» » "Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

Çox səmimi, kövrək şeirləri, həzin, pıçıltılı danışıq tərzi, həlim xasiyyəti ilə hər kəsdə xoş bir ovqat yaradan Nəriman Həsənzadəni görmədən də, elə şeirləri ilə bir anlıq başqalaşmaq olur: yeni bir adam olursan. Ağrın-acın həmən unudulur. İçinə bir nur seli axır, ətrafında olan, həmin anda ruhunu saran naqisliklər yox olur, ümidə doğru boylanırsan, sevgiyə doğru boylanırsan.
Bax, əsas məsələ də budur: oxuduğun ədəbiyyat nümunəsi – poeziya ruhuna qida verə bildimi, hisslərinə sığal çəkə bildimi, səni özünə qaytara bildimi?
Söhbət uşaq vaxtı oynadığımız "Bənövşə bəndə düşər” oyunundakı kimi qarşı tərəfdəki səfi yarıb kimisə çəkməkdən getmir ha...Bu, oyunun texniki şərtidir, amma dolayısı ilə hardasa, oyunda  estetik hisslərin ilk notlarıdır.
İnsanın bu cür hissə malik olmadan mənəvi cəhətdən inkişaf etməsi çətin ki mümükün olsun: olsa da həmin şəxs qaba, küntöy olacaq, adamayovuşmaz , ən yaxşı halda, "qalstuklu odun parçası” olacaq.
Amerikalı filosof, şair, ictimai xadim Ralf Uoldo Emerson demişdir:"Gözəlliyi tapmaq üçün bütün dünyanı gəzsək də, onu içimizdə daşımırıqsa, əsla, tapa bilmərik.”
Onu içimizə, ruhumuza, əməllərimizə bələyən isə sənət və ədəbiyyatdır.
Şairlər var ki, rəsmən bu adı qazanıb, kitablaı var, amma oxucusu yoxdur. Kimdir belələrinin arxasınca kitabxanaya gedən, internet arayan, nənki onun kitabın alan.
Amma Nəriman müəllimin bir şeirindən yan keçmək olmaz...Bir çıxışından yan keçmək olmaz. Bu, əsl ədəbiyyat adamı olmaqla bərabər, 
Nəriman Həsənzadənin həm də özünün müdrikliyi ilə də bağlıdır. Kimsə Nəriman müəllimi tanımırsa belə, təsadüfən onun yanından keçərsə, hökmən o əhatədə səmimi, xoş impulslar qəbul edəcək.
Gərək ki, Habil Əliyevin yaradıcılıq keçəsi keçirilirdi. Kaman ustası "Apardı sellər Saranı” ifa edirdi. Həmin anda Nəriman müəllimdə zalda idi və operatorun diqqətindən yayınmamışdı. Həsən müəllim dizinin üstündə yazmışdı:
 

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

Canım yandı, can ay Habil,
Təzələdin bir yaramı.
Araz axır sahil boyu,
Apardı sellər Saramı.

Ələndi torpağım, daşım,
Ağardı bəlalı başım.
Mən ağlayıb qurtarmışdım,
Ağladı ellər Saramı.

Qarşımda canlı xəyalsan 
Qışqırırsan, amma lalsan.
Çal, Habil, çal, belə çalsan,
Kaman dirildər Saramı... 

   

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

 

Olsun ki, vüsala çatmayan, sevgidən kam almayanların Sara harayı , kamanın ah-naləsi gözəl şairimizin Sara ayrılığı ilə qovuşub şeiri bu qədər təsir edib. Olsun. Əllərimi qaldırıb təslim oluram. Amma Nəriman müəllimin bütün şeirləri belədir.
Mən də bir xatirə deyim. 20-30 il öncəyə aiddir bu. Yay tətilində yoldaşım, böyük oğlum kəndə getmişdilər. İlk günlər o qədər çətin olmadı. Bir həftə sonra görürdüm ki, çox çətindir. Hər gün qapını açıb həyətə girəndə  qarşıma çıxan oğlumu, anasını görməyib xiffət edirdim,  sanki həmişəlik getmişdilər.  Bu həsrət  o biri günə keçdikcə daha da qalınlaşırdı. Mən də hər gün Nəriman müəllimin "Qayıt” şeirini deyirdim, özü də bərkdən:
 

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə,
Başqadır həyatda həyat yoldaşı.

Uzaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.

Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur,
Nə qədər silirəm, toz basır yenə, 
Sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,
Deyirlər gəl çay iç, çörək ye, hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil,
Özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur,
Sən mənim dünyamsan, dünyama qayıt. 
 

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

Həyət evi idi. Sən demə, qonşular da mən  hər gün bu gözəl şeiri deyəndə qulaq asırmılşar. Onlardan biri uşaqların anasına xəbər göndəribmişdi ki, tez qayıt, qayıtmasan….
Bilirsiniz, nə olsun ki, ədəbiyyatda fantaziya, xəyal, təxəyyül güclü olur, amma əsl  ədəbiyyat da odur ki, burada verilən hisslər əlindən tutub səni  onları gerçəkləşdirməyə,  bu hissləri yaşamağa aparsın. Nəriman müəllimin bütün əsərləri belədir: incə, kövrək notlarla bizi  hər zaman özəlləşdirir. Əlllərimizi, ümidlərimizi həyatdan, Yedən, Göydən, Allahdan üzülməyə qoymur, əksinə, daha sıx bağlayır.
Neçə vaxtdır "Ana və Uşaq"da məşhur şairlərin sevgi taleyi, xanımları barədə yazılar və şəkillər  veririk. Bu dəfə isə  Nəriman müəllimin sevgi dünyasına heyrət edəcəyik.  
Əlbəttə, Nəriman müəllim haqqında oxumaq hər kəsin ürəyincə olacaq: cavanlarımız üçün xüsusən.  Buradakı xatirələr  gənclərimizə məhəbbətlərinin qədrini bilməyə, orta və nisbətən yaşlı nəsli isə bu ülviyyəti qorumağa çağıracaq.

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)


Nəriman müəllimin xatirələrindən:


"Anam taleyindən heç vaxt şikayətlənməzdi. Allaha şükür edərdi və atama rəhmət oxuyardı ki, məni yadigar qoyub.”

"Bir anam, bir də mən baş-başa verib yaşayırdıq. Qonşular da bizi çox istəyirdilər. Anam çörək bişirirdi, mən də satırdım, dolanırdıq. Anam həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışırdı. Onun sayəsində mən yetimlik görmədim. Doğru deyirlər ki, adam atadan yox, anadan yetim qalır.”

" Qadın ilahi varlıqdır. Mən bunu öncə anamın timsalında gördüm. Təəssüf ki, onu da çox tez itirdim...”

"Həyatımın ikinci ilahi varlığı da ömür-gün yoldaşım Sara xanım oldu. Sara xanım həyatın mənə töhfəsi idi. Həqiqətən də, dünyanı kişilər idarə edir, kişiləri isə qadınlar. Qadın kişinin taleyidir. Qadını olmayan kişi vətənində qürbətdədir.
Ana, qadın mənim üçün həqiqətən müqəddəsdir. Ona görə də əsərlərimdə bu mövzuya geniş yer ayırmışam. ”

" İnstitutda hansı qızdan xoşum gəlsə, Saraya deyirdim ki, gedib baxsın. O da gəlib pisləyirdi. Demə, ürəyində məni istəyirmiş. Sara məndən 5 yaş kiçik idi. Sonra Gəncədə bacımgildə toyumuz oldu.”

" Ümumiyyətlə, qadın uşaq kimidir. Gərək xətrinə dəyməyəsən. Sən qadını sevsən, qadın da səni sevəcək. Onun ölümündən bir neçə il sonra Nekrasovun əsərini vərəqləyirdim. Həmin kitabda Saranın öz xətti ilə yazdığı fikri oxudum: "Nekrasovu çox sevirdim. Tale elə gətirdi ki, mənim həyat yoldaşım da şair oldu. Onunla fəxr edirəm".
 

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

 

"Rəssam portretimi çəkib, altında bir şeirimdən iki misranı yazmışdı:

Bir insan ömrünü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün".

Bir gün İsmayıl Şıxlı bizə gəlmişdi. Portretə baxıb dedi ki, "Nəriman, nə yaxşı düzəlişdi bu". Baxdım ki, Sara şeirə "düzəliş" edib:

"Bir qadın ömrünü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün".

Sara cavan getdi. Son anlarına qədər məni düşünürdü: "Necə yaşayacaqsan?" deyirdi. ”

 

"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

 

Gəl axtar içimdə, ara içimdə

Qapalı ümmandı elə bil sinə,
Çalxalanır, sığışmır öz hövzəsinə.
Qızıl balıq kimi, üzür tərsinə,
Ürəyi salıblar tora, içimdə.

Ürəkdən çəkirəm, ürək acıyam,
Fikir dünyasıyam, söz yamacıyam.
Özüm, özüm boyda dar ağacıyam,
Dara çəkilirəm, dara içimdə.

Taleyim xeyrə yox, şərə qol çəkir,
Dərdi ya qız çəkir, ya oğul çəkir.
Nazim fikirlidi, gözü yol çəkir,
Xatirə yanımda, Sara içimdə.


"Tək sənin səsinə həsrətəm evdə " ("Bitməmiş mahnılar" - XIII yazı)

Nəriman müəllim haqqnda çox xatirələr oxudum. Hamısı bir-birindən maraqlı və təsirli. Onlardan birini tam olaraq sonda təqdim edirik. 

 

 Nəriman Həsənzadə: "Hər zaman yoldaşım deyərdi ki, qızımın dalınca şair elçi gəlsə, onu evimdən qovaram”-

Müsahibə:

 

 

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.


-Yoldaşınızı çox erkən itirmisiniz, onun itkisi ilə necə, barışa bildinizmi?

 

- Yoldaşımı itirdikdən sonra ürəyimdə 3 povest hazırdır. Onlardan biri və ən önəmlisi, hansı ki, bu poemanı yoldaşıma həsr etmişəm- "Nabat xalanın çörəyi” povestinin davamını yazmaqdır. Artıq 22 ildir ki yoldaşımı itirmişəm. Hətta bugünki gündə də oturub danışanda məni qəhər boğur. Çünki o, mənim uşaqlıq dostum olub. Hər zaman deyirəm ki, qadın həyatda ən böyük qüvvədir. Bu povestimi Mingəçevirdə səhnəyə qoydular və rəğbətlə qarşılandı. İndiyə qədər bu sirri heç bir yerdə açmamışam. İndi artıq deyirəm ki, bu povesti mən yazmamışam. Professor Akif Hüseynovla bir yerdə çalışanda uşaqlığımda başıma gələnləri danışdım və o mənə dedi ki, bu danışdıqlarını yaz gətir. Mən də dediklərimi kağıza yazaraq Akifə verdim. Bu haqda o, heç vaxt danışmayıb. Bir neçə gündən sonra povestin jurnalın son səhifəsində çıxdığının şahidi oldum. Daha sonra mənə təklif etdilər ki, bu əsərin ikinci hissəsini də yazım. Mən də onların dediklərinə əməl etdim. Həmin əsərə də heç bir düzəliş etmədən çap etdirdilər. "Nabat xalanın çörəyi" povesti 3 hissədən ibarətdir.

 

- Ailənizdə yeganə övlad siz olmusunuz?

 

- Atam iki dəfə ailə həyatı qurub. İlk evliliyindən 3 bacım, qardaşlarım isə çox olub. İkinci evliliyindən isə yeganə övladı mən olmuşam. Ancaq həmin bacılarım və qardaşlarım məni uşaqlıqdan atıb gediblər. Fikirləşiblər ki, bundan adam olacaq? Atamın yaşı çox olduğundan anam heç bir zaman atamın əleyhinə danışmayıb. Hər zaman deyirdi ki, Allah atana rəhmət etsin ki, səni mənə veribdir.

 

- Yoldaşınız Sara xanımla necə tanış olmuşdunuz?

 

- Sara mənim uşaqlıq dostum olub. Demək olar ki, onunla bir evdə böyümüşük. İnstitutda bir yerdə oxuyanda bir neçə qızdan xoşum gələndə ona deyirdim ki, get maraqlan gör necə qızlardır. Həmişə də onları mənə pisləyərdi. Bunu ona görə edirdi ki, sən demə məni ürəyində sevirmiş. O, həmişə mənə deyirdi ki, Nəriman "Nabat xalanın çörəyi”ni yaz, gör indi mən nə yazacağam. Ancaq sonralar onun yazıb-yazmadığını bilmirəm. Sonradan mənə dedi ki, yazmışam. Ancaq nə qədər axtardımsa, tapa bilmədim. Görünür ki, mənim hələ yazılası çox əsərlərim qabaqdadır. Gör, mən nələri hələ yazmamışam.

 

- Nələri yazmamısınız?

 

- Çox şeyləri demək olar ki, yazmamışam. Misal olaraq, mən 12 yaşımda bilmişəm ki, mənim bacılarım var. Hər zaman qohum adı eşidəndə fəxr etmişəm.

 

- Qohumlarınız sizi məşhurlaşdıqdan sonra tapıblar?

 

- Elə deməzdim, ancaq tezdə tapmayıblar. Hər zaman onlarla yaxın olmuşam. Mənim qarşıma həmişə xeyirxah insanlar çıxıb. Bəlkə də həmin insanlar qarşıma çıxmasa idi, indi mən itib batmışdım. Anamın çörək bişirib satması ilə dolanardıq. İnsan heç vaxt atadan yetim olmaz. Mən anadan yetim qaldım. Yadıma gəlir ki, anam mənim üçün ayaqqabı almışdı, ancaq ayağıma balaca idi. Anamın xətrinə geyinirdim, evdən çıxanda isə çıxardıb köhnəmi geyinib məktəbə gedirdim. Hətta ən qorxduğum, hansı ki, bu günə qədər də ən qorxduğum heyvan itdir. İt gələndə həmişə ağaca çıxırdım ki, paltarımı cırmasın.

 

- Sizin şeirlərinizin çoxu kədərlidir, bu nədən irəli gəlir?

 

- Bu bədbinlik mənim tərcümeyi- halımdan irəli gəlir. Hər bir yaradıcı kəsin yaratdığı onun həyatı ilə bağlı olur. İnsanın tərcümeyi- halına baxanda onun bütün həyatını təsəvvür edirsən.

 

- Sizi daha çox bədbin şair kimi təsəvvür etmək olur...

 

- Əksinə deyərdim ki, həyatda çox sevincli birisiyəm. Hərdən qəmli olanda belə, hərdən də həmin qəm-kədər gülməli görünür. Sizə elə bir hadisə danışaram ki, əvvəli kədərli, sonrası isə çox gülməli ola bilər. Danışılası o qədər günlərim var ki. Ancaq yenə də taleyimə çox minnətdaram.

 

- Bildiyimiz kimi, sizin qarşınıza daim yaxşı insanlar çıxıb. Onların adlarını hər zaman çəkirmisinizmi?

 

- Mənə yaxşılıq edən insanları heç vaxt unutmuram. Mir Cəlal Paşayev hətta oğluna aldığı evi də mənə vermişdi. Hazırda da 45 ildir ki, onun verdiyi evdə yaşayıram. Hər zaman ona deyirdim ki, iş axtarıram. Mənə hər zaman deyirdi ki, iş yox, adam axtar. Deyirdim ki, Cəlal bəy niyə belə deyirsiniz? Deyirdi ki, iş axtarmaq onsuzda var, istədiyin vaxt işləmək olacaq. Ancaq insan adam tapmaq çox çətindir.

 

- Evdə tək olanda və ya hisslərə qapılanda özünüzü necə sakitləşdirirsiniz?

 

- Belə hallar məqsədli olmur. Hər zaman yoldaşım deyərdi ki, qızımın dalınca şair elçi gəlsə, onu evimdən qovaram. Səbəbini soruşanda isə bu işin çox mürəkkəb olduğunu deyirdi. Məncə şair olmaq bədbəxtlikdir. Belə olan halda insan kimi yaşamırsan. Həmin vaxt insan özündə olmur.

 

- Yazdığınız şeirin öz ideyası olur, yoxsa sadəcə ilham pərisi gələndə qələmə alırsınız?

 

- Mən heç zaman məqsədli iş görməmişəm. Hətta yadımdadır ki, "Nəriman” poemasını yazanda mənə dedilər ki, get Neft Daşları haqqında poema yaz. Məndə deyirdim ki, yazaram ancaq mənim ürəyim "Nəriman” poemasını tutub. Həmin bu poemamın başına çox işlər gəlib. Hətta bundan Heydər Əliyev xəbər tutanda çox əsəbləşmişdi. Əmr etdi ki, "Nəriman” poeması necə yazılıbsa, o cür də çap edilsin. O zaman çox çətinliklər var idi.

 

Bəlkə su çıxsa idi yerin dibindən,

Ayaqlar altında qalmazdı vətən

Neft mənim ölkəmin fəlakəti oldu....

 

Mən bütün bunları qəsdən yox, məhz Nərimanın dilindən demişdim. Hətta bunu da yozurdular ki, o da Nərimandır, bu da. Hər zaman Mir Cəlalın yanından çıxandan sonra dahiləşirdim. İndi başa düşürəm ki, o, niyə mənə deyirdi ki, iş axtarma, yaxşı insan axtar.

 

- Hazırda da Mir Cəlal Paşayev kimi insanlar varmı?

 

- Mütləq elə insanlar hələ də var. Baxmayaraq ki, indi bəzi insanlarda pul hərisliyi var. Ancaq mənim qarşıma hər zaman yaxşıları çıxıb.

 

- İndi sənətə gələnlərin əksəriyyəti demək olar ki, ancaq şöhrət dalınca qaçırlar. Sizcə bu nədən irəli gəlir?

 

- Şöhrət dalınca qaçmaq elə də pis iş deyil. Ancaq gərək çalışasan ki, şöhrət özü gəlib səni tapsın. Misal olaraq, U.Şekspir əsərlərini yazanda düşünmürdü ki, bunları şöhrət üçün yazıram. Sadəcə məqsədli yazmaq və iş görmək var.

 

- Bu gün demək olar ki, Nəriman Həsənzadə kimiləri yetişmir, buna səbəb nədir?

 

- Bir vaxt gələcək, yetişəcəklər. Bəlkə də elə əsərlər yazılıb ki, sadəcə onları biz hələ görə bilmirik. İndiki zamanda ədəbiyyatı az oxuyurlar, fikrinə də düz yanaşmıram. Çünki oxuyanlarımız çoxdur. Lakin təbii ki, Sovet dövründəki kimi deyil. Hələ bizim yazılası elə mövzularımız var ki, sadəcə buna zaman lazımdır.

 

- Ailənizdə sizdən başqa şairlik istedadı olan varmı?

 

 

- Mənim yalnız atamın bibisi oğlunun gözəl şairlik qabiliyyəti var. Ancaq belə, oğlum və qızım tamam başqa sahənin adamlarıdırlar. Onlar ağıllıdırlar, ona görə də bu sahəni seçmədilər. Şairlərdə ağıl olmur ki...(gülür..) Oğlum filoloq, qızım isə musiqi nəzəriyyəçisidir. Hər zaman demişəm ki, ata gərək övladlarına layiq olsun.


Mənbə: http://sia.az/az/news/social/73473-neriman-hesenzade-her-zaman-yoldasim-deyerdi-ki-qizimin-dalinca-sair-elci-gelse-onu-evimden-qovaram-musahibe

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz