» » Tanrıdan əhdim budur

Tanrıdan əhdim budur

Tanrıdan əhdim budur 

İzahlı lüğətlərdə "toy" evlənmə,  nikahın qeydə alınması ilə əlaqədar mərasim, habelə həmin mərasimlə əlaqədar olaraq düzəldilən şənlik, şadlıq məclisi kimi ifadə olunur. Bu mərasimin əsas şərti  qızın ata evindən bəy evinə köçməsidir. Ana icması (matriarxat) dövründə toy  sadə mərasim olub. Ata  icması (patriarxat) dövründə isə təknikahlılıq (monoqamiya) bərpa olunduqdan sonra xüsusilə geniş yayılmağa, forma və məzmunca  dəyişməyə başlamışdır. Amma əslində toy  mərasiminin  cövhərindəki   dərinliyin  bütün  çalarları tam üzə çıxmamışdır.  Onun  diapozonu,  ehtiva etdiyi  anlam tək iki gəncin vüsalı ilə hüdudlanmamalıdır.

Nərgizi üzək, layla,

Telinə düzək, layla.

Sən böyü, biz qocalaq,

Toyunda süzək, layla...

Fikir verirsinizmi, burada hansı evlənmə, nikah mərasimindən söhbət gedə bilər? Hələ əlindən yatmaqdan başqa heç nə gəlməyən bir tifilə anası, nənəsi "toy tutur”, atını dördnala bu arzunun gerçəkləşəcəyi günə çapır...

Laylası dərin bala,

Yuxusu şirin bala,

Tanrıdan əhdim budur,

Toyunu görüm, bala.

Tanrıdan əhdim budur

Deməli, əslində evlənmə, nikah mərasiminin reallaşdığı gün kimi izah edilən toy sözünün cövhərində daha dərin mənalar var… Deməli, hər kəsin toyu nikah mərasiminin baş tutduğu gündən yox, hələ beşikdə ikən başlayır.

Həyat mövcud olandan saf məhəbbətlə sevmək və bu məhəbbətin arzularında vüsala qovuşmaq insanlıq aləmini  düşündürmüşdür. Təkcə əza həzzi almaqdan ötrümü? Təkcə gözümüzün qurdunu öldürməkdən ötrümü? Yox, bu hissləri heç məhəbbətə yaxın buraxmamalı...

İnsan həmişə sevgi acı olmuşdur, çünki özü dərin bir sevginin ehtiyacından, ülfətindən yaranmışdır.. Yarananda başının üstündə Ay, Günəş, ulduzlar, ayağının altında da torpaq.. Uca Allah hələ özündən  öncə onun yaşaması üçün lazım olan bütün ruziləri də bəxş etmişdi: su, hava, bitki, meyvə…

Sevgi də Allahın bir ruzisidir… həm də  bütün ruzilərin şahı. O olmasa, heç torpağı, anamızı da sevmərik. O olmasa, bir şitili belə torpağa sancmarıq. O olmasa,  əkdiyimiz, biçdiyimiz heç nəyin bərəkəti olmaz… Bax, toy mərasimi hər iki tərəfin bu  ruzinin elin gözü qarşısında qazandığı  gündür. Həyatın, insanlığın davam edəcəyinə ümidlərimizin  torpağa sancıldığı  gündür, göyərsin deyə… Akademik Vaqif Abbasov yazılarının birində çox gözəl deyib ki, dünyaya gələn hər körpə uşaq Allahın insanlardan əlini üzmədiyinə bir nişanədir. Bu mənada , ən başlıcası, toy  Allahın buyurduqlarına bizim sədaqət əhdimizdir.

Tanrıdan əhdim budur

 Toy  iki gəncin bir-birinə qovuşduğu, onlar üçün  sərbəst, xoşbəxt ailə qurmaq  günüdür. Toy  insanlar arasında ülfət və ünsiyyəti möhkəmləndirən gözəl şadyanalıqdır. Toy iki ailənin, iki nəslin şadyanalığına elliklə ehtiramın  təsdiqi günüdür...Toy yeni-yeni toylara, yeni-yeni sevgilərə nişan verən səadət ünvanıdır....Toy elin gözü qarşısında subaylığın yenildiyi gündür..Toy  9ay, 9 gün, 9 saat, 9 dəqiqə, 9 saniyədən sonra  açılacaq bir könül laləsinə  xeyir-dua günüdür... Toy hər oğlumuza, qızımıza arzuladığımız ən hərarətli arzudur...

 Məhz buna görə də bizim xalqımıza məxsus toy adət-ənənələri öz dolğun məzmunu və müxtəlifliyi ilə zəngin və qədimdir. Çox qədimdəki toylarımız məişət əyləncələri ilə də zəngin olmuşdur. O vaxtlar radio, televiziya, musiqili tədbirlər yox dərəcəsində olduğundan toy həm də evlənmə mərasimi çərçivəsindən çıxaraq  ictimai-mədəni bir şənlik məclisinə çevrilmişdir.  Toylarımızda ailə-məişət mövzusunda  "Kilimarası”, "Qara göz”, ” "Şah Səlim”, "Haçı  gəldi” kimi tamaşalar göstərilmiş, cıdır, güləş, kollektiv rəqslər və s. əyləncəli tədbirlər keçirilmişdir.

Toy adətlərimiz özü  bir neçə mərhələdən ibarət olmuşdur: "qızbəyənmə”, "sözkəsdi”, elçilik, qız evinə şirni göndərilməsi, qız evində "paltarkəsdi”, xına geçəsi, kəbin kəsilməsi, toy və gəlin ”üzəçıxdı”sı...

Yaşlı nəslin nümayəndələrındən toylarımız haqqında çox eşitmişik. Onlar söyləyirlər ki, keçmişdə oğullarını evləndirmək istəyən atalar qohum-qardaşlarını evlərinə çağırıb məsləhətləşərdilər. Qız seçildikdən sonra oğlanın xalası və ya bibisi qız evinə gedər, elçi gələcəkləri üçün onlardan icazə alardılar. Elçi getməmişdən əvvəl müəyyən vasitələrlə qız tərəfinin, qızın özünün münasibətini öyrənər, yalnız bundan sonra elçi gedərdilər. Elçilərə çay süfrəsi açılar, söhbət başlayardı. Qızın valideynlərinə gəlişlərinin məqsədlərini deyərdilər. Əgər "razılıq" verilsəydi, yalnız bundan sonra süfrəyə şirin çay gələrdi. Sonra nişan mərasimi olardı. Qız ər evinə gedənə kimi bütün bayramlarda oğlan tərəfi qız tərəfinə, qız tərəfi də oğlan tərəfinə bayram payı, müxtəlif hədiyyələr aparardı...

Tanrıdan əhdim budur

Qız ata evindən gəlin köçərkən arxasınca su atılması, oğlan evində qarşılanarkən ayaqlarının altında qurbanlıq qoyun kəsilməsi, başı üstündən şirniyyat qatılmış düyü səpilməsi, ər evinə çıxarkən ayaqlarının altlnda boşqab sındırılması, "zifaf gecəsi”, səhəri gün "üzəçıxdı” mərasimi, böyük şadyanalıq, dərhal qız tərəfinə xonça göndərilməsi və sairlər təkcə mərasim xatirinə keçirilməzdi. Bütün bunlar hər iki gəncin qarşısında ciddi vəzifələr qoyardı, onlar ailə həyatına daha məsul yanaşardılar. Bu ailələr çox etibarlı olurdu. O vaxtlar ailə dağılması nəinki iki nəslin, eləcə də bütün kəndin , bütün obanın faciəsi sayılırmış.

Bu gün toylarımız da çox dəyişilib, gənclərimiz də. Heç bilmirsən harda tapışdılar, harda sevişdilər. Ata-ana bir də görür ki, övladları gəlib deyir ki, biz bir-birimizi sevirik, toyumuzu edin.

Əvvəllər toy edən gənclərimiz bir neçə il ata-ana yanında olmalı idilər. Bu, həmin gənclərin ailə - ər, qadın olmaq haqqına yiyələnməsi üçün  çox  vacib idi.Amma indiki gənclər  birbaşa şadlıq evindən əlahiddə evə köçmək istəyirlər ki, "əllərinə-ayaqlarına toxunan olmasın”. Nə vaxt yatıb-durmaqlarından heç kim əndişələnməsin. Öz üzərlərində qaynata-qaynana baxışları hiss etməyən,  bu baxışlarla cilalanmayan təzə bəy və gəlinlər qarşılaşdıqları ən kiçik məsələləri  belə həll edə bilmədiklərindən böyük problemlərə yol açırlar.

Tanrıdan əhdim budur

Bugünkü toylarımızın unudulan bir hissəsi də  yengə ilə bağlı məsələdir.Yengə adını eşidən əksər  gənclərimiz az qala aləmi qarışdırmaq istəyirlər.Yengə xidmətini biabırçılıq, gerilik  kimi qəbul edirlər. Əslində bunların hər biri dönə-dönə zamanın sınağından çıxıb. Bu mərhələlərin hər birinin özünün   mənası, əhəmiyyəti vardır. Mən də qəbul edirəm ki, toy adətlərimizin təkibində  utancverici elementlər olub.Məsələn, qız  evinin öz qızları üçün aldığı haqq.   Onu da deyim ki, bu adla alınan  haqq təkcə bizim xalqa aid deyil. Dünyanın  bir çox  yerlərində bu olub,  indi  də  bəzi yerlərdə  qalır. Avropada  buna "veno”,  türk xalqlarında "başlıq”, "kalım” deyirlər. İnsanların həyat şəraiti yaxşılaşdıqca, düşüncə tərzlərində müasirləşmə baş verdikcə  bu haqqın alınmasına da son qoyuldu. Amma yengə bizim toylarda qalsa yaxşıdır. Bu, mənim şəxsi fikrimdir. Əgər xatırlayırsınzsa,  hamımızın ehtiram bəslədiyimiz  iki məşhur sənətçimiz ailə qurandan sonra mətbuatda yazı getdi ki,   xanım  nikahdan qabaq hamilə imiş.

Yengəlik məhz bu cür halların qarşısını almaqdan ötrü  bir cavabdehlik, məsuliyyət hissidir.  Yengəlik  daha çox bir  psixoloji  xidmətdir.   Bu, təkcə toyu olan iki gənc üçün  deyil,  həm də gələcəkdə ailə quracaq qız və oğlanlar üçün ictimai bir nəzarətdir. Amma təəssüf ki, yengəlik getdikcə öz mahiyyətini itirir, çünki  bunu bir qazanc vasitəsinə çevirmək hədəfi var. O adam yengə gedə bilər ki, o, ailəyə, qadınlığa nümunə ola biləcək  xanımlarımızdan olsun.Türk qardaşlarımız qardaş arvadına "yengə” deyirlər. Yəqin ki, yengələrimiz də gəlinə, bəyə qardaş arvadı, bibi, xala qədər yaxın olmalıdır.

Biz ata-babalarımızdan miras qalan toy adətlərimizi yaşatmalıyıq. Müdriklərimizin zaman –zaman yaratdıqları əxlaq  özülünü, ailə, ər-arvad  münasibətlərni onlardan necə qəbul etmişiksə, gələcəyə də elə ötürməliyik.

Müşahidələr göstərir ki, bu ənənəyə uyğun qurulan ailələr daha etibarlı, daha sədaqətli olurlar. Bəs, Siz necə fikirləşirsiniz? Toy adət-ənənələrimizi  modernləşdirməliyik, yoxsa, olduğu kimi saxlamalıyıq?

Tanrıdan əhdim budur

 


 


 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz