. Nitq ləngiməsi uşaqların sosial münasibətlərinə də mənfi təsir göstərir. Danışa bilmədiyi üçün digər uşaqlar onlarla oynamaqdan imtina edə bilərlər. Nitq ləngiməsini yaradan səbəblərə isə bətndaxili problemlərin olması, ananın hamiləlik dönəmində yaşadığı stressi, oksigen çatışmazlığını, ananın keçridiyi infeksion xəstəlikləri aid etmək olar. Bunlarla yanaşı, uşağın nitq inkişafı zamanı uşqlara laqeyd davranma (telefon, televizor verilməsi), valideyn tərəfindən pedaqoji baxımsızlıq, uşaqla uşaq dilində danışmaq və s. də ünsiyyətsizliyə gətirib çıxardır və nəticədə hər hansı uşağın nitqi yaşıdlarından gecikmiş sayılır.

-Bəzi valideynlər övladlarının danışmamasına, yaxud nitqindəki problemlərə görə narahat olmur, buna "zamanla düzələn” problem kimi baxırlar. Məlum problemi zamanın öhdəsinə buraxmaq, bunun zamanla həllinə ümid etmək nə dərəcədə məntiqlidir?

-Təəssüf hissi ilə bildirməliyəm ki, nitq problemləri hal-hazırda dövrümüzün ən qlobal məsələsinə şevrilmişdir. Lakin buna baxmayaraq bəzi valideynlərimiz vardır ki, bu problemləri problem kimi görmür, zamanla düzələcəyini düşünürlər. Əgər bir uşağın 3 yaşı varsa və hələ də yalnız "baba”, "nənə” kəlməsindən başqa heç nə söyləmirsə, artıq valideyn həyəcan təbili çalmalıdır. Çünki bu sahə həm uzunmüddətli, həm də səbr tələb edən bir işdir. Valideyn uşağın bu yaşında narahat olmursa, məktəbəqədər və ya məktəb yaş dövründə uşağın necə çətinlik çəkəcəyinin şahid olacaqdır. Bu, özünü psixoloji hal kimi də büruzə verəcəkdir. Nitqi gecikmiş uşaqlarda məktəb yaş dövründə mütləq ki, hər hansı səs problemləri qalacaqdır. Bu halın yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək vacibdir.

- Uşaq hansı yaşda danışmalıdır, yaxud uşağın hansı yaş həddinə çatdığı təqdirdə danışmaması valideyni narahat etməlidir?

-Uşağın nitqi yaşlıların nitqinin təsiri altında formalaşır və həyatının ilk günlərindən başlayaraq nitq praktikasından, normal nitq mühitindən, təlimindən və tərbiyəsindən asılı olur. Nitq anadangəlmə olmur. O, uşağın ümumi inkişafının göstəricisi olaraq fiziki və əqli inkişafla paralel ontogenez prosesində inkişaf edir. Tədqiqatçılar uşaqların nitqinin təşkkül mərhələlərini müxtəlif cür adlandırırlar və hər mərhələdə müxtəlif yaş həddi göstərirlər. Leontyev uşaqların nitqinin təşəkkülünü 4 mərhələyə ayırmışdır. 1-ci hazırlıq mərhələsi – 1 yaşa qədərki dövrü əhatə edir. 2-ci mərhələ kiçik məktəbəqədər mərhələ - dilin ilk mənimsənilməsi müddətidir və 3 yaşa qədərki dövrlə məhdudlaşır. 3-cü mərhələ məktəbəqədər mərhələ-7 yaşa qədər olan dövrü əhatə edir. 4-cü isə məktəb dövrüdür.

Baxın, 1-ci mərhələdə, yəni uşaq anadan olduğu andan etibarən 1 yaşına qədər olan dövrdə nitqi mənimsəməyə hazırlıq prosesi egdir. Səs reaksiyaları yaranır: çığırtı, ağlamaq. Bunlar insanın nitq səslərinə çox uzaq olsa da, artikulyasiya aparatının 3 şöbəsində çox incə və müxtəlif hərəkətlərin inkişafına kömək edir. Təxminən 2 aylığında uğultu, 3 aylığında vağ-vuğ başlayır. Bunlar qeyri-müəyyən səs birləşmələridir. Zaman keçdikcə, ay ötdükcə artıq uşaqların səslərində müxtəlif növ dəyişikliklər rast gəlmək mümkündür.

2-ci mərhələdə söhbət kiçik məktəbəqədər yaş dövründən gedir. (1 yaşdan 3 yaşa qədər olan dövr). Uşaqda ilk sözün yaranması ilə nitqin hazırlıq mərhələsi tamamlanır və aktiv nitqin təşəkkülü mərhələsi başlayır. Bu vaxt uşaqda ətrafdakıların artikulyasiyasına xüsusi diqqət yaranır. O, danışanı çox həvəslə təkrarlayır. Bu zaman körpə səsləri qarışdırır, yerlərini dəyişdirir, təhrif edir.

Kiçik məktəbəqədər yaş dövründə uşaqların söz ehtiyatının artması hqqında çox geniş yayılmış məlumatı nümunə gətirə bilərik: 1 yaş 6 ay 10-15 söz, 2 yaşın sonu – 300 söz, 3 yaşda – 1000 söz, 4-6 yaşlı uşaqlara 3000-4000 söz çatır. Bu dövrdə fonematik qavrama çox təkmilləşir. Əvvəlcə sait və samit səsləri, sonra kar və cingiltili, daha sonra fısıltı və fısıltılı səslər formalaşır. 4 yaşına qədər uşaq bütün səsləri differensialaşdırmağa çalışır. Və təbii ki, həm də fonematik qavrama tam formalaşmış olur.

Uşaqların ümumiyyətlə nitq inkişafı prosesinin vaxtında və düzgün keçməsi üçün müəyyən şərtlər lazımdır. Bunlara aşaıdakılar aiddir.

1.Psixi və somatik cəhətdən sağlam olmalıdır.
2.Normal əqli qabiliyyəti olmalıdır.
3.Eşitmə və görməsi normal olmalıdır.
4.Lazımınca psixi aktivliyə sahib olmalıdır.
5.Nitq ünsiyyətinə tələbatı olmalıdır.
6.Sağlam nitq mühiti olmalıdır.


- Nərmin xanım, bu gün uşaqlarla, onların nitq problemləri ilə məşğul olan mərkəz və mütəxəssislər kifayət qədər çoxdur. Lakin reallıq bundan ibarətdir ki, onların heç də hamısı yüksək xidmət ortaya qoymur. Sizcə valideyn övladının nitq probleminin həllinə kömək edəcək mütəxəssis və ya mərkəz seçəndə hansı amilləri nəzərə almalıdır?

- Təəssüf ki, hal-hazırda çox bu sahəyə uyğun olmayan, daha çox biznes xatirinə çalışmaq istəyən insanların sayı çoxalıb. Təbii ki, valideynlərə keyfiyyət daha önəmlidir. Mən hər zaman valideynlərə bildirirəm ki, çalışın bu sahənin əsl mütəxəssisinə müraciət edin, araşdırın və ucuz reklamın qurbanı olmayın. Qeyri-mütəxəssisə üz tutanda təbii ki, həm valideyn, həm də uşaq zaman itirmiş olur. Bu isə uşağın gələcək inkişafında çox mühüm rol oynayır.

- Nitq problemi olan uşaqların müalicəsində loqopedlə yanaşı, valideynlərin üzərinə hansısa öhdəliklər düşür? Bu məsələdə mütəxəssis-valideyn əməkdaşlığı nə dərəcədə önəmlidir?


-Bu sual ətrafında çox geniş müzakirələr aparmaq mümkündür. Əgər bir uşağın nitqi problemlidirsə, bu uşaq haqqında düzgün anamnez toplanıb qərar verilməlidir. Bizim işimiz bir çox sahələrdə vəhdət təşkil edir və sıx bağlıdır. Valideyn bilməlidir ki, mütləq şəkildə nevropotoloq müayinəsi, psixoloq müayinəsi və sonra qərarən düzgün verilməsi üçün loqoped müayinəsi vacibdir. Nitq problemlərinin arxasında mühüm səbəblər dayana bilər. Belə olan təqdirdə valideynin uşaqdan müsbət nəticə alması mümkündür.

Hər zaman bildirirəm ki, ən yaxşı mütəxəssis ananın özüdür. Ana+loqoped birgə iş prosesi aparırsa, iş müddəti uzanmaz və uğurlu inkişaf təmin olunar. Ev tapşırıqları vacibdir və ona mütləq əməl edilməlidir. Əziz analar, unutmayın, səlis nitq uğurunuzun zəmanətidir! Bu yolda çalışan bütün valideynlərə səbr arzulayıram.

Seymur Əliyev
Mənbə:https://moderator.az/musahibe/395474/nitq-problem-yasayan-usaq-ucun-en-yaxsi-mutexessis-ananin-zudur/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.