» » Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər.
Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.
Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifinvə mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri
yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün
qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik
arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti AzərbaycanXalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il

2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nöm rəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar
ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi nin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2018-ci il
Ön söz

100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil – red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.
Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.
Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.
Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.
Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə - «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.
Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Rusiyada 1917-ci il fevral inqilabı qələbəsindən sonra Dövlət Dumasındakı Zaqafqaziyadan olan deputatların təşəbbüsü və müvəqqəti hökumətin qərarı ilə Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarının üzvlüyü ilə Xüsusi Zaqafqaziya Komitəsi yaradılmışdı.
Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etmiş, müstəqillik haqqında Akt - İstiqlal bəyannaməsi qəbul etmişdir. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər: Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə.
Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar.
Həmin iclasda Milli Şura ilk müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir. Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.
1918-ci il dekabrın 7-də gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır.
Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar.
1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi:"Müsavat" və bitərəflər fraksiyası - 38 nəfər, "İttihad" - 13 nəfər, "Əhrar" - 6 nəfər, "Sosialistlər" bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər, müstəqillər - 3 nəfər, "Rus-slavyan cəmiyyəti" fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər, "Daşnaksutyun" fraksiyası - 6 nəfər, "Azlıqda qalan millətlər" fraksiyası - 4 nəfər.

Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan «Azərbaycan parlamentinin nakazı (təlimatı)» ilə tənzimlənirdi. «Parlament nakazı (təlimatı)» əsasında ilk gündən Parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər.
Cəmisi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 1920-ci il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tərkibi:
Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini – Məmməd Yusif Cəfərov
Sədrin Müavini – Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi – Bağır bəy Rzayev
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı

Hökumət və onun tərkibi

Hökumət Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında "Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul Hökuməti-müvəqqəti durur.
Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.
Azərbaycan Milli Şurası və Hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Altı aydan gec olmayaraq Müəssislər Məclisinin çağırılması qərara alındı. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi.
Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin idarə aparatı yaradıldı. İyunun 27-də Azərbaycan dili dövlət dili elan olundu. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul edildi.
1918-ci il sentyabrın 15-də Azərbaycan və türk hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik qüvvələrindən azad etdi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr yenidən bölüşdürüldü.
1918 il noyabrın 9-da Azərbaycan Hökuməti Fətəli xan Xoyskinin təqdimatı ilə ölkənin üçrəngli bayrağını təsdiq etdi.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi. Parlamentin rəhbər orqanları seçildikdən sonra Hökumətin fəaliyyəti barədə məruzə üçün söz Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyskiyə verildi. O, öz Hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verdi. Fətəli xan Xoyski öz Hökumətinin istefasını qəbul etməyi yeni yaranmış Parlamentdən xahiş etdi. Parlament ikinci Hökumətin istefasını qəbul etdi. Yeni - üçüncü Hökumət kabinəsinin təşkili və ona rəhbərlik yenə də Fətəli xan Xoyskiyə tapşırıldı. Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi.
1919-cu ilin yanvar-fevral aylarında keçirilən Parlament iclaslarında Fətəli xan Xoyski Hökuməti kəskin surətdə tənqid edildi və haqsız tənqidlərlə barışmayan Fətəli xan Xoyski Hökumətin istefası barədə Parlamentə məktub göndərdi. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olundu və yeni Hökumətin təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olundu.
Yeni - dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.
1919-cu il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi.
1920-ci il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli Hökuməti istefa verməli oldu. Yeni Hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırıldı. Onun Parlamentdəki fraksiyalarla apardığı danışıqlar müsbət nəticə vermədi.
Yaranmış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının 11-ci Qırmızı ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə son qoyuldu.
1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.
O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan antiazərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.

Bayraq

Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır.
Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır.
Lakin çox təəssüf ki, 27 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.
Hər bir gerb müəyyən ölkənin, dövlətin, millətin, şəhərin özünəməxsus milli adət-ənənələrini, dini və mifik görüşlərini, həmçinin tarixi, siyasi-ideoloji və mədəni baxışlarını müxtəlif simvollar vasitəsilə başqalarına – digər xalqlara, millətlərə, dövlətlərə çatdırmağa, bəyan etməyə xidmət edir.

Gerb

Dövlət gerbinin layihəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı.
Belə ki, dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən 1919-cu ilin martın 23-də «Azərbaycan» qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (Ən yaxşı gerb layihəsinə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin təəssüf ki, həmin müsabiqə uğurla nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da «Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında» yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da «Azərbaycan» qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himninin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin təəssüf ki, 27 aprel 1920-ci il rus sovet istilası və milli dövlətimizin süqut etməsi bu ümummilli və dövlət əhəmiyyətli məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi.
Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Himn

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri musiqi" anlamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılırdı. Bugünkü anlamda himni əvəz edən tarixi təbil ("əsgəri musiqi") müəyyən günlərdə və yerlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınırdı. Türk dünyasının ən uzunömürlü dövləti olmuş Osmanlı imperatorluğunda dövlətin əsgəri musiqisi əvvəllər "mehtərxaneyi-humayun" ("imperatorluğun, hökmdarın əsgəri musiqisi"), sonralar isə həmin imperatorluğun axırınadək (1923-cü ilədək) "musiqiyi-humayun" ("dövlət musiqisi") adlanırdı. Çox maraqlıdır ki, dövlət musiqisi – təbil çalınarkən hökmdar istisna olmaqla hamının onu ayaq üstə dinləməsi bir qanun idi. Bu ənənə Azərbaycan dövlətçiliyi tarixində də mövcud olmuşdur. Təkcə bunu demək kifayət edər ki, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra edən təbilçilər dəstəsinin 98 nəfər ən məşhur musiqiçidən təşkil edildiyini tarixi qaynaqlar da təsdiqləməkdədir.
Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin – milli marşın – milli himnin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından xeyli əvvəl, yəni 1917-ci il dekabrın 17-də "Açıq söz" qəzetində Yusif Vəzir Çəmənzəminlinin çap etdirdiyi "Zəruri məsələlər" adlı yazısında Azərbaycan xalqını milli birliyə, Vətənin və millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir Hacıbəyovun üzərinə düşdüyünü xüsusi vurğulayırdı.
Üzeyir Hacıbəyov 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı "Milli marş" həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdi. "Milli marş” 1920-ci il 27 aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlanmışsa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında qərar qəbul etmişdi. Bu məqsədlə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etmişdir. Bu atributların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ikinci ildönümünədək – yəni 28 may 1920-ci ilədək qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin təəssüf ki, 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.
Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir.
"Azərbaycan marşı" 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjeman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.
1992-ci il mayın 27-də Milli Məclis "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdir.
1918-1920-ci illərdə buraxılan pullar və qiymətli kağızlar
1917-ci ildə Rusiyada oktyabr çevrilişindən sonra Azərbaycanın həyatında da yeni bir dönəm - xalqın özünüdərk və milli dirçəliş dönəminin təməli qoyuldu. Çağdaş Azərbaycanın müstəqil pul təsərrüfatı və pul dövriyyəsinin tarixi yüzillik fasilədən sonra elə bu çağlardan, 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır.
1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda kağız pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri rənginə, kağızın ölçülərinin müxtəlifliyinə görə də bir-birindən fərqlənir.
1919-cu il mart ayının 7-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi təklifi bəyənildi və onun nizamnaməsinin hazırlanması Maliyyə nazirinə tapşırıldı. Elə həmin il sentyabr ayının 16-da Azərbaycan parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı olmuşdu.
Azərbaycan Xalıq Cümhuriyyəti dövründə Azərbaycan hökuməti adından 1919-cu ilin əvvəllərində tədavülə buraxılan birinci kağız pul emissiyasına mənsub 100 manatlıq pul vahidinin bir neçə nüsxəsi, həmin ilin ortalarında buraxılmış 25 manat (I-VII seriyalı), 50 manat (I-XI seriyalı), 100 manat (I-VIII seriyalı), 250 manat (I-VII seriyalı) və 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominal - 500 manatlıq (I-IV seriyalı) pul vahidləri Azərbaycan Tarixi Muzeyində saxlanılır. Sonuncu "əskinasın" üzərində Azərbaycan Respublikasının və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilmişdir.
Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Xalıq Cümhuriyyəti dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər Rusiya kağız pullarına öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Respublika puluna inancını qazanmaq idi. Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta-manatın beynəlxalq miqyasda tanınması ilə üzvi surətdə bağlı olmuşdur.
Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin o çağlarda beynəlxalq dil rolunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq pulların üzərində Respublikanın və nominalın adlarını fransız dilində verməyi lazım bilmişdi.

Dil

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.
Bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrin başında duranlar dövlət dilini lazımi səviyyədə öyrənənədək, hökumət müəssisələrində rus dilinin də işlənməsinə yol verilirdi. Lakin bu real şəraitdən doğan müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu.
Ana dilinin dövlət dili elan edilməsi ilə əlaqədar olaraq, təhsil müəssisələrinin milliləşdirilməsi qarşıda duran əsas məsələlərdən idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul etdi. Qərara görə, bütün ibtidai tədris müəssisələrində tədris ana dilində aparılır, eyni zamanda, dövlət dili icbari qaydada tədris olunurdu.
1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri Səməd bəy əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi.
Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqdə isə, bir qayda olaraq, sərbəstliyə imkan verilmişdir.

Ordu

Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.
Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi.
Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.
1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü.
Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.
Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (podpraporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi.
1919-cu ilin yayında və payızında Azərbaycan ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməyə başlaması ilə 1919-cu il iyunun sonu - iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü.
Milli ordunun qoşun hissələri 1919-cu il avqustun 12-dən sentyabr ayının 3-dək Lənkəran əməliyyatında iştirak edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdilər.
1919-cu ilin yayından əvvəlcə Qarabağda, sonra Lənkəranda, daha sonra isə Zəngəzurda hərbi şəraitin kəskinləşməsinə baxmayaraq, hərbi nazirliyin rəhbərliyi ordu quruculuğu işindəki ahəngdarlığı saxlamağa çalışırdı. 1920-ci ilin elə ilk günündən 3-cü zirehli qatarın komplektləşdirilməsinə başlandı. 1920-ci ilin əvvəllərində növbəti çağırış-səfərbərlik kampaniyası başlandı və ordunun ali idarəetmə orqanlarında əsaslı struktur dəyişiklikləri aparıldı. Həmin ilin mart ayında Baş ərkani-hərblə (Baş qərargahla) Ümumi qərargah birləşdirilərək Azərbaycan Ordusunun Qərargahı yaradıldı. Mərkəzi təminat və təchizat orqanları isə birləşdirilərək Azərbaycan ordusu təchizat rəisinin idarəsi təşkil edildi.
Topçu briqadaları iki diviziondan təşkil edilmişdilər. Bu divizionlardan biri yüngül topçu divizionu, digəri isə dağ topçu divizionu idi.
1920-ci ilin mart ayında bu qüvvələr bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundular. Nəticədə, şimal sərhədinin müdafiə sisteminin zəifləməsi bolşevik işğalı üçün daha əlverişli şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə ölkənin müstəqilliyinə və milli mənafelərə xidmət edən ordu quruculuğu yarımçıq qaldı. 1920-ci il aprel işğalından dərhal sonra Cümhuriyyət ordusunun hissələri ləğv edildi, milli ordu üçün yaradılmış maddi-texniki baza isə talan olundu.
Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmiş və həmin gün bayram kimi qeyd edilir.
 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

Qeyd: Yazı ixtisarla verilir. 
Mənbə:http://az.baku-art.com/index.php?newsid=21825#.WwqZP0iFPIV

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz