Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, valideyn , müəllim, indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Bunlar şagirdlərə də xətərsiz ötüşmür.
Birincisi, sinifdə qalan, repetitor yanına getmək imkanı olmayan fəal şagirdlərə zərbə dəyir. Çünki sinifdə nə qədər çalışqan, yaradıcı şagirdlər çox olarsa, dərs daha yaradıcı, daha fəal olacaq. İkincisi, müəlim özü də mütləq hazırlıqlı olmağa məcbur olacaqdır. Zəif oxuyan, nadinc uşaqlara gəldiukdə isə, belə halların olması onların lap ürəyicə olur. Tapşırığı yazmayacaq, dərs oxumayacaq, ürəyi istəyəndə dərsə gələcək, istəməyəndə yox. Deyib-gülmək, şənlənmək istəyəndə dərsdə iştirak edəcək, istəməyəndə 2-3 dərs çıxıb yaxınlıqdakı ətrafda gəzib dolanacaq, sonyncu dərsdə qayıdacaqdır. Nə müəllim, nə sinif rəhbəri, nə müavinlər, nə direktor onlara bir söz deyə bilməz.O saat deyəcəklər ki, Bəs niyə Ramiz, Rza, Ramazan, Rauf, Rüfət, Rövşən heç dərsə gəlmir, filan müəllimin yanına hazırlığa gedir, ona "qayb” yazmırsınız, hər rübdə də qiymətini yazırsınız. Hüquq mühafizə orqanlarına şikayət edəcəyəm. Onlar deməsələr də, valideynlər bilir. Əgər onların övladlarının ziyanına bir addım atılsa, valideynləri bunu mütləq edəcək.
İndi gördünüzmü məktəblərin vəziyyəti necədir?
Sovet dövründən müəyyən qədər qalmış müəllimlərimiz var yaxşı ki hələ: ürəyini uşaqlara, məktəbə verənlər. Bunu yeni gələnlərə isə aid etmək hələ tezdir, hələ işləməlidirlər, peşəyə sədaqəti göstərməli və sübut etməlidirlər. Çünki müşahidələr göstərir ki, getdikcə müəllimlərin sıraları keyfiyyətcə çox dəyişilir. İndi təhsil sistemində az qala bütün ixtisaslardan olanlara rast gəlmək mümkündür, məsələn, qəbul imtahanlarında balları istədikləri ixtisasa düşmədiyindən müəllimliyi seçənlər, başqa ixtisasda özlərini tapmayıb, sonradan adlırını müəyyən kurslara yazdıraraq ixtisaslarını dəyişənlər, Nazirlər Kabinetinin qərarı ilə 29 qeyri-pedaqoji ixtisas sahibləri, idarəetmə üzrə ali təhsili olan şəxslər, hansı ki onlar rəhbər vəzifələrə iddialı olurlar, və s. bunların da bəziləri 1-2 il işlədikdən sonra daha alternativ, yüksək əmək haqqı olan işləri seçirlər, bəziləri rəhbər pedaqoji vəzifələri hədəfləyir, mümkün olmadıqda, bu şəxslər də pedaqoji işi tərk edirlər.
Bütün bunların qarşısında müəllimlik ixtisaslarını özü seçib, səylə oxuyub diplom alanlar ali məktəbi bitirəndən sonra iş tapa bilmirlər.
İş üçün yenidən imtahan verməli olurlar. İmtahan verirlər, indi də deyirlər ki, filan rayonda, yaxud öz rayonunun ucqar bir kəndində vakant yer var. Yəni, məzunun öz yaşayış yerinə yaxın və yaxud öz arzuladığı, sevdiyi məktəbə azad, könül xoşluğu ilə düzələ biləcəyinə inam yoxdur. Gənc müəllim həmin ucqar məktəbə gedib işləyir, 5-10 ildən sonra öz məktəblərinə dəyişmək istəsə, yenə imtahan verməli olur.
Bu gün müəllimlərin işə testlə qəbul qaydası, eləcə də diaqnostik qiymətləndirilmə imtahanları təhsilimizə heç bir sıçrayış, demokratik ab-hava gətirmədi.
Bir tərəfdən müəyyən qrup qeyri-pedaqoji ixtisaslıları müəllim işləməyə dəvət edirlər. Bir qrup qeyri-pedaqoji ixtisaslıları isə yenidənhazırlanma, ixtisasartırma kursları vasitəsilə təhsil sisteminə gətirilər, bir tərəfdən isə müəllimləri işə imtahanla qəbul edirlər, diaqnostik qiymətləndirmə keçirirlər, yaş həddi tətbiq edirlər.
Nə üçün ümumtəhsil məktəbləri özləinin böyük həyata uçurduqları qaranquşlarına sonradan etimadsızlıq göstərirlər?
Bütün ümumtəhsil, orta və ali təhsil ocaqları Təhsil Nazirliyinin strukturlarıdır. Özləri bir- birlərinin "məhsullarına”etibarsızlıq sərgiləyirlər.
"Azərbaycan müəllimi”qəzetinin 2019-cu il 26 iyul tarixli nömrəsində maraqlı bir statistik məlumata rast gəldim. Müəllim işləmək üçün imtahan vermiş 48204 namizəd arasında cəmi 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb. Başqa sözlə, cəmi 79 nəfər yüksək bal toplayıb, 4 8125 nəfər isə 58 baldan aşağı. Bəlkə də bu 48 minin 50 faizi 30 bal və daha aşağı bal toplayanlardır.
Axı test üsulu ilə abituriyentlərin bilik və bacarıqlarının ölçülməsində bu qədər xəta ola bilməz axı. Axı Dövlət İmtahan Mərkəzi fizika fənni üzrə bütün imtahan vermişlərin içindən ən qabiliyyətlərini seçib fizika fakültəsi üçün komplektləşdirib.
Oxuduğu ali məktəb də hər il olmaqla 5 il, sonda da Dövlət İmtahan Komissiyası yekun olaraq ixtisas və metodiki biliklərini imtahan edib məzuna Azərbaycan Dövləti adından status verib.
Məgər bunlar etibarlı deyil?
Orta məktəblərdə şagirdlərin bilik və bacarıqları müxtəlif dərəcədə ola bilər. 3-lə oxuya biləcək şagirdə demək olmaz ki, sən zəifsən, səni götürmürük. Ona görə də ümumtəhsil mətəblərində şagirdlərin heç də hamısı orta təhsili başa vuranda ali məktəblər üçün yetərli bilikdə olmur: elələri olur ki, heç peşə məkrəbinə də getmir, bəziləri sənəti usta yanında öyrənir, müəyyən qisim isə ali təhsil almaq üçün universitetlərə imtahan verirlər.
Məsələn, Universitetlərimizdən biri Fizika müəllimliyi ixtisası üzrə mütəxəssis hazırlayacaq. Bunun üçün o, cavabdehlik daşımalıdır . Çünki Dövlət İmtahan Mərkəzi test üsulu ilə abituriyentlər arasından ən hazırlıqlarını, ən keyfiyyətlilərini seçib universitetlərin fizika fakültələrini komplekləşdirir. Fizika fakültəsinə yüksək balla qəbul olunmuş bir gəncimiz təhsilini yüksək yüksək göstəricilərlə başa vurmuş, pedaqoji təcrübələri müvəffəqiyyətlə keçmiş, ən nəhayətdə Dövlət İmtahan Komissiyasının qarşısında imtahan verərək fizika müəllimi ixtisası qazanmışdır. Başı elm və biliklə dolu olan bu gəncimiz nə üçün işə qəbul olunmaq üçün imtahan verməlidir?
Bunun əksidirsə, indi zəhmət çəksin hörmətli ekspertlər aydınlıq gətirsinlər. Aydınlıq gətirsinlər ki,orta məktəbi yüksək qiymətlərlə bitirmiş, qəbul imtahanında yüksək bal toplamış abituriyent, 5 il də yiyələndiyi ixtisasın dahadərinliyinə varıb. Bəs indi diaqnostik qiyməyləndirmədə nə üçün 10-15 faizdən yuxarı nəticə göstərə bilmirlər? Niyə ali təhsili yeni bitirən gənc məzun işə qəbul olunmaq üçün imtahanlardan çəkinirlər? Onda belə çıxır ki, təhsilin ilk pilləsindən başlamış son pilləsinədək heç bir səviyyədə qiymətləndirmə özünü doğrultmur: orta məktəb qiymətləndirməsində xəta var, Dövlət İmtahan Müəssisənin ölçməsində, qiymətləndirməsində xəta var, ali təhsil müəssisələrinin özünün ixtisaspyrətmə, bilikvermə prosesində xəta var.
10-15 faiz bal toplayan müəlimlər ali məktəbə necə qəbul olunublar, ali məktəbdə 5 il necə oxuyublar, orta məktəbdə fizika müəllimi işəmək üçün statusu, diplomu ona necə veriblər?
Bunlar məsələnin yoxlamaq, təhdid etmək, cəzalandırmaq, məhrum etmək tərəfini elə yaxşı təsvvür edirlər ki: hər biri, sanki, bir Xlestakov. Bunlar üçün mərəzin etiologiyası önəm daşımır, başqa 2-ci, 3-cü dərcəli məsələlərlə onu ört-basdır edirlər. Çünki hamısının günahı və cavabdehliyi var. Özləri bunu dilə gətirsələr, elə özləri də cavabdehliyə cəlb olunacaq, onda belə çıxacaq ki, heç kim işləməyib.Beləcə, vəziyyəti xəstə-xəstə irəli aparırlar.
O vaxt qəbul imtahanlarından sonra (onda mən TQDK-da işləyirdim) Dövlət Sərhəd Xidməti Akademiyasında 150, 200 balı olanlar tələbə heyətinə qəbul olunurdu (Bax:https://azertag.az/xeber/DOVLAT_SARHAD_XIDMATININ_AKADEMIYASINA_SANAD_VERMIS_ABITURIYENTLARIN_GOSTARDIKLARI_NATICALAR_MALUMDUR-448260).
Və yaxud bundan 2 il sonra yenə TQDK bu strateji ali məktəb üçün müsabiqə keçirir. Kütləvi informasiya vasitələrində elanlar verilir:
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirir.
Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin DSX-nin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirilir. Müsabiqə uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasları üzrə aparılacaq.
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədləri DSX Aparatının inzibati binasına təqdim etməlidirlər. (Mənbə: https://az.trend.az/azerbaijan/society/2051584.html )”
Uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasları kimi önəm daşıyan, diqqətli olmağı tələb edən ixtisaslara 150 bal toplamış abituriyenti zorla qəbul edirlər ki, akademiya mövcud olsun. 150 bal toplamış həmin abituriyentin bu 150 balından 50-60-sı təsadüfi seçdiyi cavablardır. Belə balla vaxt vardı ki, orta ixtisas məktəblərinə qəbul olunmaq mümkün deyildi.
İndi bu mütəxəssis 4-5 il oxudu, keyfiyyətcə necə mühəndis olacaq o? İşdir, işə düzəlsə də, belə balla qəbul olub ixtisas qazanmış mütəxəssis təhlükəsiz uşuşa necə zəmanət verə bilər? Onun idarə etdiyi təyyarəyə, gəmiyə kim ürəklə sərnişin ola bilər, ancaq bu barədə məlumatı olmayanlar.
Zəif kadrlar belə yaranır. Bunları cəmiyyətin probleminə çevirən Təhsil sistemimizin özüdür, Dövlət İmtahan Mərkəzidir.
Məktəb olan ərazilərdə valideynlər danışırlar ki, məktəbin 2-cə müəllimi 100 faizli, 90, 80, 70 faizli nəticə belə, göstərə bilməyib. Belə etimadsızlıq mühitində uğurlu təhsil nailiyyətləri necə gözləyə bilərik?
Olmazmı tələbələri elə universitetdə oxuduğu müddətdə mükəmməl müəllim kimi yetişdirələr və təhsil müddətinin sonunda Dövlət İmtahan Komissiyasının götürdüyü imtahanlar məzunun birbaşa müəllim işləməsi üçün tam əsaslı olsun. Sonrakı bütün imtahanlar aradan qaldırılsın. Hər 5 ildən bir keçiriləcək attestasiyalar təhsil ocaqlarında tələb olunan bütün parametrləri yoxlayıb üzə çıxarmağa, ölçməyə, dəyərləndirməyə bütünlüklə kifayət edər.
Bizim indi istifadə etmək istədiyimiz müəllimləri işə imtahanla qəbul etmək təcürbəsini qardaş Türkiyədəki modelə oxşatmaq istəyirlər, amma oxşada bilmirlər .
Türkiyədə 4-5 illik ali pedaqoji təhsil almış bir gənc mütəxəssis əvvəlcə Dövlət Kadr Seçimi İmtahanında (KPSS) iştirak etməli, kifayət qədər bal topladığı təqdirdə dövlət məktəblərində müəllim işləmək haqqı qazana bilər.
Artıq Türkiyədə Dövlət Kadr Seçimi İmtahanı (KPSS) vasitəsilə yüksək bilikli və peşəkar müəllimlərin üzə çıxarılıb , təhsil müəssisələrinə yerləşdirilməsi özünü tam doğruldub. Amma Türkiyədə də çoxlu sayda namizəd KPSS-də uğur qazana bilmir və nəticədə müəllimlik ixtisasına yiyələnmiş şəxslərin yüzdə 40-ı ya işsizdir, ya da onlar qeyri-pedaqoji sahədə işləməli olurlar.
Universitet məzunlarının seçim prosesindən keçə bilməməsi isə Türkiyə təhsili üçün zamanın, əməyin və digər maddi və mənəvi sərmayələrinin israfı kimi qəbul edilir. Gələcəkdə kimisə öyrədə bilmək üçün öyrənməyə gedən şəxsin etimadı doğrultmamağı bir yana, "Müctəhidin təhsildən qayıtması” əsərində olduğu kimi təhsil almaq üçün xarici ölkələrin birinə göndərilən, başı çox şeyə qarışan və sonda heç xarici ölkə demirəm , əyalət səviyyəsində intellektə yiyələnmədən qayıdan müctəhidə bənzəyir.
Oxşar postlar:
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, valideyn , müəllim, indi də müstəqil jurnalist kimi təəssüratlarım ( III yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, valideyn , müəllim, indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, valideyn , müəllim, indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
- 2017/2018-ci tədris ili üçün "Son zəng"
- Birinci rübdə Naxçıvan Muxtar Respublikasında 5 yeni məktəb binası istifadəyə verilib
- Oxunub: 920
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar