» » At muraddır (I yazı)

At muraddır (I yazı)

At muraddır (I yazı)

Atlar haqqında nə bilirik? (I yazı) 

Uşaqlığım dağ rayonunda keçib. Özümüzün olmasa da, əmimin atı vardı. Meşəbəyi idi,  işə həmişə  atla gedib-gələrdi. O vaxt indiki kimi nəqliyyat yox idi ki. At minənlərə həsədlə baxırdılar. Qohum-qonşuların oğlan uşaqları elə hey can atırdılar ki, əmimin qəlbinə yol tapsınlar ki,  hərdən  suvarmaq, yaxud da otlamaq üçün çəmənliyə  aparmaq lazım gələndə atıb yüyənini onlara versinlər.  Biz də fürsətdən istifadə edib atı kəndin o başına-bu başına  çapardıq. Əmim bilirdi, amma çox da dərinə getmirdi. 
Atlar çox vəfalı heyvandırlar.  Mən həmişə atı daha   şehli çəmənliklərə aparırdım,  Əmimgilin, özümüzün   bağ-bostanımızdan  dəryazla ot-alaq çalıb   qabağına tökürdüm deyə, elə  bil at da mənə  rəğbət bəsləyirdi. Elə bil dil bilirdi. Məni görən kimi, bir həşir çıxarırdı ki.
 Atlar haqqında kitablardan çox məlumatlar oxumuşam, yaşlı adamlardan adamı  duyğulandıran sözlər eşitmişəm. Onlar deyirdilər ki,  insanın vəfasızı, xəyanətkarı ola bilər. Amma itin, pişiyin, atın vəfasızı olmur. Bir parça çörək versən, ömrünün sonuna kimi bu haqqı unutmaz. Doğrudan da belədir. Mən bu hikməti sonralar  həyatın özündə də gördüm.  Atlar bizim həyatımızda bu gün də yar: cıdır atları demirəm ha. Doğrudur, saylarında azalma müşahidə olunsa da, kəndlərimizin hamısında at qalmaqdadır. 
At, insanlara xidmət edən heyvanların ən  güclüsü, yaraşıqlısı, faydalısı və əlverişlisidir. At  həm də  ovda, idmanda, səyahətdə insanın köməkçisidir. İnsanlara sevinc və zövq gətirir. Çox həssasdır: silah səs-küyünə, musiqi və marş səslərinə tez uyğunlaşır. Atlara verilən adlar da müxtəlifdir. Erkək atlara "ayğır" , yük çəkənlərə "at" , dişisinə "madyan", balasına "day", yeni doğulmuş balaya "qulun", başıboş gəzənlərə "hərgələ", qoşqu atlarının kişisinə "at" , dişisinə "gölük" deyilir. Türklər atlarına digər adlar da vermişlər : "ilqar atı" ( əhəmiyyətli xəbərləri gətirən sürətli və dayanıqlı ), "mənzil atı" ( poçt atı), qaçış atı, ov atı, səmər atı ( yük atları ), "lağ atı" ( mərasimlərdə komandir atı) və s.

At muraddır (I yazı)

Atlar gündə 3-8 kq  dənli yem və 5-35 kq  ot və samandan ibarət qida qəbul edirlər. Gündə 20-40 litr su içirlər.
Kişisində 40, dişisini 36 diş olur. Üst və alt çənədə altı ədəd olmaq üzrə on iki kəsici və hər çənədə də on iki 24 əzici dişi vardır.
Atın boğaz qalma  müddəti 11 ay və ya 48-49 həftə, yəni 320-340 gündür və ümumiyyətlə, at bir bala doğur. Balanın gözləri açıq olaraq doğular və bir saat içində ayağa qalxaraq anasını izləməyə başlayır. Əmizdirmə müddəti 20-24 həftə və ya 5-6 aydır.
Normal olaraq dincələrkən dəqiqədə 8-16 dəfə nəfəs alır və alınan hava 35 litrdir. Normal nəbz sayı 28- 40 və qan miqdarı atın ağırlığının 1/8 qədərdir. Bədən istiliyi 37.5-38.5 dərəcədir.
Atlar böyümələrini 4-5 yaşında tamamlayır.  25-30 il ( 5-16 yaşları arasında ən güclü dövrələri) və daha çox yaşaya bilirlər.
Atların  ayaqlarında, quyruq və boyunlarında, eləcə də alınlarında bir-birindən fəqrli nişanələri olur.
Türklər atlara rənglərinə görə də ad verirlər: Ağat, Bozat, Qırat, Alat, Sarat, Qarat və s. Bundan başqa, ədəbiyyatlarda bir çox xarici və əfsanəvi at adları da vardır:
1. Yılmaya - qanadlı at
2. Tulpar - uçan at
3. Kilin - buynuzlu at
4. Cirən - danışan at ( Kayçı Ceren və Kamçı Ceren) 5. Burşun - əkiz atlar (Ağ Burşun və Kök Burşun, uca bilirlər)
5. Sudan çıxma- (Məsələn, Koroğlunun atı)
Özü və ya atası sudan (göldən) çıxıb gələn (sudan doğulan) bir atın / heyvan. Belə bir canlı qeyri-adi və fövqəladə xüsusiyyətlərə malikdir. Məsələn, Koroğlunun atı sudan çıxmışdır. Bəzən sudan çıxmanın əks olunması (soyun digər tərəfi) Çöldən gəlmə olaraq ifadə edilər.
6. Çöldən gəlmə
7. Ağqula (anlamaq və yuxarı sıçrama mənalarında)

At muraddır (I yazı)
Aqula Manas xanın atıdır. Sıra xarici xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır. Sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmən üzərinə gedərmiş.
8. Şubar (Üstündə kiçik ləkələr şəklində yumru nöqtələr olan heyvana "çubar" deyilir.)
Alpamış xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, onu tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Atası sudan çıxmadır.
Biz çoxlu sayda dastanlarda və nağıllarda  atların bu cür xüsusiyyətləri haqqında daha  maraqlı  çoxlu digər epizodlara rast gəlmişik və yaxud ömrünü-gününü at belində keçirmiş kişilərdən eşitmişik. Onlar deyərlər ki, atın duyma, hissetmə qabiliyyəti çox yüksək olur. Məsələn, susayıbsa, ətrafda su mənbəyinin olması məlum deyilsə, at o mənbəyə gedən yolu sahibindən tez və asan duyur. Hələ qədim zamanlardan balıq ovlayanlar atlardan istifadə edirdilər. Çünki at çayın, gölün üstündəki buzların sahildən aralanmasını, çatlamasını sahibindən qabaq hiss edib, onu dərhal buradan uzaqlaşdırmışdır.
Atlar "sinoptik"lər kimi havanın dəyişəcəyini əvvəlcədən hiss edir. Uzun zaman atdan istifadə etmiş adamların söyləməsinə görə at fınxırırsa, yağışdan xəbər verir. Bəzən at yağışdan əvvəl başını əsdirib ayaqlarını yerə vurmaqla da yağışdan xəbər verir. Əgər at qışda tövlədə yatırsa, deməli, hava istiləşəcək. Əgər atlar dik, təpə olan yerlərə şıxırsa, bu da havanın yaxşı olacağına işarədir, əksinə,Ş dərəyə, digər alçaq yerlərə enərlərsə, havaların pisləşəyi gözlənilr.
Atlar zəlzələni də tez hiss edir və qabaqcadan kişnəyir, fınxırır, ayaqları ilə yeri döyəcləyir. Sanki cilovları qırıb bağlandığı yerdən qaçmaq istəyirlər.
Ümumiyyətlə, atları insanlara bağlayan səbəblər də elə bu kimi xüsusiyyətləri olmuşdur.

At muraddır (I yazı)
Atların həyatımızdakı bir mühüm yeri də onların ət və südündən müalicəvi məqsədlə istifadə edilməsidir.
At minmək özü də insana müalicəvi təsir göstərir. Demək olar ki, at minən adamlar minməyələrə nisbətən xəstəliyə daha az tutulurlar. Belə adamlarda piylənmə və oynaqlarda duz yığılması olmur. Psixi xəstələr atla ünsiyyətdə olduqda, onlarda olan əsəb, psixoloji gərginlik müalicə olunur. At qanından hazırlanan preparatlardan botulizm, qanqrena, quduzluq xəstəliklərində istifadə edilir.
Madyan südü vərəm, mədə-bağırsaq və ürək-damar xəstəliklərində, maddələr mübadiləsinin pozulmasında, sinir sistemi xəstəliklərində müalicəvi təsirə malikdir.
Tatarlar, qazaxlar, qırğızlar at südündən və ətindən bu gün də geniş istifadə edirlər. Çünki onların tərkibində zülallar və amin turşuları, bioloji birləşmələr çoxdur.

At muraddır (I yazı)

Qeyd: Yazıda vikepediya məlumatlarına istinad edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz