» » Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. İndiyə kimi Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər daxil olmaqla 7 bölgə üzrə belə aksiyalar təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Aksiya çərçivəsində ölkə gəncləri Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər.
Bu tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün "Nə? Harada? Nə zaman?” intellektual oyunları təşkil ediləcək, qaliblərə xatirə hədiyyələri təqdim olunacaq. Tədbir çərçivəsində iştirakçılar tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac əkiləcək.
"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Şirvan şəhəri, İmişli və Füzuli rayonlarından olan məktəblilər noyabrın 18-də Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunun tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkli çəkdiriblər.
Məktəblilərin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı məlumat verilib ki, kompleksin 4 kanat xəttinin hamısında və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu "Tufandağ” oteli açılıb, dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə kresloların aşağı enməsi ilə konsert və iclas üçün müstəvi halına keçə bilir.

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
"Beltmann” piano fabrikində istehsal prosesi ilə maraqlanan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan "Beltmann” markalı pianolar istehsal olunur. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı "Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab olunur. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Nic qəsəbəsində udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.
Sonra məktəblilər Qəbələ konserv zavoduna gəliblər. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar istehsal olunur. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiya iştirakçılarına sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə ətraflı məlumat verilib.

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

Mənbə: http://azertag.az/xeber/1011761

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz