» » "Qız qızıl alma, qızı gözdən salma..."

"Qız qızıl alma, qızı gözdən salma..."

Məlumdur ki, son illər Azərbaycanda doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən üstünlük təşkil edir. Allahın qüdrətinə şükür edirəm. Amma Peyğəmbərimizin "Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kəlamını beynimdə dolandıraraq fikirləşirəm:
Elə isə niyə bəxtimizə düşən övlad payının oğlan və ya qız olmasına önəm veririk?
Dünyanın özü boyda pak olan ana bətnində dünyanın özü boyda cücərən pak və məsum yavrunun günahı nədir ki, hələ işıqlı dünyaya gəlməmişdən cürbəcürə aparatlarla qız olduğunu öyrənib qəmlənir, üzünü görmədən ondan imtina edirik. Bəlkə belə imtinalara görədir ki, doğulan uşqalar arasında oğlanlar üstünlük təşkil edir. Görəsən hamı doğrudanmı oğlan uşağı gözləyir? Axı bacısız qardaşın nə ləzzəti?
Nümunə gətirəcəyimiz bir düzgüdə bacının köksündə gergəkləşməyə can atan arzunun böyüklüyünə baxın:
Şirvan yolu mil bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birini üzəydim,
Tellərimə düzəydim.
Qardaşımın toyunda,
Oturub-durub süzəydim.
"Qız uşağı şeytan olar”,- deyiblər. Nə qədər qaradinməz, ciddi adam olsa belə, uşaq, xüsusən də, qız uşağı ən kiçik hərəkəti , baxışı ilə onu duyğulandırar. Evinizdə, həyət-bacada görməmisinizmi, oğlan uşağı dırmaşmaq, atılıb-düşmək, vurub-dağıtmaq istəyəndə, toz-torpaqla oynayanda, qız uşağı o yan-bu yana qaçar, gözü harda bir çiçək görsə, dərhal ora cumar. Yaxınlaşar çiçəyə, balaca boyunu sanki çiçəyin boyuna bərabərləşdirər. Sonra da az qala çiçəyin saplağına oxşayan barmaqlarını yaxınlaşdırar gözü tutduğu çiçəyə.
Bir həmlədə qoparda bilməz onu, sadəcə, gücü çatmaz. Barmaqları ilə tutduğu yerdən – saplaqdan taca qədər olan hissə ya əzilərək qırılar, ya da heç saplağı qıra bilməz, güc verəndə əlində ancaq tacın özü qalar. Kövrəkdən kövrək barmaqlarının ucunda o çiçəyi elə tutar ki, elə bil çiçək bu barmaqların ucunda açıb.
Analar evdə yemək hazırlayanda oğlan uşaqlarının başı ancaq yeməyə qarışar, amma qız uşaqları analarının arzu etmədikləri "köməkçilərə” çevrilər, analar qoyduğu heç nəyi yerində tapmayanda usanar, onların əlinə vurub acıqlanarlar ?
Amma üstündən çox keçməmiş balasının bu biçimində öz uşaqlığına qayıdar, öz biçimində balasının bir evin xanımı olacağı günlərə boylanıb elə duyğulanardı ki.... Duyğulanardi ki, yox, övlad könül meyvəsidir, qız və ya oğlandır, eyb etməz, Allahın bəxş etdiyi paydır. Ürəyində qız uşağı doğulanda bunu özünə dərd edən anaları qınayardı da...Düşünərdi ki, niyə valideynlər qız böyütməyin məsuliyyət və əzab-əziyyətindən qaçmağa can atırlar?Bu duyğuların, bu yanaşmaların heç birindən bu məsum körpələrin heç xəbəri olmaz. Ana bətninə düşəndə qız olduğunu bilib imtina edənlər öz işində, "qız qızıl alma” deyib onu qızıl kimi qoruyub saxlayanlar da öz analıqlarında.
Bəli, bu gün dünya ölkələrində cinsi seçmək, hətta planlaşdırmaq üsulları mövcuddur və o ölkələrdə bu üsullardan artıq istifadə də edirlər. Azərbaycanda da belə hallar mövcuddur: analar ultrasəs müayinəsinə gedərək gələcək övladının qız olmasını yəqin edincə, abortiv yolla ondan imtina edirlər.
Belə müayinələrin orqanizm üçün nə qədər təhlükəli olduğunu bilirsinizmi? Müayinə doğulacaq uşağın oğlan olacağını təsdiqləsə də yenə körpəniz və orqanizminiz üçün zərərlidir, hətta abortlar sonsuzluğa da gətirib çıxara bilər. Qız uşağı olmasından ehtiyat edən Azərbaycan atası, bir anlıq fikirləş ki, məsələn, sizin ailə 5 dəfə ata –analıq haqqı qazanmalı idi. Amma müayinədən sonra siz bunun ikisindən imtina etmisiniz. 3 oğlunuz var. Allah qorusun. Bu balalarla bağlı bitib-tükənməyən də arzularınız var və onlardan biri oğlanlarınıza toy edib gəlin gətirməkdir. Qismətiniz olsun. Bəs qız sevmədiyiniz halda, başqasının qızını sevib gəlin gətirməyiniz hansı məntiqlədir və nə dərəcədə insaflıdır? Siz özünüz də bir vaxt bu qızı dünyaya gətirən ananı öz yuvasından "qoparıb” gətirməmisinizmi? Deyəcəksiniz ki, o vaxt belə deyildi.
Onda yad təsirlərə təslim edəkmi özümüzü, dədə-babalarımızdan miras qalan milli-mənəvi dəyərlərimizdən birdəfəlik əl çəkəkmi? Əgər belə etsək, əsrlərin o tayında "Azərbaycan deyiləndə ayağa duracaqlarmı?” Bu gün əgər qızlarımıza oğlanlarımızdan aşağı gözlə baxsaq, tarixin hansı dönəmindəsə Xosrovlara, İsgəndər kimi fatehlərə:
Coşdurmaqsa məni məqsədin əgər,
Qızaram, əynində zireh əriyər,
və ya :
Mən də bir aslanam,düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz,
-deyən Şirinlər, Nüşabələr olacaqmı? Analar,atalar, bu xalqı, tariximizi Şirinlərdən, Nüşabələrdən məhrum etməyin. Qız övladlarınız olanda daha çox sevinin...Sevinin ki, qız qızıl alma... Bir dahi deyib ki, əgər Günəşə ağıllı baxmasaq, kainat qaranlıqda qala bilər. Əgər biz də qızlara qiymət verməyi bacarmasaq, bəşəriyyət anasız qala bilər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz