» » 40 min mıxı 4 mismar edən Allah - Rəvayət

40 min mıxı 4 mismar edən Allah - Rəvayət


40 min mıxı 4 mismar edən Allah - Rəvayət

Bir gün şah saray əyanları ilə şəhəri gəzməyə çıxır. Bazarın qarşısından keçəndə qarşılarından gözəl bir qadın keçir. Şahın az qala huşu başından çıxacaqdı, amma pzünü toxtadıb qadın gözdən itməmiş onun kimliyini soruşur. Şaha deyirlər ki, onun əri bazardakı dəmiçixanada işləyir.
Onsuz da həmin qadının ərinin harada işləməsinin bir əhəmiyyəti yox idi, məmləkətdə şahdan böyüyü yox idi ki.Sadəcə, kimliyini öyrənmək üçün soruşmuşdu.
Bilən kimi də vəziri-vəkili yanına çağırıb məsləhət istəmişdi.Vəzir də demişdi ki, çağır bir gecədə 40 min at mıxı hazırlamağı tapşır, bacarmayacaq, bunu bəhanə edib ya boynun vurdur, ömürlük zindana atdır.
Şah dəmirçini saraya dəvət edir. Soruşur ki, sən gün ərzində nə qədər mıx düzəldə bilirsən? Dəmirçi də deyir ki, uzağı 30-40 ədəd.
Şah ona əmr edir ki, mənə isə sabah
sübhədək 40 min ədəd mıx hazırlamamalısan.Hazırlamasan boynunu vurduracağam.
Dəmirçi deyir:
- Qibleyi-aləm, boynumu vurdurursan vurdur, amma bir gecədə 40 min mıx hazırlamaq mümkün deyildir.
Dəmirçi nə qədər dil töksə də, şah razılaşmır:
- Əgər hazırlamasan,boynunu vurduracağam. Dəmirçi saraydan çıxıb bazara qayıdır. Toyuq, yağ, düyü alıb evinə dönür. Arvadına deyir ki, axşama yaxşı bir plov hazırla, döşəməli. Arvad da səbəbini soruşduqda, söyləyir ki, inşallah, yeməkdən sonra hamısını deyərəm.
Axşam süfrə başında mehriban-mehriban əyləşib, döşəməli plovu yeməyə başlayırlar. Arvadı birdən soruşur ki, heç demədin axı nə münasibətlə plov bişitdirirdin.
Dəmirçi deyir:
- Şah əmr edib ki, sabaha qədər 40 min mıx hazırlayım. Əgər hazırlamasam boynumu vurduracaq. Ona görə də istədim ki, sonuncu dəfə bişirdiyin plovu yeyib ölüm.
Arvadı narahatlıqla deyir:
- Niyə ertədən demədin, heç olmasa mən də kömək edərdim.
Dəmirçi deyir:
- Sən yox, sənin qohum-əqrəban da gəlsə belə, sabaha qədər 40 min mıx hazırlaya bilməzdik. Görünür, şahın bəhanəsi başqa şeydir.
Arvadı soruşur:
- Bəs nə fikirləşirsən?
Dəmirçi səmaya işarə ilə deyir:
-Qoy başımızın üstündəki fikirləşsin, mənim fikirləşməyimdən bir şey çıxmaz.
Səhər açılır. Dəmirçi arvadı ilə halallaşıb evdən çıxmaq istəyəndə qapını döyürlər. Dəmirçi fikirləşir ki, dözməyib özləri ardımca gəliblər.
Atlılardan biri soruşur:
- Haraya gedirsən?
Dəmirçi deyir:
- Bəs məni aparmağa gəlməmisiniz?
Deyirlər ki, sən bizim nəyimizə gərəksən. Dəmirçi elə isə şah adamlarının belə ertə vaxt ondan nə istədiklərini soruşur.
Məmurlar belə cavab verirlər:
- Ötən gecə şaha sui-qəsd edilib. Tabut üçün dörd böyük mismar lazımdır.
Dəmirçi soruşur ki, bəs 40 min ədəd mıx istəmirsiniz?
Deyirlər ki, yox, 4 ədəd kifayətdir. Dəmirçi üzünü ğöyə tutaraq deyir:
- Şükürlər olsun Sənə, ey bir gecədə 40 min mıxı 4 mismar edən Allah!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz