» » "İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

Eldar Baxış da   "meydan-meydan otaqlar"ın  "zər-xaralı yataqlarında"öz dəbdəbəli həyatını qura bilərdi... Amma o, "zər-xaralı yataqlar" üçün can atmadı,  "zər-xaralı yataqlar"da yata bilmək üçün  qürurunu satmadı, əydirmədi. Elə buna görədir ki, bu gün görmədiyi, tanımadığı, bilmədiyi minlərlə ürəyində yaşayır. Ədəbiyyat  adlı  dəfinənin  bir   ləli də Eldar Baxışdır....

Yazımızın mövzusu şairlərin, eləcə də məşhurların sevgi dünyasından  əldə edə bildiyimiz qədər məlumat təqdim etməkdir. Onun həyatından tapa bildiyim bir toy şəkli oldu: saralmış, üstünə bir neçə yerə ləkə düşmüş ailə şəkli...
Həyat amansızdır: saraldr, soldurur, üstünə toz çökdürür, fəqət, cövhrinə, qüdsiyyətinə sədəmə toxundura bilmir. Nə qədər soldurur, o qədər ülviləşdirir, zəriflik, yanmaq, heyfislənmək assosiasiyası yaradır. Eldar Baxışı sevənlər üçün bu şəkil çox müqəddəs, saymazyana keçə bilməzdik, 2-3 saniyəyə baxıb ötürə bilməzdik, ötə bilmədik...Nə qədər əlimizdə dir, gözümüzün hədəfindədir, impulslaşırıq, rabitə qururuq. Demədən, danışmadan birlikdə yanıb-yaxıla-yaxıla anlaşırıq.
Ayrılığın üzü dönsün bu dünyada...
Eldar müəllim necə sevib, onun üçün bu eşq, gözəllik nə imiş: Bu iksirə Eldar Baxış necə yanaşıb? Nə deyim, vallah, aşağıda təqdim edəcəyim 2 müqəddəs şeirdə Eldar Baxış Sevgi, Gözəllik hisslərini bütün təfərrüatları ilə çəkiyə ala bilib, ölçə bilib, bizi də agah olmağa dəvət edə bilib.
Mən və mənim kimi on minlərlə insan var ki, bizim yaşam qaynağımız daha çox  poeziyadır, nəinki   02 (hava/oksigen). Və biz  Eldar Baxışın adı harda gəldi, ehtiramımızı ifadə edəcəyik, dualarımızı edəcəyik.
"Ana və Uşaq"
Eldar Baxış - Sərçə balası

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…

Gecənin bir aləmi

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.

Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə...

Qapınızın zəngi yuxulamışdı.
Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.

Həmişəki kimi "eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.

Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.

Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi...

 


"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

 

"İlahi, neyləsən, sən mənə eylə, İlahi, bu qızla işin olmasın…" ("Bitməmiş mahnılar" - IX yazı)

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz