Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Müəllif: Anaveusaq.az от 17-03-2018, 18:00
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm.
Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.
Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir.
Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.
Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq.
Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!
Mənbə:https://azertag.az/xeber/Novruz_bayrami_munasibetile_Azerbaycan_xalqina_tebrik-1145490
Oxşar postlar:
- Nazirlər Kabineti 2018-ci ilin Novruz, Ramazan və Qurban bayramları barədə qərar verib.
- Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
- Minskdə Novruz bayramı qeyd olunub
- Tibb Universitetinin kollektivi bayramı xəstələrlə birlikdə qeyd edib
- Novruz bayramı və uşaq sevincləri
- Oxunub: 1 545
- Şərhlər: 0
- Bölmə: Xəbərlər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Tapmaca bizdən, açması sizdən
Tapa bilsən, tap...
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Yazarlar