» » "Biz gülürük, amma uzaq ellərdə..."

"Biz gülürük, amma uzaq ellərdə..."

Müəllif: Samirə от 26-12-2016, 15:45

"Biz gülürük,  amma uzaq ellərdə..."

Bu şəklə və hələ bu kimi onlarla şəklə hər gün rast gəlirəm. Nə qədər rast gəlirəm, o qədər də ölüb-dirilirəm. Populizm deyil, vallah. İçimdə olan uşaq sevgimə and verirəm, bu dünyada asayişdən və cansağlığından başqa heç bir umacağım yox. Hara getsəm, nəvələrim gözümdə, içimdə olur, əllərimdən tuyub yanımda gedirmiş kimi hiss edirəm.Evə gələn kimi qapını açan nənələrinin qucağında deyillərsə, başının üstündən içəri baxıram. Nə sirdirsə, çalışıb fərq qoymamağa çalışıramsa, hər yeni gələn çocuğum daha şirin olur, daha "şeytanlaşır”. Qucağıma alıram: toppuş əlləri ilə üzümü , çiyinlərimi döyəcləyir, lap ağacdələnlər kimi, axı, babalar da Ağaclardır. Yorulan kimi başını sinəmə dayayır, heç "mehriban düşmən” dayamadığı kimi.
Gecə-gündüz fikrim-zikrim, xəyalım körpələrimizin yanında olur. Bax, bu şəkildəki ata və yaxud baba mən olsa idim (iraq-iraq), nə edərdim? Ölümümə razıyam, amma körpəmi xilas etdiyimə əminliklə qapamaq istəyərdim gözlərimi. Amma , bizim indi dinc , rahat gəzib –dolaşdığımız bir zamanda dünyanın elə ölkələri var ki, orada ata-analar övladlarını xilas etmək, acından ölməmək üçün əllərini göyə uzadıblar, Allah naümid qoymasın onları .
Biz insanlar qədirsizik. Gözlərimiz görə-görə ola bilərlərin fərqində ola bilmirik. Asayişimizi, dövlətimizi, bunu təmin edənləri dəyərləndirə bilmirik. Nəinki suda , bombardmanlarda həlak olan biçarələrə əhəmiyyət verməmək bir yana , heç qonşumuzdakı, küçəmizdəki, kəndimizdəki biçarələrin acısından xəbərimiz olmur.
Mənim ən ciddi iradlarım Böyük Ədəbiyyata, Böyük Sənətə - yazıçılara, sənət adamlarına, alimlərədir. Hərə öz həyatını yaşayır. Bəyınmədiyimiz sovet dönəmində ölkə başçıları digər ölkəyə gedəndə duz-çörəklə qarşılanardı, səmaya göyərçin buraxardılar. İndi silahlanma yarışı keçirirlər.Dünyanın sinəsi silah cəbbəxanasına çevrilir. Silahlar o qədər artıb ki, beyinlərimizdə belə rahat yer tapa bilmirik.
 

"Biz gülürük,  amma uzaq ellərdə..."

 

Məktəbli ikən oxuduğum hekayədir "Buz heykəl”, gərək ki, Ənvər Məmmədxanlının idi. İkinci dünya müharibəsi illərində ayazlı-şaxtalı qış gecəsində ana körpəsini işğaldan uzaq əraziyə keçirmək üçün şaxtayla tarana çıxıb.Ucu-bucağı görünməyən qarlı çöldə sərhədi keçmək üçün can atır. Tez-tez ona elə gəlir ki, körpəsi donur, jaketini, şalını və s. körpəsinə bürüyür...Nəfəsini dərmək üçün bir qayın ağacına söykənir və beləcə də buza çevrilir.
Bu şəkildə də mən eyni amaclı atanı gördüm.
Bəs insanlıq harda qaldı? Bəs hanı titullu, cild-çild kitabları olan yazıçılar..hanı sizin hərb əleyhinə yürüşünüz?
Süleymn Rüstəmin bir şeirindən nümunə gətirim:

Biz gülürük, amma uzaq ellərdə,
Ömründə bir kərə gülməyənlər var.
Dərdli anaların göz yaşlarını,
Halına acıyıb silməyənlər var.

Bax, biz yeni il şənliyinə hazırlaşdığımız halda, ölkələr var ki , orada ata-anaların gözünə heç nə görünmür, təki körpələri bombardmanların qurbanı olmasın. Bütün insanlıq bu taleləri göz önünə almayınca, böyük Ədəbiyyat, Böyük Sənət susduqca, qığılcımdan bütün meşə yana bildiyi kimi, hərb qırğıcımından dünya da alovlana bilər.

"Biz gülürük,  amma uzaq ellərdə..."

 

Bu yazını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində yazıram. Evimizdə karnaval istəsək də sərgiləyə bilməyəcəyik. Amma heç bir dəbdəbəli süfrələrdən, bayram şənliklərindən geri qalmayacaq mənim bu sadə evimdəki, sadə süfrəmin ətrafındakı xoşbəxtlik. Oğullu-uşaqlı, nəvəli-nəticəli öz evimizdə, asayiş içində Allah qismət edəni könül xoşluğu ilə dadıb şənlənəcəyik.
Buna min şükür. Amma min dua da edəcəyəm dünyamız üçün, bütün körpələrimiz üçün...müharibə olmasın, ölüm-itim olmasın, aclıq-səfalət olmasın. İnsanlar insan olduğunu unutmasın..İnsan naşükür olmasın...

"Biz gülürük,  amma uzaq ellərdə..."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz