» » Ədəbiyyatımızda bayraq şeirləri

Ədəbiyyatımızda bayraq şeirləri

Müəllif: Anaveusaq.az от 9-11-2020, 10:00

Ədəbiyyatımızda bayraq  şeirləri 
  

Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə,

millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

                                   

    Ümummilli lider Heydər Əliyev

 

Bayraq müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzidir.  Sentyabrın 27-dən başlayan  Vətən müharibəsi bu müqəddəsliyi bir qədər də  ülviləşdirdi.  Əsgərlərimiz  üçrəngli bayrağımız öpüb uğrunda  ölüm-dirim savaşına atılırlar. Düşməni yenir və böyük iftixarla bayrağımızı  işğaldan azad etdiyi  yaşayış məntəqələrində, sərhəd  məntəqələrində  dalğalandırırlar. 

Bağça uşağından  tutmuş  ixtiyar qocayadək hər kəs  bayrağımızla qürur duyur. Türk şairi Arif Nihat Asyanın  bayraq haqqında çox təsirli  bir şeiri var.  Hesab edirəm ki,  bu şeirin hər bir misrası  türk xalqının  bayraq sevdəsini çox təsirli  ifadə edir:

 

Ey mavi göylərin ağ və qırmızı bəzəyi,

Bacımın gəlinliyi, şəhidimin son örtüsü!

İşıq -işıq, dalğa- dalğa bayrağım,

 

Sənin dastanını oxudum, sənin dastanını yazacağam,

Sənə mənim gözümlə baxmayanın

məzarını qazacağam.

Səni salamlamadan uçan quşun

yuvasını pozacağam.

Dalğalandığın yerdə nə qorxu, nə kədər ...

Kölgəndə mənə də, mənə də yer ver!

Sabah açılmasın, günəş doğmasın, qəm yeməm.

Yurda ay- ulduzun işığı yetər.

 

Savaş bizi qarlı dağlara apardığı gün,

Qızıllığında isindik,

Dağlardan çöllərə saldığı gün.

Kölgənə sığındıq.

 

Ey indi süzən, küləklərdə dalgalanan

Sülhün göyərçini, savaşın qartalı ...

Yüksək yerlərdə açan çiçəyim,

Sənin altında doğuldum,

Sənin dibində öləcəyəm.

 

Tarixim, şərəfim, şeirim, hər şeyim:

Yer üzündə yer bəyən!

Harda dalğalanmaq istəsən,

Söylə, səni oraya sancayım!

 

 Mən bu  yazını  noyabrın 7-də 10:30-da hazırlayıb  dərcə yerlədirdim. Ayın 9-na hələ iki gün var.  Xalqımız çox üçidlidir ki,   möhtəşəm üçrəngli bayrağımız noyabrın 9-da  Şuşa səmasında  dalğalanacaq. İnşallah.....

 

"Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

 

Ümummilli lider Heydər Əliyev

Ədəbiyyatımızda bayraq  şeirləri

 

Bayraq Günü münasibəti ilə ədəbiyyatımızda çoxlu sayda  şeirlər yazılmışdır və bundan sonra da yazılacaqdır. Aşağıda  bayraq  mövzulu şeirlərin bəzi nümunələrini sizə təqdim edirik :

 

Əhməd Cavad - Azərbaycan bayrağına

 

Türküstan yelləri öpüb alnını

Söylüyor dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərmağan yollasın yara, bayrağım!

 

Gedərkən Turana çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma -

Dinlətsin dərdini aha, bayrağım!

 

Qayi xan soyundan aldığın rəngi,

Qocalmış Elxanla müsəlman bəgi.

Elxanın övladı, dinin dirəgi,

Gətirdin könlümə səfa, bayrağım!

 

Köksümdə tufanlar  gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!.

 

Cəfər Cabbarlı - Azərbaycan bayrağına

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?

Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.

 

Kölgəsində ay əyilib bir gözəli qucmada.

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

  Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

  Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmyan imanı,

  Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

  Mədəniyyət bulmalı.

 

Səkkiz uclu şu yulduz da səkkiz hərliOD YURDU!

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

  Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

  Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyində bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

 

Əbdülxaliq Cənnəti - Bayrağımız

 

Olsa meydanda əgər şəqqəgüşa bayrağımız,

Düşmənin qəddini etməzmi düta bayrağımız?

 

Çün hilali çəkib ağuşə səadət təcmin,

Məhi-nov tək olub əngüştnüma bayrağımız.

 

Görsə köksündəki ay-yulduzu, göz xirələnir,

Bərqi-lame kimidir çöhrənuma bayrağımız.

 

Donadılmış gül ilə, səbzə ilə, zənbəq ilə,

Sanki gülşəndə tapıb nəşvü nüma bayrağımız.

 

Qibleyi-taəti-ixfvanı-səfadır, əlhəq,

Kəfəni-cismi-şərifi-şühəda bayrağımız.

 

Ta ki türk oğlu ayıqdır, vətəni qoruyacaq,

Yatmayıb, yatmayacaqdır əbəda bayrağımız!

 

Cənnəti, xiteyyi-Azərbaycan cənnətdir,

Sayə salmış ona tuba kimi ta bayrağımız.

 

Bəxtiyar Vahabzadə: Bayraq

 

Torpağım üstünə kölgələr salan

Mənim varlığımın cilası-bayraq.

Zəfərdən doğulmuş Göytürkdən qalan

Qurdbaşlı bayrağın balası bayraq.

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

 

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

 

Harda əcdadımın ayaq izi var,

Bu zəfər bayrağım orda dikəlsin.

Keçdiyi yerlərdə dağlar, yamaclar

Onun hüzuruna salama gəlsin.

 

Tarixdən qədimdir, zamandan qoca

Mənim bayrağıma sancılan hilal.

Aləmə nur saçdı tarix boyunca

Məbədlər başına tac olan hilal.

 

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

 

Sabir Rüstəmxanlı: Bayrağım

 

Başımızın üstündə dalğalanan, dev bayrağım!

Yarı torpaq, yarı göy, yarı alov bayrağım!

 

Dalğalan, qoy havanla Bakımız küləklənsin,

Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

Bu məğrur ucalıqda tarixin ərintisi,

Səni kəfən yerinə geyənlərin gur səsi!

 

Səni ümid yerinə qəlbində gizləyənlər

Əsarətin, işğalın sonunu gözləyənlər,

Səni namus səngəri, Səni qutsal əmanət,

Səni ocaq sayaraq gizli əzizləyənlər,

 

Dərindən nəfəs alıb dincəlsinlər süsündən.

Sənə əyri baxanlar dağlansınlar gözündən…

Hava tutqun olanda Ayı çək qucağına,

Ulduzun işıq səpsin yurdun hər bucağına!

 

Mavi – türklük şərəfim, varlığımız əbədi!

Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!

Qırmızı da al qanım, axdı vətən yolunda,

Əsarət zəncirini atmaq üçün qolumdan!

 

Ucal başımız üstə, ruhumuz kimi ucal!

Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

Dünən səni cıraraq ayaqlara atanlar

Qızıldan tökdürərək oxşasın sinəsində!

Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.

Yurdumun üzü gülsün bu birlik nəğməsindən!

 

Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,

Daha sənə əl çatmaz dursalar da, qəsdində.

Bu gün azadlığımsan Bakının göylərində,

Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

 

Ramiz Qusarçaylı: Azərbaycan bayrağı

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər öpər,

Hər rəngində "ya qazi, ya şəhid” bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, –

Azərbaycan bayrağı !

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı !

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -

Azərbaycan bayrağı !

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

Süleyman Abdulla- Azərbaycan  bayrağı

 

Sən,ey gözümün nuru,

Ürəyimin qüruru...

Sən,ey canımın canı,qəlbimin iftixarı,

Sən,ey ucadan uca,zirvələrin vüqarı...

Biri Qərb,biri Şimal...qoşa  qalam Şahdağı,

Azərbaycan bayrağı!

 

Savalanlı,Talışlı,Salavatlı,-varımsan,

Qürurlu Babadağım,Kəpəzim,Qoşqarımsan.

Qapıcıq,-ordu yerim,leşkərim,sərdarımsan,

İrəvana varan gün qorxudan çatlar yağı!

Azərbaycan bayrağı!

 

Şah nəğməm Xan Arazın,dəli Kürün səsidir,

Halal ruzi Muğanın,Milin müqəddəsidir.

Xəzərin gözəlliyi Tanrının müjdəsidir,

Adıntək çox uludur Vətənin pak torpağı,

Azərbaycan bayrağı!

 

Gün gələr Qarabağın ağ edərsən baxtını,

Qaytar öz qüdrətinə Xətainin taxtını!

Məğribdən Məşriqəcən dalğalanan vaxtını,

Görüb,sevincim olsun ömrümün ən xoş çağı,

Azərbaycan bayrağı!

 

Siması güldən gözəl,nur yağan camalın xoş,

Məqsədin-məramın xoş,ərkanın-kamalın xoş,

Əhdin düz,andın təmiz,yolun haqq,amalın xoş,

Ey dilimin,dinimin, xalqımın ruh dayağı,

Azərbaycan bayrağı!

 

Göyündə tarixlərin zəfər çələngi vardır,

Qırmızında qanımın zamanla cəngi vardır,

Yaşıkında ruhumun təmizlik rəngi vardır,

Səkkizguşəli ulduz,hilaldır nur çırağı,

Azərbaycan bayrağı!

 

Uğrunda fəda getdi çox ərlər,çox ərənlər,

"Haqq məndədir!"-

Söyləyib haqqa yol göstərənlər,

Azadlığın namınə ölümə döş  gərənlər,

Əyilməzdi,məğrurdu Rəsulzadə sayağı,

Azərbaycan bayrağı!


Səcdənə durdum sənin,etdim biət,-sənindir,

Dünyaya sülh hayqıran ən xoş niyyət sənindir!

Bir kərə yüksəlmisən,əbədiyyət sənindir,

Yüksəl,ucal,dalğalan,ey bayraqlar bayrağı,

Azərbaycan bayrağı!!!

Azərbaycan bayrağı!!!

2014-2016.

*Şeir bayraqdakı ulduz səkkizguşəli olduğuna görə 8 bənddən ibarətdir.

 
 
 
Ədəbiyyatımızda bayraq  şeirləri

Ədəbiyyatımızda bayraq  şeirləri

Ədəbiyyatımızda bayraq  şeirləri

Ədəbiyyatımızda bayraq  şeirləri

Ədəbiyyatımızda bayraq  şeirləri

Ədəbiyyatımızda bayraq  şeirləri

Ədəbiyyatımızda bayraq  şeirləri

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz