» » Respublika fənn olimpiadalarının final mərhələsi aprelin 21-də başlanacaq

Respublika fənn olimpiadalarının final mərhələsi aprelin 21-də başlanacaq

Müəllif: Vüsal от 4-04-2017, 00:05

Aprelin 21-dən 23-dək respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla səkkiz müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsində 30 minədək, respublika mərhələsinin yarımfinal turunda isə 5.909 nəfər şagird iştirak edib.

Final turunda iştirak edəcək 534 şagirddən 307-si texniki və təbiət fənləri, 227-si isə humanitar fənlər üzrə biliklərini sınayacaq. Şagirdlərdən 282-si paytaxt, 252-si isə bölgə məktəblərinin payına düşür.

İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıqtipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın sertifikatı veriləcək. Yekunda hər fənn üzrə 30 qalib seçiləcək. Final mərhələdə 240 şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fəndən ölkə üzrə ən güclü şagird "Birincilərin birincisi” nominasiyası üzrə təltif olunacaq.

Final turunda şagirdlərə yazı işlərini təhvil verdikləri zaman sualların düzgün cavabları, izahları, həlləri və qiymətləndirmə meyarları təqdim ediləcək.

Yazı işləri təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş fənlər üzrə münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticələr elan olunduqdan sonra qiymətləndirmədən razı qalmayan şagirdlər üçün münsiflər heyəti ilə birgə yazı işlərinin müzakirəsinə şərait yaradılır.

İstedadlı şagirdlərin aşkara çıxarılması, onların potensiallarının artırılması və nümayişetdirmə imkanlarının, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədi ilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb.

Qeyd edək ki, respublika fənn olimpiadalarının keçirilməsinə "Kapital Bank” dəstək göstərir. "Kapital Bank” Təhsil Nazirliyi ilə birgə bir sıra layihələrin həyata keçirilməsində fəal iştirak edib.

Respublika fənn olimpiadalarının final mərhələsi aprelin 21-də başlanacaq

Mənbə:http://azertag.az/xeber/Respublika_fenn_olimpiadalarinin_final_merhelesi_aprelin_21_de_baslanacaq-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz