» » At muraddır (II yazı)

At muraddır (II yazı)

Şifahi xalq ədəbiyyatında atçılığın izləri (II yazı)

At muraddır (II yazı)
Atlarla insanların dostluğu nə vaxt başlayıb və nə vaxta kimi davam edəcək, bunu heç kim dəqiq bilmir, amma yaşanmışlar onlar arasındakı bağlılığın çox qədim olduğunu göstərir. İstər xalq yaradıcılığında, istərsə də tarixi mənbələrdə bu əbədi dostluğun saysız-hesabsız nümunələri yaşamaqdadır.
Şifahi xalq ədəbiyyatının elə bir janrı yoxdur ki, atla, atşılıqla bağlı nümunə olmamış olsun. "Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar”, "Atın var qanadın var, inəyin var qonağın var", "Kişinin namusu üç şeydir : at, arvad, bir də papaq”, "At muraddır”,"At igidin qardaşıdır”, "Atı allaha tapşır, amma cilovunu özün tut", "Yuxuda at görsən murada çatarsan”, "Atın gövşədiyini görən kimsə həmin anda nə arzu etsə, yerinə yetər” "Qapısına at nalı vurduran arzusuna çatar”, "At nalı tapıb saxlayanın işləri uğurlu olar”, "At olan yerə şər ruhlar gəlməz”, " Atın göz yaşları uğursuzluqlar gətirər” kimi atalar sözləri və sınamalar,
İgid gərək atlana,
Atın minə, atrlana.
Mərd odur ki, döyüşdə, 
Hər əzaba qatlana,

Gül- gülə qat, a bağlar,
Dərd-qəmi at, a bağlar.
Yaxşı at minən igid,
Ümidin ata bağlar, 

İgidin bir atıdır,
Bir də təmiz zatıdır.
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır
At muraddır (II yazı)
və s. şifahi xalq ədəbiyyatı nümunələri at kultunun qədim izlərindən xəbər verir.
Beyrək 16 il həbsxanada qalıb çıxdıqdan sonra Oğuz elinə dönmək üçün öz atını arzulayır :kaş indi Boz ayğırım olaydı, məni tez elimə çatdıraydı. Belə düşünə-düşünə gələndə görür ki, atı çəməndə otlayır. Sən demə, atı o vaxtdan meşələrdə, çöllərdə dolanaraq sahibinə vəfa göstərib ...
At da sahibini görən kimi tanıyır, iki ayağının üstünə qalxıb kişnəyir... Onda Beyrək deyir:

Açıq-açıq meydana bənzər sənin alıncığın,
İki şəbçırağa bənzər sənin gözçiyəzin,
Əbrişimə bənzər sənin yəliciyin,
İki qoşa qardaşa bənzər sənin qulacığın,
Əri muradına yetirər sənin arxacığın.
At deməzəm sana, qardaş derəm,
qardaşımdan yey!
Başıma iş gəldi, yoldaş derəm
yoldaşımdan yey!

Beyrək deyir ki, sən qardaşımdan, yoldaşımdan yaxınsan, əzizsən..
Bu fikir, münasibət çətin məqamdakı ehtiyacın yaratdığı sözlərdimi, yox? Atalar sözləri, əfsanə, nağıl, dastan və bayatımızda kifayət qədər belə nümunələr var ki, soy-kökümüzün atlarla bağlılığına ipucu rolunu oynaya bilər. Əbəs yerə atı türk və monqol xalqlarının taleyi ilə qaynayıb-qarışmış canlı hesab etmirlər. Bu millətləri atsız təsəvvürə gətirmək mümkün deyildir. Bu millətlər dünyaya at üstündə gəlib. Monqolların dövlət gerblərindəki at təsvirləri təsadüfidirmi? Avropa və Asiyanı işğal edən məşhur Çingiz xan ordusunun gücü atları ilə bağlı deyildimi? Onun ordusu döyüşlərdə at quyruğunu bayraq kimi dalğalandırırmış.Türklərin də təbiətə, təbiətdə yaşayan canlılara, xüsusən, ata münasibətləri elə bu qəbildəndir.
Kentavr- Qədim yunan əsatirində insanbaşlı at (Kentavr), Məhəmməd peyğəmbərin mindiyi at (Buraq ), "Kitabi- Dədə Qorqud” dastanlarındakı " karındaş”və "yoldaş” sözləri at-insan əlaqəsinin qədimliyini nişan verməkdədir.
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl.
Dəmir libas, polad geyib gəlmişəm, 
Alma gözlüm, qız birçəklim Qırat, gəl.

 

At muraddır (II yazı)

Bu bənddəki "alma gözlüm, qız birçəklim” müraciəti bir az yuxarıda Beyrəyin bənzətməsini necə də tamamlayır.
Məşhur səyahətşünas alim Övliya Çələbi atı "şərəfi-məxluqat ", "bəni-Adəmin karındaşı” kimi dəyərləndirmişdir. At ən ehtişamlı qəhrəmanlıq simvoludur. At bir ərin, bir bahadırının qəhrəmanlıqlarının tamamlayıcısıdır. "Koroğlu” dastanının A.Xodzko variantında düşmənləri əvvəlcə tövləyə girib Qıratın damarlarını kəsirlər və sonra yuxulu ikən Koroğluya hücum edirlər.
Bir neçə yerdən yaralanmış Koroğlu döyüşə-döyüşə özünü Qırata çatdırmaq istəyir. Tövləyə girəndə Qıratı al-qan içində görüb diz çökərək deyir: "Məni də öldürün. Qıratsız bu dünyada mən heç nəyəm”.

At muraddır (II yazı)

Bütün bunlar nə vaxtsa indi nümunə gətirdiyimiz folklor nümunələrini söyləyənlərin fantaziyası deyildi, həqiqətdə də belə idi. Axı at qədər sədaqətli, sahibinə vəfa göstərən heyvan yoxdur. O, elə bil ki, insan kimi dil bilir, hiss edir, ekstremal vəziyyətlərdə qərar çıxarır.
"Koroğlu" dastanının "Durna teli" qolunda dəlilər durna teli üçün Bağdada gedirlər. Bağdad paşasının adamları dəlilər yuxuda ikən onların atlarını ələ keçirirlər. Paşa əmr edir ki, özlərini salın zindana, atlarını da aparıb bazarda satın. Dəllal bazarda atları satmaq istərkən Koroğlunun bir bəzirgan dostu yaxınlaşıb deyir ki, bu yabıya nə verim? Dəllal qəzəblənir: "Yabı nədi, ədə, bu, tərlandı! Tərlan gör nə çəkir?!.” – deyib atı hərəkətə gətirdi ki, camaat baxsın. Gözünə dönüm Qırat gözünün birini yumdu, quyruğunu qısdı, özünü vurdu şılxorluğa. Bazar adamları tökülüb ata baxdılar. Gördülər bir gözü kor, qısıq, yeriyəndə də azca topallayan bir atdı. Hamısı bəzirganın sözünü təsdiqlədi. Qərəz, bəzirgan dəllalı aldadıb Qıratı ucuz qiymətə alıb mənzilinə gətirdi." İndi fikir verin, bu vəziyyətdə olan Qırat Çənlibelə gələndə necə olur: "Qırat nə qədər yol getdi bəzirgan bilmədi. Bir vaxt bir də at bərkdən kişnədi. Bəzirgan gözlərini açıb gördü Çənlibeldədir. Dəlilər Qıratın səsini eşidib tökülüb gəldilər. Baxdılar ki, vallah, Qırat budu ilan vurmuş kimi elə gəlir ki, az qalır dırnaqları çatlaya."
I Pyotrun atının adı "Lizetta" olmuşdur. Bu at da Qarabağ cinsindən idi. Poltava döyüşündə "Lizetta" I Pyotru ölümdən xilas etmişdir. Döyüş zamanı Pyotr İsveç ordusunun mühasirəsinə düşür. Lakin "Lizetta" bu dairəni yararaq imperatorun həyatını xilas etmişdir.
Atlarla bağlı istər ədəbi əsərlərdə, istərsə də tarixi hadisələrdə belə nümunələr çoxdur. Bəlkə buna görədir ki, at mövzusu yazılı ədəbiyyat meydana gələndən sonra da ədəbi əsərlərimizin məzmun və ideyasında əhəmiyyətli rol oynamışdır.
Belə əsərlərdən İsmayıl Şıxlının "Dəli Kür", Şamo Arifin "Qınamayın məni", Fərman Eyvazlının "Qaçaq Kərəm", Cəlal Bərgüşadın "Boz atın belində", Fərman Kərimzadənin "Xudafərin körpüsü", İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost", Cəmil Əlibəyovun "Özümü axtarıram" B.Vahabzadənin "Qarabağ atı", Ə.Kərimin "Göydəmir at", Hüseyin Arifin "Kəhər at", Səməd Vurğunun "A köhlən atım" kimi əsərləri misal göstərmək olar. Nə qədər ki, türk xalqları var, nə qədər ki, bu xalq gələcəyə getmək üçün şanlı keşmişinə baxmağa borcludur, bu keçmişdən ibrət götürməlidir, at belində savaşlarda ad qazanan igid oğullarız da, onların atları da bizim ədəbiyyatımızın qəhrəmanları olacaqdır. Çünki bizim türk babalarımız dünyanı gündoğandan günbatana at belində fəth etmişdir. Çünki insan yaranan gündən bu günə kimi at onun ən sədaqətli dostu olmuşdur.

At muraddır (II yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz