» » Qadınsız ev - Günəşsiz bir dünyadır

Qadınsız ev - Günəşsiz bir dünyadır

Qadınsız ev - Günəşsiz bir dünyadır

Mənim bir dostum var. Dünyagörüşü, həyat təcrübəsi çoxlarına nümunə ola bilər. Baməzəliyi də öz yerində. Ziyalıdır, nümunəvi ailə sahibidir. Bir az ciddi, bir az da mühafizəkardır.
Bir dəfə xanımıyla mağazaya gedibmiş. Deyir ki, biz içəri daxil olanda mağazada yanında xanım olan digər bir nəfər də vardı. Xanımıdır, dostudur, tanışıdır deyə bilmərəm, amma kənardan çox mehriban görünürdülər. Mağazadan çıxanda xanımım dilləndi ki, bəxtəvər başına, gördün, necə mehribandırlar? Dedim ki, gördüm. Sən elə bilirsən ki, o, onun öz xanımıdır? Dostum o vaxt bunları mənə söyləyərkən xanımına yarızarafat, yarıciddi verdiyi cavabdan dodaqlarım da qaçmışdı. Adi bir həyat anıdır, amma düşündürücüdür. Düşündürücü olan da budur ki, bəzi kişilər öz xanımlarına qarşı ciddi olduqları halda, qeyri xanımlara mehribanlıq göstərirlər. Görən niyə belədir? Elmi, məntiqi, lap "siyasət” işlədib istənilən cavabı vermək olar. Amma gəlin, bir az səmimi danışaq.
Kişilərə görə ailənin nüfuzu daha çox qadının namusu ilə ölçülür. Ər həmişə istəyər ki, qadını bir az ağır oturub, batman gəlsin.. Müəyyən qədər təmasdan, ünsiyyətdən qaçsın. Çünki daha çox ünsiyyət , həm də daha çox problem deməkdir. Bu baxımdan qadınlar özlərini qorumalıdırlar. Qadınla ucalan varlığımıza ləkə gəlirsə, bu ləkə ailə ittifaqının pozulmasına gətirib çıxarır. Belə ləkəni heç vaxt heç kəs özünə sığışdırmayıb, sığışdırmayacaq da... Əslində bu, qadının həyatımızdakı uca yeridir, ona veriələn dəyərdir. Qadın Anadır...Vətənə də ana deyirik. "Namus” anlayışı "Qadın”, "Vətən” məfhumu ilə qoşalaşanda, qovuşanda daha əzəmətli olur, qovuşmayanda isə Vətən də rəzil olur, biz də.
Seriallarda gördüyünüz vulqar Qərb həyatını, ər-arvad, kişi-qadın münasibətlərini göz önünə gətirin. Onlar qadını əşyalaşdırırlar. Qadın onlar üçün nəşə, həzz yaradan bir canlıdır. Qadın ərini və ya təsirinə saldığı kişini açıq-saçıq geyimlərlə, çürbəcür eyş-işrət oyunları ilə çəzb etməlidir. Amma bizdə qadına belə yanaşmaq olmaz, bizdə qadını əşyalaşdırmaq olmaz.
Qadın zəriflik çələngidir, anadır. Bir ataya "qaynata”, bir anaya "qaynana” deyən xatundur... Bu xatun Qərbdəki kimi açıq-saçıq geyinməməlidir. Onun qadınlıq cizgilərini yalnız öz halal əri görməlidir. Nəinki üstünə saatlarla getməyən ətir səpib küçəyə çıxmalıdır. Qadın üstünə o ətri səpməlidir ki, onun qoxusu ərindən başqa heç kimin burnuna çatmayacaq.
Bilirsiniz, Azərbaycan ailəsində namus, qürur kimi müəyyən ölçülər həmişə mövcud olmuşdur və bu gün də var. Amma bunlar ayrı-ayrı zamanlarda müxtəlif məzmun kəsb etmişdir. Dədə Qorqud cəmiyyətində qadın "halalım” deyilərək ən şöhrətli mərtəbəyə yüksəldilir. Amma həmin cəmiyyətdə bir ər həyatdan köçəndə qadınına vəsiyyət edir ki, məndən sönra uşaqlarımı başsız qoyma, könlün kimi istəsə, gözün kimi tutsa, ərə get, ailə qur. Bəlkə də o dövrlərdə həyatın, insan nəslinin davam etməsi üçün cəmiyyət bunu belə qəbul edib. Üstündən yüz illər keçib, insan nəsli böyüyüb, kifayət qədər şaxələnib, davamlı olub və artıq sevgi, namus, şərəf kimi məsələlər yeni məna daşımağa başlayıb. Orta əsrlərdə yaranmış bir bayatıya fikir verin:
Əzizim, baxdı yarım,
Könlümün taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?

Gözəldir, deyilmi? Bu bayatıda xalqımızın "qadının bir əri olmalıdır, kişi bir xanımla evlənməlidir” , "qadın ərinin qürurunu göz bəbəyi kimi qorumalıdır” kimi təfəkkür tərzi öz ifadəsini tapıb və genetik kodla nəsildən-nəsilə ötürülüb.
Elə fikirləşməyin ki, məqsədim ancaq kişiləri müdafiə etməkdir. Xəyallarımda o qədər sevgi dolu ailə həyatı qururam ki. Bəs biz bunu həyatda niyə yarada bilmirik? Niyə bu həyatı sona qədər ilkinliyində sevdiyimiz kimi yaşaya bilmirik? Bunlar bizim beynimizdə var. Amma siz qadınlar da ərlərinizi anlayın. Hər şeyi kişilərin üstünə yıxmaq da doğru deyi axıl. Ailə ittifaqında yaranan problemlərdə bir qədər də həyatın doğurduğu maddi çətinliklər, ətraf mühitdəki müəyyən ölçüsüzlük, bir az Qərbin eybəcər gender illüziyası da rol oynayır, bunlar nəticədə möhkəm ailənin təməlini sarsıdır.

Qadınsız ev - Günəşsiz bir dünyadır

Kimsə xanımına bir mövsümdə, hətta bəzən ildə bir dəfə ürəyi istəyən kostyumu və ayaqqabını ala bilmir. Amma Fira o günü mamasıgilə gələndə 2 min manatlıq ayaqqabı geymişdi, özü də CİP-lə gəlmişdi... Gulya bu yay istirahətini Antalyada keçirib, amma sən imkansızlıqdan xanımını bir ildən çoxdur ki, ata-anasını görmək üçün rayona apara bilmirsən.
Bu gün ər-arvad münasibətlərinin soyuq olmasının bir səbəbi də qadın əməyinə diqqətsiz yanaşmadır. Qadınlar çox vaxt ev, uşaq, ər qayğılarında itib-batırlar, özləri isə yaddan çıxırlar. Bu, heç fiziki cəhətdən də mümkün olmur. Onlar ev işləri görsünlər, yoxsa özlərinin zahiri görkəminə fikir versinlər?
Kişi hər gün işdə, şəhərdə, metroda, küçədə bəzənib-düzənmiş, ətirlənmiş xanımları görür. Evə qayıdanda isə qapıda baxışları işləməkdən yorulub əldən düşmüş, bəlkə də günorta çörəyini yeyə bilməyən xanımının aclıqdan ağarmış bənizi ilə rastlaşır. Bunlar getdikcə bir yerə cəmlənir və nə vaxtsa bu ailəni xoşagəlməyən seçim qarşısında qoyur.
Amma mən arzu edirəm ki, qadınlarımız çox işlərdən azad olsun, mədəniyyət nazirinin dediyi kimi, onların əllərinə götürə biləcəyi ən ağır yük bənövşə dəsti olsun. Hər vaxt ərlərinin diqqət və ehtiramını hiss etsinlər. İstəyirəm ki, həftənin istirahət və bayram günlərində onlar ailəliklə respublikamızın gözəl guşələrinə gəzməyə çıxsınlar. Fəqət çətinlik, problem olanda ümidsizləşməsinlər, onların həlli yollarını tapsınlar. Onlar ailə xoşbəxtliyini seriallardan, kitablardan arayıb arzulamasınlar. Elə yaşadıqları həyatın içində qursunlar.
Ailə elə bir səadət körpüsüdür ki, bir tağı kişinin, bir tağı da qadının çiyinlərində sütunlaşıb. Bu körpünü biz övladlarımız üçün qurmuşuq. Davamlıdırsa, övladlarımızın yolu uğurlu olacaq...Niyə də bu uğur üçün yaşamayaq? Gəlin, sevgimizə sahib çıxaq...
Kişilər, xanımlarınıza qarşı sevgilərinizi bir az "itiləyin”. Xanımlar, ailənizi qoruyb saxlayın....Bir-birinizə yaxınlaşan addımlarınızda büdrəsəniz, bezməyin, geri qayıdıb yenidən davam edin. Təki sevginiz yaşasın... təki sevgimiz yaşasın. Nə gözəl deyib şair:
Qadınsız ev- Günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır…

Qadınsız ev - Günəşsiz bir dünyadır

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz