» » "Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın... " ("Bitməmiş mahnılar" - V yazı)

"Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın... " ("Bitməmiş mahnılar" - V yazı)

"Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın... "  ("Bitməmiş mahnılar" - V yazı)
Şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid)18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.
Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.
Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.
"Ana və Uşaq" 

Əliağa Vahid yarımçıq da olsa, mollaxanada təhsil almışdı. Yarımçıq da olsa, bu təhsil ona sonralar bir müddət korrektor, redaktor işləməyə imkan vermişdi. Cüzi də olsa, qazandığı qəpik-quruş heç olmasa, çörək pulu edirdi."
" 20-21 yaşlarında Əliağa özbək Yaqubun qızına vurulur. Mixaylovski küçəsində Özbək Yaqub adlı bir tacirin xalça dükanı varmış. Yaqub əkənin şeirlə arası sazmış, ona görə Vahidlə söhbətləri yaxşı tutarmış. Vahid hər dəfə bu xalça dükanına gələndə Yaqub kişinin qızı Zülfiyyəni görər, girəvə düşəndə xısın-xısın danışardı. Zülfiyyə də Vahidə biganə deyildi, hətta şəklini də bağışlamışdı ona. Vahid Zülfiyyə ilə evlənmək istəyirdi, amma varlı-hallı alverçinin kasıb şairə qız verməyi sual altıdaydı. Günlərin birində şair özündə cəsarət toplayıb yollanır Yaqub əkənin dükanına ki, açıq danışsın, qızı istəsin. Amma lələ köçmüş, yurdu boş qalmışdı. Tacir Yaquba nə fəlakət üz vermişdisə, dükanı satılıb, tələsik Səmərqəndə yola düşmüşdü.”

 

"Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın... "  ("Bitməmiş mahnılar" - V yazı)

"Əliağa iki-üç gün özünə gələ bilmir, Zülfiyyənin xəyalı onu rahat buraxmır. Səmərqənd hara, Bakı hara, lap tutaq ki, pul-para düzəldib yola çıxdı, Yaqub əkənin yerini-yurdunu hardan tapacaqdı? Axır bir yol tapır, pul düzəldir, Zülfiyyəyə olan sevdası onu Səmərqəndə gətirir. Soraqlaşıb xalçaçı Yaqubun yerini-yurdunu öyrənir, birbaş yollanır evinə. İnsafən xalçaçı onu hörmətlə qarşılayır. Çay gəlir, plov gəlir, süfrəyə hər cür naz-nemət düzülür. Amma Bakıdan sevdalısının ardınca gələn adamın boğazından tikə keçərdimi, keçməzdi! Gözləri elə hey Zülfiyyəni axtarırdı. Və eşidir ki, Yaqub əkə Zülfiyyəni nişanlayıb. O gecəni diri gözlü açır. Bir qəzəl yazıb şəkli ilə bir yerdə qoyur zərfə, qıza verib Yaqub əkənin evindən, Səmərqənddən, ilk məhəbbətindən ayrılır:
Görüm ey bivəfa, zülfün həmişə şanəsiz qalsın,
O canlar məskəni əğyarsız, biganəsiz qalsın…”
 

"Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın... "  ("Bitməmiş mahnılar" - V yazı)

"Vahid sonralar Polina adlı rus qızıyla evlənir. Deyilənə görə, Vahid qızı görüb bəyənəndən sonra Cəfər Cabbarlının yaxasından yapışır ki, amanın günüdür, köməyə elə, mənim ruscam bərbaddır, yaxınlaşa bilmirəm, qızla, atası-anası ilə söhbət elə, gör razılıqlarını ala bilirsənmi? Polina ilə evlilik baş tutur, amma bu rus qızı şairə övlad verə bilmir.”
"Vahidin üçüncü dəfə evlənməyinin maraqlı tarixçəsi var. Məlumdur ki, şairin Polinadan uşağı olmasa da, onu boşamamışdı, tez-tez yanına gedib gəlirdi, deməli, Vahid bu rus qızını özünün ilham mənbəyi hesab edirmiş, onu bütün varlığı ilə sevirmiş. Oğlu Ramizin "əldə-ayaqda” işlətmək üçün deməsi, yəqin ki, anasının bu rus qadına olan pis münasibətinin nəticəsidir ki, uşaq yaşlarından ona da sirayət edib. Vahidin Polinanın üstünə arvad almağının yeganə səbəbi övlad istəyi idi.”
"Şair ahıl, mərəzlərə düçar vaxtında xəstəxanada ona qulluq edən şəfqət bacısına zarafatca "adamın belə arvadı ola” deyir, həmin qadın da zarafatca "alsan, niyə olmur”, deyir və… və zarafat-zarafat evlənirlər

Mənbə: 1. "Əliağa Vahidi öldürən tibb bacısı " 
(http://ideologiya.az/2014/06/%C9%99liaga-vahidi-oldur%C9%99n-tibb-bacisi/
2. Vikipediya


Gözəldir

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

Tələsmə

Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq, əksinə, viranə, tələsmə .

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid içəcəksən demə ki tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə.

Bəs nə deyim?

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

"Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın... "  ("Bitməmiş mahnılar" - V yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz