» » Prezident İlham Əliyev: "Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq"

Prezident İlham Əliyev: "Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq"

Müəllif: Dəyanət от 28-04-2018, 10:30

Prezident İlham Əliyev: "Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq"

"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 58-ci kitabı çapdan çıxıb
Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik, bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, gözəl sözlər deyil, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər.

Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, bu tədbirlərdə səslənən fikirlər, o cümlədən dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir. Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir. Bu dəyərlər üzərində müasir, müstəqil dövlət qurulmuşdur və bu dövlət gündən-günə güclənir.

AZƏRTAC xəbər verir ki, "İnkişaf - məqsədimizdir” çoxcildliyinin 58-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2013-cü il avqustun 17-də Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışından götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 58-ci kitabındakı materiallar 2013-cü ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir. Bu kitab dövlətimizin başçısının Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qalibləri, mükafatçıları, onların məşqçiləri və respublikanın idman mütəxəssisləri ilə görüşünə dair informasiya ilə başlayır.

Kitaba Rusiya Federasiyası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin ölkəmizə səfərləri zamanı Azərbaycan Prezidentinin onlarla apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair informasiyalar daxil edilib. Bu cilddə, həmçinin Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında dövlətimizin başçısının çıxışlarının mətnləri, türkdilli dövlətlərin rəhbərləri ilə görüşlərinə dair materiallar yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Kitabda dövlətimizin başçısının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının "MGİMO Journal” nəşrinə müsahibəsinin mətni də yer alıb.
Bu cilddə, Prezident İlham Əliyevin Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara və Lənkəran rayonlarına səfərləri zamanı yeni mədəniyyət, təhsil və sənaye müəssisələrinin, infrastruktur obyektlərinin açılışlarında iştirakı, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair çoxsaylı materiallar toplanıb.

Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri də daxil edilib.

"Azərnəşr” tərəfindən buraxılan 58-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Mənbə:https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Biz_dunyaya_achigiq_ve_eyni_zamanda_oz_milli_deyerlerimizi_qoruyuruq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz