» » At muraddır ( V yazı)

At muraddır ( V yazı)

 At muraddır ( V yazı)
Dilboz atları

Min Qazaxda köhlən ata, 
Yalmanına yata-yata, 
At qan-tərə bata-bata, 
Göy yaylaqlar belinə qalx, 
Kəpəz dağdan Göy-gölə bax!

Səməd Vurğun

Kim minir Qazaxın Dilboz atını, 
O, alır toyların şal-xalatını, 
Şeirin, sənətin mükafatını, 
Hər zaman, hər yerdə aldı bu yerlər!

Osman Sarıvəllı

Bu şeirləri dəfələrlə oxumuşam, həm də çoxdan. Mən və mənim həmyaşıdlarım elə bir dövrdə doğulduq və yaşadıq ki, qutqaşenli, lənkəranlı, qubalı üçün Qazaxla Qutqaşenin, Lənkəranın, Qubanın fərqi yox idi...İndi də yoxdur, fəqət, bir az hiss etdirməsək də, sonradan məhəlləçilik, regionçuluq sirayət elədi canımıza... Azərbaycan bizim hamımızın bir qibləgahıdır. Qarabağ yoxsa, biz də yoxuq...Zərdab yoxsa, biz də yoxuq...Mədəniyyət və Turizm Nazirliyi 2010-cu ildə Qazaxı "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən Azərbaycanın folklor paytaxtı elan edibsə, qutqaşenli, lənkəranlı, qubalı üçün də öyünmək hissi eyni olmalıdır.
Mən Qazax rayonunun adını olsun ki, orta məktəbin aşağı siniflərində eşitmişəm. Heç onda Orta Asiyada yaşayan qazax xalqı, yoxsa bizim qazaxlılardan söhbət gedib, onu da dərk etməmişəm. Nisbətən yuxarı siniflərdə oxuyanda, içimizə Səməd Vurğun sevgisi səpiləndə, bu sevgi cücərməyə başlayandan sonra "Qazax " sözünün özünün mayasına yeni milli iftixar duyğuları dolmağa başladı. Qazax sevgimiz yeni çalar aldı..Sonra M.V.Vidadini, M.P.Vaqifi, Osman Sarıvəllini, Mehdi Hüseyni, İsmayıl Şıxlını, İsa Hüseynovu, Yusif Səmədoğlunu, Mirvarid Dilbazini, Hüseyn Arifi, Nəriman Həsənzadəni, Vidadi Babanlını, Nüsrət Kəsəmənlini..İndi bütün Qazax elinin adını buramı yazım, tanıdım.. Coğrafi Qazax olduğu kimi yerində qalırdı, amma mənim içimdəki Qazax gündən-günə böyüyürdü.. İsmayıl Şıxlının tələbəsi oldum - öyündüm, Mirvarid Dilbazi ilə fakültəmizdə tələbələrin görüşü geçirildi - öyündüm , dərsə gələndə Hüseyn Arifi tez-tez gördüm - öyündüm, Nüsrət bəyi də həımçinin... Gənclik idi də , sevginin, gözəlliyin cəmləşdiyi yerlərdə çox olurduq, Nüsrət bəy də gənc idi, sevgi şairi idi, ən azından ürəyimizdə, demək istədiklərimizdə onu hara getdik özümüzlə aparırdıq... Fakültəmizdə neçə qazaxlı tələbə yoldaşımız vardı...hər yer Qazax idi, qazaxlı idi... Amma biz hələ Qazaxı öyrənə-öyrənə gedirdik. Allah rəhmət eləsin, əslən Qazaxdan olan gözəl alim professor Məmməd Məmmədov, folklorşünas alim, professor Mürsəl Həkimov mühazirə və seminarlarda Əbdürrəhman ağa Dilbazinin, İbrahim Əfəndi Nicatinin, Mustafa ağa Arifin, Mirzə Məhəmməd Qaib oğlunun, Hüseyn Əfəndi Qaibovun, Yəhya bəy Qazağinin, Abdulla ağa Şıxlinskinin, Kazım ağa Salikin adlarını ehtiramla vurğulayardılar, qazaxlı olduqları üçün yox, milli-ümumiyyəmizin zəkasına, həyat yoluna nur payladıqları üçün...
...Qarayazı meşələri, Göyəzən və Avey dağları, Damcılı bulaq... yaddaşımıza yazıla-yazıla içimizdəki Qazax heyranlığı baş alıb gedirdi...
Aşıq Ədalət "Yanıq Kərəm”ini dilə gətirib mum elədi bizi. Qazax bir az ilahiləşməyə də başladı. Qazaxa getmək, kitablardan, kinolardan bildiyim , məşhur insanların gəzdiyi yerlərdə olmaq, o yerlərdən keçmək arzum ha baş qaldırdısa, gerçəkləşdirə bilmədim. Bu yandan da taleyinə, ömür yoluna nə qədər acılar yazılmış və sonda da avtomobil qəzasından haqq dünyasına qovuşmuş Eldar Nəsiblinin bir bəndi lap çox həvəsləndirdi :
Gözünü aç bu elə, obaya yaxşı bax!
 
Damcılısında durul, Dəli Kürə qarış, ax!
Ərlər, ərənlər yurdu olub bu ulu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum!
Bura Qazaxdır, oğlum!

Eldar Nəsib Sibirel

Deməli, bura gələn hər kəs qədəmini asta-asta basmalı, müqəddəs yerdə olduğunu unutmamalıdır. Olsun, qoy olsun... Qazaxda hələ bilmədiyim yerlər, şəxslər və gözəlliklər çoxdur, hamısını öyrənən kimi gedəcəyəm. Burada tariximizin bir qüruru da var: Dilboz at. Gerçəkdə gedə bilmədiyimə görə xəyalən Dilbozun qanadlarında gedəcəyəm.
Dilboz at

Azərbaycanın təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq burada minilliklər boyu atçılıq inkişaf edib. Dünyada məlum olan 160 at cinsindən ikisi – Qarabağ və Qazax (Dilboz) cinsi bizim ölkəmizdə yaranıb.
Qazax atı Qazaxda formalaşan və Qərbi Azərbaycanda, qismən Ermənistan və Gürcüstan ərazisində yayılmış at cinsidir. Bu cins seleksiya yolu ilə tarixən inkişaf edən qədim Azərbaycan cinsidir. XVIII əsrə qədər cins öz təmizliyini saxlamış, XVIII əsrdən sonra isə yerli Qazax atı Ərəb atları ilə çarpazlaşmışdır. Ərəb atı gözəl xarici görünüşə malikdir. Onun əsas xüsusiyyətləri belədir:

• başı kiçik
• alnı enli
• profili düz və ya bir qədər batıq
• gözləri iri və hərəkətli
• burun dəlikləri enli
• boynu orta uzunluqda və enli
• cidovu orta
• ayaqları nazik
• dalı düz
• beli enli, gödək
• sağrısı enli, azca maili
• qabaq ətrafı düzgün duruşlu
• dal ətrafı bəzən azca qılıncvari
• dırnağı kiçik və möhkəm
• dərisi nazik, tükləri incə və parlaqdır

At muraddır ( V yazı)

Sonralar cinsin yaxşılaşdırılması üçün Qarabağ atından da istifadə olunmuşdur. Qazax at cinsinin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilboz", "Dilbaz” da deyirlər.
Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbazlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülaləsinin nümayəndələri böyük rol oynamışdır. Dilbazlar nəslinin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilbaz bəylərinə məxsus "Uzelok” ləqəbli at yüksək mükafat almışdır. XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatırdı. Lakin Birinci və İkinci Dünya Müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, atların sayının kəskin azalmasına səbəb olmuşdur.
Dilboz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dözümlülüyü etibarilə hətta Qarabağ atlarından da üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Qazax atları saatda 7-8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.
Cidov hündürlüyü ayğırlarda 150,8 sm, madyanlarda isə 148,9 sm-ə bərabərdir. Rekordçular iki yaşında 1200 metr məsafəni 1 dəqiqə 18 saniyəyə qət etmişdir. 3 yaşında isə 200 metr məsafəni 3 dəqiqə 52 saniyəyə qət etmişdir. Ən yaxşı sürəti 1600 metr məsafəyə 1 dəq. 50 san. (Skala), 300 metrə isə 3 dəq. 29,4 san-dir (Sputnik).Uzaq məsafəli yürüşlərdə ərəb atı yüksək iş qabiliyyətli və davamlıdır. Bu atlar 644 km. məsafəni 5 sutkaya getmişdir.
"Dilboz" atları təmiz, geniş alın, qısa baş, dar burun ilə, ağır boynu, uzun kürəyi və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqlar təmiz və mükəmməl paylaşdırılandır və sümükləri digər atlardan qat-qat qalındır. Boyu 152 sm, döş qucumu 172 sm və top sümüyü qucumu 19.4 sm təşkil edir.
Ayaqları nisbətən hündür, yerişi əsasən addım və dördayaqdır. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilboz atını yaxşılaşdırmaq üçün 1944-cü ildə cinsin yaradıldığı yerdə - Ağstafada Dilboz Atçılıq Dövlət Döllük Ocağı təşkil olunmuşdur. Bu cinsdən olan atlar təmizlikdə yetişdirilməklə bərabər, yerli madyanların "Ərəb" və "Terek" cinsindən olan ayğırlarla çarpazlaşdırılmasından müsbət nəticələr alınmışdır. Cinsin əsas nöqsanı da Qarabağ atlarında olduğu kimi boyunun kiçik olmasıdır. Başı orta böyüklükdə, boynu düzdür. Süysünü alçaqdır, hündürlüyü 137,3 sm-dir. Beli enlidir.

At muraddır ( V yazı)

Cinsin yaxşı hissəsi keçmişdə Qazax atının lazımi qulluq şəraitində yetişdirilmiş görkəmli minik tipidir. Cinsin yaxşılaşdırılmasında şərq atlarından da (ərəb, Türkiyə) istifadə edilmişdir. Dilboz atı minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla ilxı şəraitinə dözümlü olmaqla möhkəmdir.
Cinsin yüksək keyfiyyətləri cıdırda da özünü göstərmişdir. Bakı ippodromunda 1940-2000 illərdə keçirilən qaçışlarda Dilboz atları daim yüksək yerlər tuturdular. 1962-1990 illərdə Dilboz atları Ümumittifaq yarışlarda 39 dəfə iştirak etmiş və səkkiz dəfə birinci yerə layiq görülmüşdülər, 36 dəfə isə müxtəlif attestatlar almışlar.
Hal- hazırda Dilboz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılıb. Cinsin ən yaxşı nümayəndələri Ağstafa "Dilboz” və Şəki "Daşüz” atçılıq təsərrüfatlarında saxlanılır. Dilboz atlarının qorunması və inkişafı vacib məsələlərdən biridir, çünki onlar Azərbaycanın milli sərvətidir.
Hal- hazırda Dilboz atları Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılıb.

At muraddır ( V yazı)

Qeyd: Yazıda vikepediya məlumatlarından istifadə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz