» » Ali Baş Komandan Azərbaycan xalqını təbrik etdi

Ali Baş Komandan Azərbaycan xalqını təbrik etdi

Ali Baş Komandan Azərbaycan xalqını təbrik etdi

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.


Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayılıb.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Təhlükəsizlik Şurasının iclasında çıxış edərək qeyd edib ki, bildiyiniz kimi, bu gün səhər tezd ən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir:

- "Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali arasında, həm hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Dövlətimizin başçısı deyib: "Səhər tezdən məlumatı alan kimi, mən müdafiə naziri və digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.

Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar və bizdə olan operativ məumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir və bu məsələ ilə bağlı mən artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim. Demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.

"Azərbaycan vətəndaşları ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”


Bu gün səhər Azərbaycana qarşı edilən hücumun planlaşdırılmış hərbi təxribat olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Mülki əhali arasında, qeyd etdiyim kimi, itkilərimiz var. Bu, bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərir. 

Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu, birinci dəfə deyil - Tovuz hadisələri, ondan sonra digər hadisələr. Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti arasında, Azərbaycan vətəndaşları arasında cəbhə boyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın, panika yaransın. Bu gün səhər mən bütün cəhbəboyu bölgələrdən məlumat almışam. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir və ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.


Prezident çıxışında bir daha Ermənistanın həyata keçirdiyi növbəti təcavüz barədə danışıb, Azərbaycan ordusunun əks-hücuma keçərək düşməni geri çəkilməyə məcbur etdiyini deyib: 


"Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib və əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq...


...Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir də demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik. Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisində heç bir hədəfi yoxdur, ancaq öz torpaqlarımızı işğalçılardan azad edəcəyik”, - Ali Baş Komandan əlavə edib.

Daha sonra Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə cəbhədəki vəziyyətlə bağlı məruzə edib. 

Nazir 7 kəndin düşməndən azad edildiyini bildirib.


Prezident İlham Əliyev kəndlərin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:


 "Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”


Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib: 

"Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb.


Baxın, Ağdam şəhərinin qalıqlarına. Baxın, Füzuli şəhərinin qalıqlarına. Baxın, bizim işğal edilmiş ərazilərdə məscidlərimizin dağılmış vəziyyətinə, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.