» » At muraddır (III yazı)

At muraddır (III yazı)

At muraddır (III yazı)

Azərbaycanda atçılığın inkişaf tarixi 

İnsanlar atı sonuncu ev heyvanı kimi Eneolit dövründə (Mis-daş əhliləşdirmişlər. Bu sədaqətli heyvanların vətəni Asiyadır, daha sonra dünyaya yayılmış, insanların həyatına daxil olmuşdur. Bu haqda tarixi mənbələrdə kifayət qədər məlumatlar yer almaqdadır.Azərbaycan ərazizində aparılan arxeoloji qazıntılar, bu qazıntılar zamanı atla bağlı tapılan nümunələr (Cəlilabad rayonu, Əliköməktəpə məskəni) atın məhz ilkin inkişaf mərhələsi olan ibtidai icma quruluşu dövründə mövcud olduğunun qrafik təsdiqidir.
Son Tunc və Dəmir dövründə artıq atçılıq heyvandarlığın əsas sahələrindən birinə çevrilmişdi. At totemi, ata sitayiş kimi yeni mərhələlər meydana gəlmişdi. Qarabağ (Borsunlu, Sarıçoban, Xocalı, Dovşanlı, Ballıqaya), Gəncə, Naxçıvan, Mingəçevir ərazilərində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan kurqanlarda tayfa başçılarının qəbirlərində atların da dəbdəbəli dəfn edildiyini üzə çıxarmışdır.
Qədim qayaüstü at rəsmləri, atçılıqda istifadə olunmuş ləvazimatların qalıqları, metal və ağaç əşyalar üzərində həkk olunmuş at fiqurları və s. də sübut edir ki, Azərbaycan Zaqafqaziyada atçılığın ən çox inkişaf etdiyi yer olmuşdur. Manna, Midiya, Atropatena, Albaniya dövlətlərinin mövcud olduğu dövrlərdə atçılıq daha inkişaf etmişdi. Bu dövlətlərdə atçılıq o qədər inkişaf etmişdi ki, hətta İran , İraq və Suriyada Azərbaycan atlarına diqqət və maraq göstərirlərmiş. Hindistan və Misir kimi ölkələr Azərbaycandan at aparırlarmış. Hələ dağıdıcı müharibələr zamanı işğalçılar ölkədən gedərkən Azərbaycandan minlərlə at aparırmışlar. Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz ordularını məhz Qarabağ atları hesabına gücləndirmişlər.
Tayfa-qəbilə münasibətləri, istehsal vasitələri dəyişdikcə, sivilizasiyalar əvəzlənmiş, bu ümumi inkişafda at əməyinin forma və məzmunu da dəyişilməyə doğru getmişdir.

At muraddır (III yazı)

İnsanlar xış əkinçiliyini mənimsəmiş və atlar bu yeni təsərrüfatda insanların əsas köməkçisinə çevrilmişdir.
Feodalizm dövründə atların əhəmiyyəti quldarlıq quruluşuna nisbətə daha da artmışdır. Artıq atlardan hərbi sahədə də istifadə etməyə başladılar. İlk Azərbaycan dövlətləri içərisində atlılardan ibarət ilk süvarı ordu Albaniya olmuşdur. Tarixi mənbələrdə o dövrlərdə savaş vəziyyətlərində döyüşə 20 mindən artıq atlı çıxırmış. E.ə. 216-cı ildə məşhur sərkərdə Hannibal Kanna döyüşündə öz qoşunlarından iki dəfə çox olan Roma ordusuna da süvarilərinin köməyi nəticəsində qalib gəlmişdir.
Getdikcə Assuriya, Midiya və Hun imperiyasında da döyüşlərdə atlardan istifadə etməyə başlamışlar. Daha sonralar hunlar atlardan istifadə etməyi çinlilərə də öyrətmişlər. 
Orta əsrlərə aid bir çox tarixi sənədlərdə Azərbaycan atlarının yüksək keyfiyyətləri və geniş yayıldığı göstərilir. Əl-İstəxri yazırdı ki, Azərbaycandan, xüsusən Bərdədən Hindistana və digər ölkələrə cins at və qatırlar aparılırdı. Bir məlumatda, hətta VIII əsrdə Azərbaycandan Ərəbistana 60 min qızılı rəngli və 40 min baş boz rəngli at aparıldığı haqqında məlumat yer almışdır.
Bir cəhəti də qeyd etmək yerinə düşər ki, Şərq xalqlarının özünəməxsus at cinsləri olmayan həmin dövrlərdə qədim Azərbaycan artıq tanınmış atları ilə şöhrət qazanmışdı.
XII əsrin məşhur ərəb tarixçisi İbn- Hayqal yaraşıqlı Azərbaycan atlarının hər yerdə şöhrət qazandıqlarını qeyd etmiş və göstərmişdir ki, Azərbaycan atlarına İran, İraq, Suriya, Hindistan və Misir kimi ölkələrdə böyük tələbat var idi.

At muraddır (III yazı)

Rus alimi İ.İ.Kalugin isə Azərbaycan atlarının tarixini daha qədimlərə - eramızın I əsrinə aid edir. Digər rus alimi K.P.Boçkaryov da Azərbaycan atları haqqında maraqlı fikirlər söyləmişdir. Alimin fikrincə, Azərbaycan atları İran və Parfiya atlarının əslidir.
Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri və həyat tələbat sayəsində dəyişikliyə uğramış, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır. Amma Azərbaycan atlarından söz düşəndə göz önünə, xəyala Qarabağ atları gəlir. Qarabağ atları ilə bağlı növbəti yazımızda ayrıca və geniş olaraq məlumat verəcəyimizdən bu yazıda, sadəcə, qısaca olaraq Azərbaycanda atçılığın ümumi inkişafından söhbət açdıq.

At muraddır (III yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz