» » Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Ən dərin fikirləri ən incə çalarlarınadək ifadə qüdrətinə malik dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini bu gün də qoruyub saxlayır.

Azərbaycan dilinin dövlət dili olaraq qorunması və işləkliyinin təmin edilməsi müstəqil dövlət quruculuğunun prioritet prinsipləri sırasındadır. Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamlar təsdiq edilmişdir. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən etmişdir. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya – azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilsin:

Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Komissiya sədrinin müavinləri

Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Akif Əlizadə – AMEA-nın prezidenti

Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

Komissiyanın üzvləri

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri

İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü

Rafael Hüseynov – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü

Kamal Abdullayev – Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü

Vasim Məmmədəliyev – Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü

Teymur Kərimli – AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü

Möhsün Nağısoylu – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü

Muxtar İmanov – AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü

Əbülfəz Quliyev – AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Arif Alışanov – "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Sabir Rüstəmxanlı – xalq şairi

Adil Babayev – Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor

Mübariz Yusifov – Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor

Elbrus Əzizov – Bakı Dövlət Universitetinin professoru

Buludxan Xəlilov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Аydın Ələkbərov – filologiya elmləri doktoru, professor

İsmayıl Məmmədov – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

Sayalı Sadıqova – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

Afaq Vəliyeva – Tərcümə Mərkəzinin direktoru

Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aydın İbadov – Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru

2. Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 766 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 500; 2006, №9, maddə 743) ləğv edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2017-ci il.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 54
  • Məqalələri: 874
^
Dil haqqında nə qədər istəsək məlumat, kəlam yaza bilərik. bu da dilə diqqətlə bağlılığın bir təzahürüdür. Amma bir də var, dil üçün məsuliyyət daşımaq, bu dilin mənsub olduğu xalq qarşıdında məsuliyyət daşımaq. Mədəniyyətlər nə qədər inkişaf edir-etsin, əlaqələr nə qədər artır-artsın, sən dilinə laqeydsənsə, o dil necə inkişaf edəcək. Edəcək, kol dibindən baş qaldıran bənövşə kimi. Özü zənginləşəcək, yəni indiyə qədər mövcud olan təravəti ilə ruhumuzu daha çox oxşayacaq.
Əziziyəm, odumu,
Dağdan gələn odumu?
Su odsöndürən oldu,
Su yandırdı balamı..
Nə vaxt deyilib, yazıya alınıb bilinmir, amma gələcəkdə nə vaxtsa da dinləyəni mütəəssirliyin zirvəsinə qaldıracaq.
Məncə, dilimiz üçün idarə və təşkilatların, tanınmış incəsənət və elm adamlarının, məmurların dili daha önəmlidir. Hələ də idarələrdə yazışmalar digər dillərdə aparılır, reklamda Ana dilimizin çəkisi çox vaxt gözlənilmir. Məmur evində belə ana dilində danışmır. Akademik Ziyad Səmədzadənin tarı sinəsinə taer aldığını yəqin ki, siz də görmüsüünz. İnanın, şəxsən, mən hörmətli akademikə bu məqamıla daha çox rəğbət bəsləməyə başlamıçam, nəinki titulları ilə.
Ümummilli lider böyük Natiq idi. Rus dilini inbcəliklərinə qədər bilirdi. Amma dilimiz haqqında heyranlığına baxın:
- Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Baş redaktor
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 6
  • Məqalələri: 413
^
Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm –
Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir –
Öz ana dilini bilməyənlərə!

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərindən acıdır dilim –
Öz ana dilini bilməyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur –
Öz ana dilini bilməyənlərə!

Mən qədim “Qarabağ şikəstəsi” yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm –
Öz ana dilini bilməyənlərə!

Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən heç vaxt silinməz.
Füzuli şeirdə kimdir bilinməz –
Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi, ana öyüdü,
Əsilsiz yaşayıb o küt böyüdü,
Görüm haram olsun ananın südü –
Öz ana dilini bilməyənlərə!

Yad əllə bir çiçək, gül dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer verilməsin –
Öz ana dilini bilməyənlərə!

Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi –
Öz ana dilini bilməyənlərə!

Bu dildə bir qızmış pələngəm, şirəm,
Aslanlar döşündən mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm –
Öz ana dilini bilməyənlərə.

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə.

Birinə əslini danıb desələr,
Bu nifrət ölüncə ona bəs edər,
Bir gün öz övladı qənim kəsilər –
Öz ana dilini bilməyənlərə.

Qədrini bilməsə kamanın, neyin,
Saman çuvalıdır o baş, o beyin
Bu ana torpaqda fərari deyin –
Öz ana dilini bilməyənlərə!

Övlad ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalət ömürlük olur.
Vicdan da, qeyrət də artıq yük olur –
Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam –
Öz ana dilini bilməyənlərə!

Şairəm, adım da Tofiq Bayramdır,
Bu dil cəngi səsim, ana laylamdır.
Vətəndaş sözünü demək haramdır,
Vətənin karına gəlməyənlərə.
Bu qanun ən ağır bir ittihamdır –
Öz ana dilini bilməyənlərə!
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Jurnalist
  • Qeydiyyat: 25.10.2016
  • Status: offline
  • Şərhləri: 2
  • Məqalələri: 275
^
Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. (Əbu Turxan)
Dil insanı dəyərləndirmək üçün vasitədir. (Mühəmməd peyğəmbər (SƏS))
Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. (Əbu Turxan)
Dil mədəniyyətlə birgə boy atır. (А.N.Tolstoy)
Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. (Əbu Turxan)
Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. (Əbu Turxan)
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. (Humboldt)[b]
  • Нравится
  • 0