» » Kəlbəcəri ürəyimə qoyub gətirə bilmədim

Kəlbəcəri ürəyimə qoyub gətirə bilmədim

 
Kəlbəcəri ürəyimə qoyub gətirə bilmədim
 
 Mənim ürəyimdi, mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan qiymət gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.
 
Tərtər qəmli-qəmli axar sızıldar,
Dağlar gözlərini sıxar sızıldar.
Dağılmış evlərə baxar sızıldar,
Əsir düşüb zəhər içən Kəlbəcər.
 
Sücaət, neyləyək, baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər.

Sücaətin Kəlbəcər haqqında  daha başqa bir şeirində daha emosional bir bənd var:

Gedənləri anda verib yolundan,
Saxlayıram, yatmıram ki, gecələr,
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram, yatmıram ki, gecələr.
 
Yurd-yuvamız viran olub talanıb,
Bulaqların nəğməsi də bulanıb,
Addım-addım o dağları dolanıb,
Yoxlayıram, yatmıram ki, gecələr.
 
Çox yanmışam, olmamışam belə mən,
Dərd çəkməyə yaranmışam belə mən,
Gah dönürəm aşıb-daşan selə mən,
Çağlayıram, yatmıram ki, gecələr.
 
Taleyimiz dərdimizi qurudub,
Vətən dərdi Sücaəti oturdub,
Balaları gülə-gülə yatırdıb,
Ağlayıram, yatmıram ki, gecələr.

Bəhmən Vətənoğlu yazır:


Daha gözüm yoxdu dünya malında,

Xanimanım Kəlbəcərdə qalıbdı.

O yerlərdən elim-obam gələndən,

Din-imanım Kəlbəcərdə qalıbdı.

 

Dünya mənim üçün zülmətlərə tay,

Həyatın qapısı bağlı bir saray,

Görünmür gözümə nə günəş, nə ay,

Asimanım Kəlbəcərdə qalıbdı.

 

Durmuşam ölümlə pəncə-pəncədə,

Əriyir varlığım bir işgəncədə,

Quruca cismimdi gəzən Gəncədə,

Bütöv canım Kəlbəcərdə qalıbdı.

 

Haqqım yoxdu el içində öyüləm,

Az qalıbdı dərd önündə əyiləm,

Gördüyünüz Vətənoğlu deyiləm,

Adım-sanım Kəlbəcərdə qalıbdı.

 

Yuxusu ərşə çəkilmiş bu divanə təkcə Sücaət deyildi. Adil Cəmil yazlr:

Səni itirəndən bildik qədrini,
Ey anam Kəlbəcər, atam Kəlbəcər.
Dünya cənnət olsa verməz ətrini,
Qayıtmaz süfrəmə o tam, Kəlbəcər.

Dilim yox, mən səni dindirmək üçün,
Leysanam bu dərdi hönkürmək üçün.
Həsrət yanğısını söndürmək üçün,
Zirvəndə bir oçaq çatam, Kəlbəcər.

Keçəm o dağların kəsə yolundan,
Üzümə iz düşə moruq kolundan.
Cökə budağından, palıd qolundan,
Yıxılsam, əl atıb tutam, Kəlbəcər.

Elim obasını tərk edən gündən,
Sən mənim sinəmdə alışdın, yandın.
Axırda bir şirin butaya döndün,
Yuxuda gördüyüm butam, Kəlbəcər.

Adiləm, qoy sənə deyim sözümü,
Ürəyin tabı yox, qəlbin dözümü.
Gəzəri torpağam, bir gün özümü,
Sənin torpağına qatam, Kəlbəcər.

Eyvaz Əyyub yazır:

Həsrəti sözə düzürəm,
Əlimi yurdan üzürəm.
Şeirimə söz gəzirəm,
Sözüm qaldı Kəlbəcərdə.

Əkdiklərim burda bitmir,
Əlim bara daha yetmir.
Əzablara tab gətirmir,
Dözüm qaldı Kəlbəcərdə.

Qucaqlayıb bir yatdığım,
Təzənəylə oyatdığım.
Simin qırıb, ağlatdığım,
Sazım qaldı Kəlbəcərdə.

Bu nə nalə, bu nə səsdi,
Ay Eyvaz, dözdüyen bəsdi..
Murov aramızı kəsdi,
Gözüm qaldı Kəlbəcərdə.

Nirida Misir yazır:

Kəlbəcərin özüymüş
At üstündə yəhər gördüm, üzəngisi qırılmış.
Məzarlıqda ana gördüm, köksünə dağ vurulmuş...
Göy daş gördüm, daş üstündə yaşıl mamır bitərmiş,
Sonra bildim; o daş mamır Kəlbəcərin özüymüş....

Səbr elə düzələr dedin,
Səbir gətirə bilmədim.
Kəlbəcərdən iki metr,
Qəbir gətirə bimədim.
Şəhid gördum, Murovdağda al qanına bələnmiş.

İlan gördüm, acgöz- acgöz şəhid qanı əmərmiş...
Vadi gördüm, gülü solğun, yaşıllığı talanmış,
Onda bildim: itən zümrüd Kəlbəcərin özüymüş...

Özüm gəldim Kəlbəcərsiz,
Düşmən sizi dərd dərəsiz.
Kəlbəcəri ürəyimə
Qoyub gətirə bilmədim.

Uşaqları əsir-yesir, övladları pərişan,
Çadırların çətəni yox, alaçıqlar pərişan,
Nuridənin talismanı,"Arxac Təpə” pərişan,
İndi bildim: o pərişan Kəlbəcərin özüymüş.

Rəşid Murovdağlı yazır:

Evim gorum olub, dörd divar sıxır,
Dərdlərim qol açıb Kəlbəcər deyir.
Körpə arzularım düşüb dumana,
Gözümdən yol açıb Kəlbəcər deyir.

Xəyalım ürpənir dərin yuxuda,
Tapmır itirdiyi yerin yuxuda.
Balam da səksənir şirin yuxuda,
Hər gecə dil açıb Kəlbəcər deyir.

Əkdiyim bənövşə sözümə bənzər,
Vərəqlər üstündə düzümə bənzər,
Boynu bükük qalıb özümə bənzər,
Hər bahar gül açıb Kəlbəcər deyir.

Rəsulun könlündə qəm qurub dəyə,
Birtəhər yaşayır yurd deyə-deyə.
Yenə dilənçitək yalvarır göyə,
Allaha əl açıb Kəlbəcər deyir.

Yusif Hüseyn yazır:

Sevincimdən xəbər yoxdu,
Dərdim, kədərim KƏLBƏCƏR!
Fəryad dolu gecələrim,
Dərdli səhərim, KƏLBƏCƏR!

Məmməd Aslan yazır:

Bu, körpəlik besiyim,
Mənim dağım-dərəmdi,
Zirvəsinə baş əyim,
Uludu, möhtərəmdi.

Bir tifildim,aləmdim,
Çiçəyinə bələndim,
Bulağından bal əmdim,
Mənim şəhdim-şirəmdi.

Ürəyim axar cayda,
Uyuyur bu laylayda,
Dəlidağ özü boyda,
Kəklikotum, zirəmdi.

Yasəmənlər, susənlər-
Əsim-əsim əsənlər...
Ay xəzinə gəzənlər,
Xəzinə yan-yörəmdi.

Yamac gəzdim, döş endim,
Qaya dindi-üşəndim.
Ayağına döşəndim,
Ovlağımdı, bərəmdi.

Ən qəlbi dağa çatdım,
Kəhkəşana ip atdım,
Topa ulduz qopartdım,
Çəmən-çiçək zər əmdi.

Bir dasına qıysalar,
Laçınları qıy salar,
Laçın qaya hay salar,
Harayımdı, nərəmdi.

Göydə gurlar təbillər...
Kim callr?Kim nə bilər?!
Koroğlular, Nəbilər
Bu dağlarda sir əmdi.

Nə gözəl avaz idi!
Xəyalım ayazıdı.
Tərtər-Şəmşir sazıdı,
Bulaq mənim cürəmdi.

Yenə çiçək fəslidi,
Hava gül nəfəslidi.
Bu dağlar-Xan Əslidi,
Məmməd-Yanıq Kərəmdi.
 
Məni Kəlbəcər həsrəti şair etdi deyən Sevda xanımımız 
"Qan bənövşəm" şeirində yazır:

Qan bənövşəm boynu bükük, baxtı kəm,
Özü qəmli, gözü nəmli çiçəyim.
İllərdi ki, yağı sənə baxdı kəm,
Sən əsirsən, mən də qərib neyləyim?


Gəlişinlə elə bahar gələrdi,
Kol dibində isti yuvan var idi,
Gözəllərin əllərini bəzərdin,
Bəxtəvərdin, elin-oban var idi.


Yaz ətrini sən açanda duymuşam,
O yerlərdə təbiətin gözü sən.
Öz ətrini o çəməndə duymuşam,
Yaranmışdan heyran etdin bizi sən.


Qan bənövşəm, mənim kövrək çiçəyim,
Sevənlərin sevgisinə şahid sən.
Həsrətindən sızıldayır ürəyim,
Ev didərgin, igid şəhid şahidsən.


Qan qoxuyur çəmənlərim, düzlərim,
Düşmən çoxdur o yerlərdə açma sən.
Səndən ötrü qan ağlayır gözlərim,
Yad əllərdə öz ətrini saçma sən.


Qan bənövşəm,mənim küskün çiçəyim,
Qismət ola, sənlə bir də görüşək.
Girov qalan xatirəli gəncliyim
Biz səninlə  Kəlbəcərdə görüşək.


Yaz gələndə bəzəyərdin bağları,
Gözəl ətrin yaman düşüb yadıma.
Unutmuram sənlə keçən çağları,
Əziz xətrin yaman düşüb yadıma.


Qan bənövşəm,baharımın bəzəyi,
Bir baharda gələm,orda sən də aç.
Təkcə budur,bil Sevdanın istəyi,
O diyarda öləm, orda sən də aç.
O diyarda öləm, orda sən də aç.

 

Kəlbəcəri ürəyimə qoyub gətirə bilmədim

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz