» » Söhrab Sipehri - "Suyun ayaq səsi"

Söhrab Sipehri - "Suyun ayaq səsi"

 
 

Söhrab Sipehri - "Suyun ayaq səsi"

 

Söhrab Sipehri 1928-ci ildə İranın Kaşan şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Atası poçt və teleqraf idarəsində işləsə də, əslində sazbəndliklə məşğul idi, həm də gözəl xəttat kimi tanınırdı. Bu da Söhrabda sənətə hədsiz maraq yaradır. Məsihağa Məhəmmədinin araşdırmasında qeyd olunur ki, orta məktəb illərindən rəssamlığa böyük həvəs göstərib. Erkən çağlardan şeir yazmağa başlayıb.
Orta təhsilini başa vurduqdan sonra iki il Tehranda texnikumda təhsil alır. Sonra Kaşana qayıdır, beş il burada müəllim işləyir. 1948-ci ildə Tehran Universitetinin incəsənət fakültəsinə qəbul olunur və rəssamlığı həmişəlik özünə peşə seçir. Ancaq ədəbi yaradıcılığını da davam etdirir. 1951-ci ildə "Rəngin ölümü” adlı ilk şeirlər kitabı çap olunur. 1953-cü ildə "Yuxuların həyatı” adlı ikinci kitabı işıq üzü görür. 1955-ci ildə "Süxən” dərgisində yapon şeirindən tərcümələri dərc edilir.
Universiteti bitirdikdən sonra S.Sipehri daha çox dövlət idarələrində çalışır. Bir müddət sonra Fransa, Britaniya və İtaliyaya səfər edir. 1960-cı ildə Yaponiyaya gedir və orada ağac üzərində həkkaklıq sənətini öyrənir. Geri dönərkən yolunu çox sevdiyi Hindistandan salır.
Tehrana qayıtdıqdan sonra "Günəşin qəlpələri” və "Kədərin şərqi” adlı kitablarını oxuculara təqdim edir. Artıq istedadlı şair və gözəl rəssam kimi tanınan S.Sipehri 1961-ci ildə ilk fərdi sərgisini təşkil edir. Daha sonra əsərlərini Fransa, ABŞ, Braziliya və İsveçrədə fərdi və kollektiv sərgilərdə nümayiş etdirir. 1962-ci ildə özünü yaradıcılığa həsr edərək dövlət işlərindən birdəfəlik uzaqlaşır.
"Arəş” rüblük dərgisində şairin "Suyun ayaq səsi” və "Yolçu” poemaları dərc olunur. Poemalar haqqında o dövrün mətbuat səhifələrində geniş müzakirələr dərc olunur. Bildirilir ki, şair bu əsərlərində hər hansı bir məkan və fərddən deyil, ancaq insan və həyatdan danışır. Müəllifin 1968-ci ildə "Yaşıl həcm” adlı daha bir kitabı işıq üzü görür. Kitabda şairin poetik istedadı bütün miqyası ilə nümayiş olunur. O, bu əsəri ilə müasir fars şeirinin beş aparıcı simasından biri olduğunu təsdiq edir.
Buna baxmayaraq, şairin poetik dili tənqidlərə məruz qalır. Yaradıcılığının bədii-fəlsəfi mahiyyətinə müxtəlif cür yanaşılır. O, sürrealist, buddist, sufi adlandırılır. Onun "Nilufər” və "Bodhi” kimi şeirlərində buddizmə maraq çox aydın təzahür edir. Şairin fransız sürrealist poeziyasına vurğunluğu və şeirlərində yuxu ilə gerçəkliyin qarışdırılması, irrasionallığa meyli əsas iradlar arasında idi.
S.Sipehrinin həyata baxışı, düşüncəsi, cəmiyyətə münasibəti "Suyun ayaq səsi” poemasında parlaqlığı ilə özünü göstərir. Əsərdə şair insanları yeni baxışa yiyələnməyə çağırır: "Gözləri yummaq gərək, başqa cür görmək gərək”. Şairin düşüncəsinə görə, insanlar geriyə baxmadan yaşamalıdır. Eyni zamanda ənənə yükündən, hər cür stereotiplərdən, hətta sözlərin şüurda doğurduğu ənənəvi obrazlardan xilas olmalıdır. Müasir cəmiyyətdə əriməyi, təbiətə qərq olmağı-təmasa girməyi bacarmalıdırlar.
Şairin "Biz heçik, biz - baxış” adlı daha bir kitabı 1977-ci ildə çap olunur. Yaradıcılığının ən coşqun çağlarında gözlənilmədən ruhdan düşür, yazmaq-yaratmaq həvəsi tamam azalır. Zənn edir ki, ömrünün sonu çatıb. Ona görə də altı toplusunu, iki poemasını və o vaxtadək dərc edilməmiş şeirlərini bir yerə toplayır. "Səkkiz kitab” adlı külliyyatını nəşr etdirir.
Bir müddət sonra şairin qan xərçənginə tutulduğu məlum olur. Xəstəliyi ilə əlaqədar 1979-cu ildə Londona gedir. 1980-ci ilin martında Tehrana qayıdır, aprelin 21-də dünyasını dəyişir. Kaşan şəhərinin yaxınlığındakı Ərdəhal kənd qəbiristanlığında dəfn olunur.
 
Söhrab Sipehri -  "Suyun ayaq səsi" (poema)

Anamın sükut dolu gecələrinə bağışlayıram!

Kaşanlıyam.
Güzəranım pis deyil.
Bir tikə çörəyim, azca ağlım, iynənin ucu boyda zövqüm var.
Ağac yarpağından yaxşı anam,
axar sudan yaxşı dostlarım var.

Və bir də çox yaxında olan Tanrım:
Bu şəbbular arasında, o uca şam ağacının altında,
suyun aydınlığı üzərində, otun qanunu üstündə.

Mən müsəlmanam.
Qibləm bir qızılgül.
Canamazım – bulaq, möhürüm – nur.
Səccadəm – çöl.
Mən dəstəmazı pəncərələrin titrəyişilə alıram.
Namazımda Ay axır, bütün rənglər axır.
Namazımın sonunda daş görünür:
Namazımın bütün zərrələri büllurlaşır.
Mən namazımı o zaman qılıram ki,
külək bir sərv ağacının başında azan vermiş olsun.
Mən namazımı otların təkbiri,
dalğaların iqaməsi ardınca qılıram.

Kəbəm su kənarında,
Kəbəm akasiyaların altındadır.
Kəbəm meh təki bağdan-bağa, şəhərdən-şəhərə gedir.

"Qara daş”ım bağçanın işığıdır.

Kaşanlıyam.
Peşəm rəssamlıq:
Arabir rəngdən bir qəfəs düzəldib sizə satıram ki,
onun içinə salınmış lalənin nəğməsindən
tənha ürəkləriniz təzələnsin.

Bu nə sözdür, bu nə söz.... Bilirəm,
şəkilim cansızdır.
Yaxşı bilirəm, mənim rəsmimdəki hovuz balıqsızdır.

Kaşanlıyam.
Bəlkə əslim-nəsəbim
Hindistanda bir ota, "İpək yurdu”nda bir saxsıya bağlanır.
Bəlkə əslim-nəsəbim
Buxara şəhərindəki bir fahişəyə çatır.

Atam qaranquşların iki qayıdışı, iki qar yağışı arxasında,
atam adamların Aylı gecələrdə iki yatışı arxasında,
atam zamanların arxasında ölüb.
Atam öləndə səma mavi idi.
Anam heç nə bilmədən yuxudan diksinib ayıldı, bacım gözəlləşdi.
Atam öləndə bütün polis nəfərləri şair idi.
Baqqal məndən soruşdu: necə batman qovun istəyirsən?
Mənsə ondan soruşdum: xoş könülün bir misqalı neçəyədir?

Atam şəkil çəkərdi,
tar düzəldər və çalardı,
yaxşı xətti vardı.

Bağımız bilik kölgəsi düşən tərəfdəydi.
Bağımız hisslərlə otların düyünləndiyi yerdi,
bağımız baxış, qəfəs və güzgünün təmas nöqtəsiydi.
Bağımız bəlkə də səadətin yaşıl dairəsinin bir qövsü idi.
O günlər Allahın kal meyvəsini yuxuda çeynəyərdim.
Suyu fəlsəfəsiz içərdim.
Tutu biliksiz yığardım.

Bir nar partladımı, istək fəvvarəsinin əli olardı.
Bir torağay oxudumu, ürək dinləmək zövqüylə yanardı.
Arabir tənhalıq üzünü pəncərəyə söykəyərdi.
Şövq gəlib qolunu hissin boynuna salardı.
Fikir oynayardı.
Həyat bayram yağışı, sığırçın dolu çinar kimi bir şeydi.
Həyat o vaxtlar bir nur və gəlincik sırasıydı,
bir qucaq azadlıqdı.
Həyat o vaxtlar musiqi hovuzuydu.

O uşaq barmaqlarının ucunda uzaqlaşdı yavaş-yavaş
iynəcələr küçəsindən.
Yükümü yığıb çıxdım yüngül xəyallar şəhərindən.
Ürəyim iynəcələrə soyuqluqla dolu.

Mən dünyaya qonaq getdim:
Mən kədər çölünə,
mən irfan bağına,
mən elmin çıraqban qəsrinə getdim.
Din pilləsindən yüksəyə getdim.
Şəkk küçəsinin sonunadək,
ehtiyacsızlığın sərin havasınadək,
məhəbbətin rütubətli gecəsinədək getdim.
Mən eşqin o başında bir kəsin görüşünə getdim.
Getdim, getdim qadınadək,
ləzzət çırağınadək,
istəyin sükutunadək,
tənhalığın gur səsinədək.

Yer üzündə çox şeylər gördüm:

Bir uşaq gördüm ki, Ayı iyləyirdi.
Qapısız bir qəfəs gördüm ki, onda işıq çırpınırdı.
Bir nərdivan gördüm ki, eşq onunla göyün damına qalxırdı.
Mən qadın gördüm ki, nuru həvəngdəstədə döyürdü.
Günorta onların süfrəsində çörək vardı, göyərti vardı, şehin sinisi vardı,
sevginin isti kasası vardı.

Mən dilənçi gördüm ki, qapı-qapı gəzib, qaranquş nəğməsi istəyirdi,
bir qovun qabığı önündə namaz qılırdı bir süpürgəçi – gördüm.

Bir quzu gördüm, çərpələng yeyirdi,
Bir ulaq gördüm ki, yoncanı başa düşürdü.
"Nəsihət” otlağında tox bir inək gördüm.

Bir şair gördüm ki, zanbağa "siz” deyə müraciət edirdi.

Mən kitab gördüm, bütün sözləri büllurdan.
Kağız gördüm, bahardan.
Muzey gördüm, yaşıllıqdan uzaq,
Məscid gördüm, sudan uzaq.
Bir fəqihin balışı yanında kuzə gördüm, sualla dolu.

Bir qatır gördüm, yükü "əsər”
Bir dəvə gördüm, yükü "hikmət və nəsihətlər”in boş səbəti.
Bir arif gördüm ki, yükü "tənnəna-ha ya hu”

Mən qatar gördüm ki, işıq aparırdı,
Mən qatar gördüm ki, fiqh aparırdı və necə ağır gedirdi.
Mən qatar gördüm ki, siyasət aparırdı (və necə də boşdu).
Mən qatar gördüm ki, nilufər toxumu və bülbül nəğməsi aparırdı.

Təyyarə gördüm ki, minlərlə fut yüksəklikdə şüşəsindən yer görünürdü:
şanapipiyin darağı,
kəpənəyin qanadındakı xalı,
qurbağanın hovuzdakı əksi
və milçəyin təhnalıq küçəsindən keçməsi.
Bir çinardan yerə enən sərçənin işıqlı istəyi.
Günəşin yetkinləşməsi.
Və gəlinciyin səhərlə gözəl qucaqlaşması.

Mən pillələr gördüm: şəhvət istixanasına,
şərab zirzəmisinə gedən pillələr.
Qızılgülün solması qanununa,
həyatın riyazi dərkinə,
işraq damına,
təcəlla səkisinə gedən pillələr.

Anam aşağıda
stəkanları çayın xatirəsində yuyurdu.

Şəhər görünürdü:
Sement, dəmir və daşın həndəsi bitkisi.
Yüzlərlə avtobousun göyərçinsiz damı.
Gülsatan güllərini hərraca çıxartmışdı.
Bir şair iki yasəmən ağacı arasında yelləncək bağlayırdı.
Bir oğlan məktəbin divarına daş atırdı.
Bir uşaq ərik çəyirdəyini atasının solğun canamazına tüpürürdü.
Və bir keçi xəritədə "Xəzər”dən su içirdi.

Bir paltarın yaxası görünürdü: dözümsüz boyunbağı.

Bir arabanın təkəri atın yorulması həsrətindəydi,
At – arabaçının yatması həsrətində,
Arabaçı da ölüm həsrətində.

Sevgi görünürdü, dalğa görünürdü.
Qar görünürdü, dostluq görünürdü.
Söz görünürdü.
Su görünürdü və şeylərin suda əksi.
Qanın qızmarında hüceyrələrin sərin kölgəliyi.
Həyatın rütubətli tərəfi.
Bəşər xislətinin kədər şərqi.
Qadın küçəsində veyillənmə fəsli.
Fəsil küçəsində tənhalıq qoxusu.

Yayın əlində bir yelpik görünürdü.

Toxumun çiçəyə səfəri.
Bu evin sarmaşığının o evə səfəri.
Ayın hovuza səfəri.
Torpaqdan novruzgülünün fəvvarəsi.
Cavan meynənin divardan sallanışı.
Yuxu körpüsünə şehin yağışı.
Ölüm xəndəyindən sevincin uçuşu.
Sözün arxasından hadisənin sovuşu.

Bir bacanın nurun istəyi ilə döyüşü.
Bir pillənin Günəşin uzun ayağı ilə döyüşü.
Tənhalığın bir nəğməylə döyüşü.
Armudların bir zənbilin boşluğu ilə gözəl döyüşü.
Nar ilə dişin qanlı döyüşü.

"Nasist”lərin küsdümağacı ilə döyüşü.
Tutuquşu ilə bəlağətin döyüşü.
Alının möhrün soyuqluğu ilə döyüşü.

Məsciddəki kaşının səcdəyə hücumu.
Küləyin sabun köpüyünün meracına hücumu.
Kəpənək ləşkərinin "ziyanvericilərlə mübarizə” proqramına hücumu.
İynəcə dəstəsinin boruçəkən fəhlələrə hücumu.
Qamış qələmin qara alayının qurğuşun hərflərə hücumu.
Sözün şairin fikrinə hücumu.

Bir əsrin bir şeir tərəfindən işğalı.
Bir bağın bir sığırçın tərəfindən işğalı.
Bir küçənin iki salam tərəfindən işğalı.
Bir şəhərin üç-dörd qarğı atlı tərəfindən işğalı.
Bir bayramın iki gəlincik, bir top tərəfindən işğalı.

Günortadan sonra döşək üstündə bir şax-şaxın qətli.
Yuxu küçəsində bir nağılın qətli.
Nəğmənin göstərişiylə bir qüssənin qətli.
Neonun fərmanıyla Ayın qətli.
Dövlət tərəfindən bir söyüdün qətli.
Qarçiçəyi tərəfindən bir sevdalı şairin qətli.

Bütün yer üzü görünürdü:
Qayda-qanun Yunanıstan küçəsi ilə gedirdi.
Bayquş "Asma bağ”da ulayırdı.
Külək Xeybər gədiyində tarix samanının bir dərzini Şərqə qovurdu.
Sakit Nəgin gölü üzərində bir qayıq gül aparırdı.
Benaresdə hər küçənin başında bir əbədi çıraq yanırdı.

Adamları gördüm.
Şəhərləri gördüm.
Çölləri, dağları gördüm.
Suyu, torpağı gördüm.
İşığı, qaranlığı gördüm.
Bitkiləri işıqda və qaranlıqda gördüm.
Heyvanları işıqda və qaranlıqda gördüm.
İnsanları işıqda və qaranlıqda gördüm.

Kaşanlıyam, amma
mənim şəhərim Kaşan deyil.
Mənim şəhərim itib.
Mən səbrlə, qızğınlıqla
gecənin o biri tərəfində ev tikmişəm.

Mən bu evdə otun rütubətli tanınmazlığına yaxınam.
Mən bağçanın nəfəs səsini eşidirəm
və bir yarpaqdan süzülərkən, zülmətin səsini.
Və bir ağacın arxasından işığın öskürməsini,
hər daş yarığından suyun asqırmasını,
baharın tavanından qaranquşun dammasını.
Və tənhalıq pəncərəsinin açılıb-örtülməsinin saf səsini.
Və sevginin mübhəm şəkildə qabığını dəyişməsinin pak səsini,
qanadda uçmaq zövqünün yığılmaq,
ruhun müqavimətinin dağılmaq səsini.
Mən istəyin qədəm səsini eşidirəm
və damarda qanın qanuni addım səsini,
göyərçin quyusunun səhər çırpıntısını,
cümə gecəsinin ürək döyüntüsünü,

fikirdə qərənfilin axışını,
uzaqdan həqiqətin pak hayqırtısını.
Mən maddənin əsmək səsini eşidirəm
və şövq küçəsində imam başmağının səsini.
Və sevginin nəm göz qapaqları üzərində,
yetkinliyin qəmli musiqisi üzərində,
nar bağlarının nəğməsi üzərində yağışın səsini.
Və gecə vaxtı şadlıq şüşəsinin çiliklənmək,
gözəllik kağızının parça-parça olmaq,
qürbət kasasının havayla dolub-boşalmaq səsini.

Mən yerin başlanğıcına yaxınam.
Güllərin nəbzini tuturam.
Tanışam suyun nəm qismətiylə, ağacın yaşıl adətiylə.

Mənim ruhum əşyaların təzə tərəfində axır.
Mənim ruhum azyaşlıdır.
Mənim ruhumun bəzən şövqdən öskürəyi tutur.
Mənim ruhum bekardır:
Yağış damlalarını, kərpic yarıqlarını sayır.
Mənim ruhum bəzən yoldakı daş kimi gerçəkdir.

Mən görmədim ki, iki küknar bir-birinə düşmən olsun.
Mən görmədim ki, bir söyüd öz kölgəsini yerə satsın.
Qarağac öz budağını qarğaya havayı verir.
Harda bir yarpaq varsa, könlüm açılır.
Bir xaşxaş kolu məni varlıq selində yuyub.

Mən həşəratın qanadı tək səhərin çəkisini bilirəm.
Mən bir güldan kimi cücərməyin musiqisini dinləyirəm.

Mən meyvə dolu zənbil kimi çatmağa tələsirəm.
Mən bir meyxanə təki süstlüyün sərhədindəyəm.
Mən dəniz sahilindəki ev kimi hündür əbədi dalğalardan nigaranam.

İstədiyin qədər Günəş, istədiyin qədər bağlılıq, istədiyin qədər çoxalma.

Mən bir almaya sevinirəm
və bir çobanyastığını iyləməyə.
Mən bir güzgüyə, bir saf bağlılığa qane oluram.
Mən gülmürəm, əgər bir hava şarı partlayırsa.
Və gülmürəm, əgər bir fəlsəfə Ayı paralayırsa.
Mən bildirçin qanadının səsini tanıyıram,
dovdağın qarnındakı rəngləri, dağ keçisinin ayaq izlərini də.
Mən yaxşı bilirəm, ravənd harda bitir,
sığırçın nə vaxt gəlir, kəklik nə vaxt oxuyur, tərlan nə vaxt ölür,
çölün yuxusundakı Ay,
arzu saplağındakı ölüm
və sevişməyin dişi altındakı həzz moruğu nədir.

Həyat xoş bir qaydadır.
Həyatın qanadı var – ölüm genişliyində,
uçuşu var – sevgi qədərində.
Həyat adət taxçasının küncündə sənin-mənim yadımızdan çıxası bir şey deyil.
Həyat dərən əlin cazibəsidir.
Həyat yayın turş ağzında qara əncirin nübarıdır.
Həyat həşəratın gözündə ağacın ölçüsüdür.
Həyat yarasanın qaranlıqdakı təcrübəsidir.
Həyat köçəri bir quşun qəriblik hissidir.
Həyat bir körpünün yuxusunda dolaşan qatar fitidir.
Həyat təyyarənin qapalı pəncərəsindən bir bağçanı görməkdir.

Raketin fəzaya uçması xəbəri,
Ayın tənhalığına toxunmaq,
başqa planetlərdə gül iyləmək fikridir.

Həyat bir boşqabı yumaqdır.

Həyat yol qırağındakı arxdan onşahılıq tapmaqdır.
Həyat güzgünün "kvadrat”ıdır.
Həyat əbədiyyət "qüvvət”li güldür.
Həyat bizim ürəyimizin döyüntüsündə yerin "vurma”sıdır.
Həyat nəfəslərin sadə və yeknəsəq "həndəsə”sidir.

Harda oluramsa olum,
səma mənimkidir.
Pəncərə, düşüncə, hava, sevgi, yer mənimkidir.
Nə əhəmiyyəti var
bəzən bitməsinin
qürbət göbələklərinin?!

Mən bilmirəm,
niyə deyirlər: at nəcib heyvandır, göyərçin gözəldir.
Və niyə heç kəsin qəfəsində kərkəs yoxdur.
Yonca çiçəyinin qırmızı lalədən nəyi əskikdir.
Gözləri yumaq gərək, başqa cür görmək gərək.
Sözləri yumaq gərək.
Söz gərək küləyin özü, söz gərək yağışın özü olsun.

Çətirləri yığmaq gərək,
Yağışın altına getmək gərək
Düşüncəni, xatirəni yağışın altına tutmaq gərək.

Bütün şəhər əhli ilə yağışın altına getmək gərək.
Dostu yağışın altında tapmaq gərək.
Sevgini yağışın altında aramaq gərək.
Yağışın altında qadınla yatmaq gərək.
Yağışın altında oynamaq gərək.
Yağışın altında nəsə yazmaq, danışmaq, nilufər əkmək gərək.
Həyat dalbadal islanmaq,
Həyat "indi” hovuzunda çimməkdir.

Paltarımızı soyunaq:
Su bir addımlıqdadır.

İşığı dadaq.
Bir kəndin gecəsini, bir ceyranın yuxusunu tərəzidə çəkək.
Leylək yuvasının istisini duyaq.
Çəmənliyin qanununu tapdalamayaq.
Üzümlükdə dadın düyününü açaq.
Və Ay çıxanda ağzımızı açaq.
Və deməyək ki, gecə pis bir şeydir.
Və deməyək ki, işıldaquş bağı görmür.

Və səbət gətirək,
bütün bu qırmızını , bütün bu yaşılı aparaq.

Səhərlər pendir-çörək yeyək.
Və hər sözün döngəsində bir fidan əkək.
Və iki hecanın arasına sükut toxumu səpək.
Və oxumayaq o kitabı ki, onda yel əsmir.
Və o kitabı ki, onda şehin qabığı nəm deyil.
Və o kitabı ki, onda hüceyrələr ölçüsüzdür.

Və istəməyək ki, milçək təbiətin barmağından uçsun.
Və istəməyək ki, pələng xilqət qapısından çıxıb getsin.
Və bilək ki, əgər soxulcan olmasaydı, həyatda nəsə çatışmazdı.
Və əgər tırtıl olmasaydı, ağacın qanununa zərbə dəyərdi.
Və əgər ölüm olmasaydı, əlimiz nəyisə axtarardı.
Və bilək ki, nur olmasaydı, uçuşun canlı məntiqi başqalaşardı.
Və bilək ki, mərcandan qabaq, dənizlərin düşüncəsində bir boşluq vardı.

Və soruşmayaq ki, hardayıq,
İyləyək xəstəxanadakı təzə petunyanı.

Və soruşmayaq ki, bəxt fəvvarəsi haradadır.
Və soruşmayaq ki, niyə həqiqətin ürəyi mavidir.
Və soruşmayaq ki, ata-babalarımızın necə mehi, necə gecəsi olub.
Arxada canlı fəza yoxdur.
Arxada quş oxumur.
Arxada külək əsmir.
Arxada küknarın yaşıl pəncərəsi bağlıdır.
Arxada bütün fırfıraları toz basıb.
Arxada tarixin yorğunluğu var.
Arxada dalğanın xatirəsi sahilə soyuq sükut sədəfi tökür.

Dəniz qırağına gedək.
Suya tor ataq
və sudan təravət tutaq.

Yerdən bir qum götürək,
olumun çəkisini hiss edək.

Qızdırmalı olanda, Aya acıqlanmayaq

(Mən görmüşəm ki, bəzən qızdırmalı olanda Ay aşağı enir,
göylərin tavanına əl çatır.
Görmüşəm ki, bülbül daha yaxşı oxuyur.
Bəzən ayağımda olan yara yerin zilini-bəmini mənə öyrədib.
Bəzən mənim xəstəlik yatağımda gülün həcmi bir neçə dəfə böyüyüb,
narıncın diametri, çırağın şüası artıb.)
və ölümdən qorxmayaq
( Ölüm göyərçinin sonu deyil.
Ölüm bir sisəyin aşması deyil.
Ölüm akasiyanın zehnində axır.
Ölüm düşüncənin xoş ab-havasında yuva qurub.
Ölüm kənd gecəsinin mahiyyətində səhərdən danışır.
Ölüm üzüm salxımı ilə ağıza girir.
Ölüm birəbitdənin boğazında oxuyur.
Ölüm kəpənək qanadlarının gözəlliyinə cavabdehdir.
Ölüm bəzən reyhan dərir.
Ölüm bəzən araq içir.
Bəzən də bir kölgədə oturub bizə baxır.
Və hamımız bilirik ki, ləzzətin ciyərləri ölüm oksigeni ilə doludur).

Qapını bağlamayaq taleyin səs çəpərlərinin arxasından eşitdiyimiz
canlı sözünün üzünə.

Pərdəni götürək:
Qoy hisslər bir hava udsun.
Qoy yetkinlik istədiyi kolun dibində məskən salsın.
Qoy instinkt oynamağa başlasın.
Ayaqqabılarını çıxardıb fəsillərin ardınca güllərin üstündən tullansın.
Qoy tənhalıq nəğmə oxusun.

Nəsə yazsın.
Küçəyə çıxsın.

Sadə olaq.
İstər bir bankın üstündə, istərsə bir ağacın altında, sadə olaq.

Qızılgülün "sirri”ni tapmaq bizim işimiz deyil,
bizim işimiz, görünür, budur ki,
qızılgülün "ovsun”unda üzək.
Biliyin arxasında düşərgə salaq.
Bir yarpağın cazibəsində əlimizi yuyub süfrəyə oturaq.
Səhərlər Günəş doğanda, doğulaq.
Həyəcanları uçuraq.
Fəzanı, rəngi, səsi, gülün pəncərəsini duymağın üzünə su vuraq.
Səmanı "varlığ”ın iki hecası arasında oturdaq.
Ciyərimizi əbədiyyətlə doldurub-boşaldaq.
Bilik yükünü qaranquşun çiynindən yerə qoyaq.
Adı geri alaq buluddan,
çinardan, ağcaqanaddan, yaydan.
Yağışın yaş ayaqları üstündə məhəbbət zirvəsinə yollanaq.
Qapımızı insanın, işığın, otun, həşəratın üzünə açaq.

Bizim işimiz, görünür, budur ki,
nilufər gülü ilə əsr arasında
həqiqətin səsi ardınca qaçaq.
 
Mənbə: https://drive.google.com/file/d/0B1n5hFtntvnCYTR5ZnpWcm5Jd1k/view

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz