» » Tarixdə bu gün - 26 sentyabr

Tarixdə bu gün - 26 sentyabr

26 sentyabr

İlin 269-cu günü
İlin sonuna 96 gün qalır.
Mühüm hadisələr: 
1932 - Türkiyədə Türk Dil Qurultayı toplanmış, ilk dəfə "Dil bayramı" qeyd edilmişdir.
1992 - Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə "Silahlı qüvvələri geri çəkmək haqqında" protokol imzalayırlar.
2007 - Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı gömrük xidməti rəhbərləri Şurasının 6-cı iclası keçirilmişdir.
2008 - Azərbaycan Qadınlarının III Qurultayı keçirilmişdir.
Vəfat etmişdir:
Tarixdə bu gün - 26 sentyabr1961 -Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) Bakıda vəfat etmişdir.
Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
 Tarixdə bu gün - 26 sentyabr2009 - Azərbaycanın görkəmli dilşünas alimi, publisist, pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü , filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Afad Məhəmməd oğlu Qurbanov Bakıda vəfat etmişdir.
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da indi erməni tapdağında inildəyən qədim Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) dünyaya gəlib. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.
O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 50-ci illərdən etibarən isə Azərbaycan Pedaqoji Universitetində filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. O, 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S. Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası" , "Azərbaycan onomalogiyası məsələləri", "Poetik onomastika", "Azərbaycan dilinin onomalogiyası" kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur. 

 

Tarixdə bu gün - 26 sentyabr  

 

Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi", "Dilçiliyin tarixi", "Müasir Azərbaycan ədəbi dili", "Bədii mətnin linqvistik təhlili", "Azərbaycan onomastikası", "Azərbaycan dilinin onomalogiyası", "Ümumi dilçilik", I-II cildlər, "Dünyanın dil ailələri" və s. kimi sanballı əsərləri ilə məşhurdur.
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.
Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzuna görə 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Tarixdə bu gün - 26 sentyabr

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz