» » Müjdə verildi: “Koronavirus erası” başa çatır

Müjdə verildi: “Koronavirus erası” başa çatır


Bütün dünyanın dördgözlə gözlədiyi COVID-19-a qarşı peyvəndi istehsal edəcək "AstraZeneca PLC” (mərkəzi Kembricdə olan İngiltərə-İsveç farmakologiya və bio-texnologiya şirkəti) və onun CEO-su Pascal Soriot peyvəndin oktyabr ayından etibarən satışa çıxarılacağını deyir. Peyvənd Oxford Universiteti ilə aparılan araşdırmalar nəticəsində hazırlanıb.

Aprel ayının əvvəlindən dünyanın ən ünlü alimlərindən olan professor Sara Gilbertin rəhbərlik etdiyi qrupun addım-addım hədəfə doğru yol aldığını yazırdım. Və budur, "AstraZeneca” artıq ABŞ və Avropa ölkələri ilə satış kontraktları imzalamağa başlayıb.

Satış kontraktları

İngiltərə, Fransa, Almaniya, İtaliya, Niderland və ABŞ "AstraZeneca” ilə 400 milyon peyvənd tədarükü üçün anlaşma imzaladıqlarını açıqladı. Bu anlaşmanın şərtlərindən birinə görə, peyvənd tapılanda o, bütün Avropa İttifaqı (Aİ) ölkələrinə satılmalıdır.

Müjdə verildi: “Koronavirus erası” başa çatır

Fransa Səhiyyə naziri Olivier Veran "Anlaşmanın bu qədər güclü bir rəqabət mühitində olması peyvəndi əldə etməyimizin ilk sığortasıdır” deyir. Ancaq tək bir qaynağa bağlı qalmamaq üçün digər peyvənd çalışmaları da sürətlə davam etməkdədir.

Fransa Dövlət naziri Agnes-Panier Runacher isə 2020-ci il bitmədən on milyonlarla peyvəndin insanlara çatmasına təminat verildiyini dilə gətirdi. "AstraZeneca” bu ilin sonuna qədər 2 milyard doza peyvənd istehsal edəcəyinə ümid edir.

Peyvəndin qiyməti

Peyvənd 2 avro kimi çox ucuz bir qiymətə satılacaq. Bu da peyvəndin, hardasa maya dəyərinə satılacağı anlamına gəlir (Bəzi xəbərlərə görə, qiyməti 3 avroya qədər çıxa bilər).

Təsir gücü

Peyvəndin bir illik qoruma gücünə malik olacağı bildirilir. Yəni bu peyvənd də ənənəvi qrip peyvəndləri kimi payızdan-payıza vurulub, insanları möhtəməl yoluxmadan qoruyacaq.

Test fəaliyyətləri

"AstraZeneca” virusun mutasiyaya uğraması ehtimalına qarşı İngiltərədə araşdırmaların davam etdiyini, ABŞ-da 30 min, Braziliyada 5 min könüllü üzərində test edildiyini deyir. Peyvənd Keniya, CAR, Hindistan və b. ölkələrdə də test edilərək, onun müxtəlif insan populyasiyaları üzərindəki təsiri, virusun mutasiyaya uğrayıb-uğramayacağı araşdırılacaq.

Və son

Bu son cümlələri yazanda səhər saat 04-ə yaxınlaşırdı. Bəzi imla qüsurları ola bilər, amma düşünürəm ki, mətndəki səhvlər vacib deyil. Əsas odur ki, bu müjdəli xəbəri sizə çatdıra bildim. Həyatımızın düz 6 ayını əlimizdən aldı bu zəhrimar, ancaq psixoloji travmalar, maddi-mənəvi zərbələr, itirdiyimiz vətəndaşlarımız zaman itkisindən daha ağrılı oldu.

Hər şey yoluna düşəcək yavaş-yavaş. Ancaq bu xəbərlə hər şey o saat düzəldi deyə ehtiyatı əldən verməyək. Qarşıda bizi hələ çətin 3-4 ay gözləyir. Bu mərhələdə ELMİN zəfərinə sığınaq, ümidimizi itirməyək və bir-birimizi qoruyaq. Ölkəmizin, müstəqilliyimizin qədrini bilək!

Müjdə verildi: “Koronavirus erası” başa çatır

Qulaqlarınız hər daim yaxşı xəbərlər eşitsin!

Müəllif: İbrahim Nəbioğlu 

Mənbə:https://ayna.az/news/13579

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz