» » "Şuşada sən qonduğun daşa pir deyəcəyəm” yazan şair öz arzusuna çatıb, İnşallah, gedib öz gözləri ilə görər də

"Şuşada sən qonduğun daşa pir deyəcəyəm” yazan şair öz arzusuna çatıb, İnşallah, gedib öz gözləri ilə görər də


"Şuşada sən qonduğun daşa pir deyəcəyəm” yazan şair öz arzusuna çatıb, İnşallah, gedib öz gözləri ilə görər də

1. Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik.
Çünki bu, bizim vətənimizə,millətimizə, dövlətimizə
olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.
Ümummilli lider Heydər Əliyev

2.Başlar düşmədən yerə bayraq düşməz, Vətən bölünməz.

3.Vətən bayrağın sancıldığı yerdir və yaxud kölgəsi düşən yerdir.

4. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə,
kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə,
kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir...
Ümummilli lider Heydər Əliyev

Prezident İlham Əliyevin bu il Şuşada "Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq vermişdi. Televiziya görüntülərindən, azad olmuş torpaqlara gedib gələnlərin söylədiklərindən Qarabağ darmadağın edilib, bir salamat bina qalmayıb, müqəddəs yerlərimiz təhqir edilib, daşına bilən yeraltı-yerüstü sərvətlərimiz bu illər ərzində murdar məmləkətə daşınıb. Hələ bununla da kifayətlənməyən işğalçılar Milli Ordumuzun xilaskarlıq yürüşünün qabağında davam gətirə bilməyib qaçanda da, yenə yırtıcılığını davam etdirib: torpaqlarımızı minalayıb çıxıblar. Gerçək mənzərə belədir: Qarabağ yenidən dirçəldilməlidir və ölkə başçımız bunu əminliklə bildirib.
Dirçəliş işləri digər bütün quruculuq-abadlıq işlərindən həcminə və miqyasına görə çox böyükdür və uzun da zaman tələb edir.
Bu işlərlə artıq başlanılıb. "Zəfər” yolu çəkilir, tarixi-məsdəni abidələr, kommunikasiya xətləri bərpa edilir. Bu işlərlə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə möhtəşəm "Xarı bülbül” festivalının keçirilməsi xüsusi önəm daşıyır. Bu, sadəcə, 1992-ci ilə qədər keçirilmiş festifalların davamı deyildi. Bu, həm də Qarabağın bölgədə barış, birlik, mədəniyyət məkanı olacağına daha bir niyyəti idi.
Bu, Xarıbülbülün məhəbbət dastanının duvaqqapması idi. Xarıbülbül illər öncə Qarabağ adlı tənindən ayrı düşmüş yarısını tapıb bütövləşirdi.
Nikbin sonluqla bitən məhəbbət dastanlarının son səhnəsində sevgililər bir-birinə qovuşduqdan sonra gəlini tərifləyən və ona nəsihət verən aşıq şerimizin bir formasıdır duvaqqapma.
Vüsala qovuşmaq gözəldir, amma onu qorumaq, əbədi etmək ondan da gözəldir. Xarıbülbül festifalı bu məqamda Qarabağ toylarına da bir duvaqqapma idi. Axı məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Biz , inşallah, Qarabağın yeni toylarının duvaqqapmasının həzinliyinə, məsumiyyətinə cəm olduq həmin gün. Sanki Cıdır düzü məkan hüdudlarından çıxıb bütün Azərbaycanın seyrangahına çevrilmişdi. Bütün Azərbaycan hələ necə gün öncədən diqqət kəsilmişdi Cıdır düzünə. Festifal başa çatıb, amma hələ diqqətimiz Çıdır düzündən çəkilməyib...
Kənan bala hamımızı duyğulandırdı, gözəlləşdirdi.
Qarabağın bağrından qopub gələn ilahi bir səs idi Kənan balanın səsi.
Amma səmimi qəbul ediləcəyimə əminliklə bir arzumu mütləq ifadə edəcəyəm. Festifalda iştirak edib-etməməklə bağlı deyil deyəcəklərim. Bunun cavabını bir cümlə yuxarıda ifadə etdim ki, sanki həmin gün Cıdır düzü məkan hüdudlarından çıxıb bütün Azərbaycanın seyrangahına çevrilmişdi. Və bütün Azərbaycan elə öz evindən səhnəni seyr edirdi.
Sadəcə, arzu edərdim ki, o müqəddəs arzuların tərənnüm və təqdim edildiyi səhnədən Ramiz Qusarçaylının bayraq şeiri səsləndiriləydi, eləcə də
bayrağımıza həsr edilmiş digər şeirlərimiz.
Əhməd Cavadın, Cəfər Cabbarlının, Əbdülxaliq Cənnətinin, Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlı və daha neçə -neçə şairimizin bu mövzuda gözəl şeirləri var. Xüsusilə Əhməd Cavadın, Cəfər Cabbarlının və Ramiz Qusarçaylının şeirlərinin qiraət ustalarımızın dilindən səsləndirilməsi, müəlliflərin həmin tədbirə dəvət edilməsi də ürəyimizcə olardı.

Ramiz müəllimin "Azərbaycan bayrağı" şeiri 2003-cü ildə yazılıb:

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində "Ya Qazi, Ya Şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!

18 ilə yaxındır ki, bu şeir ekranlarda, efirlərdə səsləndirlir, 8-ci sinif "Azərbaycan dili” dərsliyində və digər təhsil vəsaitlərində yer alıb.

"...Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!”

-deyən şairin şeiri bu qədər məşhurdursa, bu qədər sevilirsə, ona "PİR” demək istəyən hörmətli şairimizin bayrağımızın kölgəsi düşən torpağı gözlərinə çəkməsinə diqqət unudulmamalı idi.
Bu əhdi şair 18 ildir hər gün gözləyib. Heç olmasa, bizim mətbu orqanlar bunu dilə gətirəydi, arzu ifadə edəydi. Ümid edirik ki, ədəbiyyatımızın, mədəniyyətimizin hamisi olan Heydər Əliyev Fondunun növbəti tədbirlərində hörmətli şairimiz də iştirak edəcək, bu gözəl şeir Şuşa torpağında səslənərkən yaradacağı assosiasiyanı birlikdə yaşayacağıq.

"Şuşada sən qonduğun daşa pir deyəcəyəm” yazan şair öz arzusuna çatıb, İnşallah, gedib öz gözləri ilə görər də

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 93
  • Məqalələri: 1264
^
Ramiz müəlimin bu şeirinin poeti siqləti bir ordunun gücü qədərdir.
  • Нравится
  • 0