» » Mixael Kindsqrab: "Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş iqtisadi əlaqələr qurmayıb"

Mixael Kindsqrab: "Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş iqtisadi əlaqələr qurmayıb"

Müəllif: Dəyanət от 17-09-2017, 00:05

AZƏRTAC-la əməkdaşlıq edən almaniyalı müstəqil jurnalist Markus Kurts Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabdan müsahibə alıb. Müsahibəni təqdim edirik

- Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ili tamam olur. Siz iki ölkənin münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Almaniya-Azərbaycan münasibətləri intensiv inkişaf edir. Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü, məsələn, onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. 25 illik müddət xalqlar və dövlətlər üçün bir tərəfdən uzun, digər tərəfdən isə çox qısa bir zamandır. Hesab edirəm ki, biz - almanlar və azərbaycanlılar bu qısa zaman ərzində nail olduqlarımızla, əməkdaşlığımızın səviyyəsi ilə fəxr edə bilərik. Bu gün mən tərəfdaşlıgımızın növbəti 25 ilinə böyük ümidlə baxıram.

- Cənab səfir, sizcə, mədəniyyət və iqtisadiyyat sahələrində Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsi üçün daha nə kimi potensial var?

- Səfir kimi fəaliyyətə başlayarkən insanların burada alman dilinə və bizim mədəniyyətimizə olan böyük marağı mənim üçün sürpriz oldu. Azərbaycan əhalisi dinamik şəkildə artan gənc bir ölkədir. Məhz burada əlaqələrimizin daha da inkişafı üçün saysız-hesabsız imkanlar mövcuddur. Biz gənclər arasında mübadiləni bunda sonra da təşviq etmək istəyirik. Bu məsələ ilə bağlı mən təkcə DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) uğurlu təqaüd proqramları və kurslarını nəzərdə tutmuram. Mənim üçün xüsusilə sevindirici haldır ki, Höte İnstitutu burada – Bakıda öz mərkəzini açacaq. Həmin mərkəz alman mədəni həyatının geniş spektrini Nizami Gəncəvinin ölkəsinə gətirəcək.

2017-ci ilin əvvəlində hökumət tərəfindən irəli sürülən yol xəritəsində göstərildiyi kimi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, mənim fikrimcə, Azərbaycanın neft qiyməti ilə şərtlənən iqtisadi böhran fonunda tam düzgün addımdır. Alman şirkətləri bu səylərin uğuruna töhfə vermək üçün çox yaxşı mövqe tutublar. Kiçik və orta müəssisələr alman iqtisadiyyatının onurğa sütununu təşkil edirlər. Texnoloji cəhətdən yüksək innovativ və eləcə də müasir olduğu qədər də sosial əsaslarla idarə olunan bu müəssisələr müxtəlif sahələrdə dünya bazarlarının aparıcı şirkətləridir. Təbii ki, hər bir şirkət xaricdə investisiya yatırarkən bundan irəli gələn xərcləri və riskləri həmişə nəzərə alır. İnvestisiya təhlükəsizliyi, bürokratik maneələr, hüquq sistemi kimi aspektlərə bu zaman xüsusi diqqət yetirilir. Bu sahələrdə islahatlar alman investorları və ticarət tərəfdaşları üçün məxaric-mənfəət hesabını Azərbaycanın xeyrinə dəyişə bilər. Gömrük qaydalarının sadələşdirilməsi, müəssisələrdə yoxlamaların azaldılması və aqrar sektora yeni yanaşma fonunda artıq bir sıra mühüm addımlar atılıb. Bu uğurlar davam etdirilə bilər və etdirilməlidir.

- Azərbaycanın təbii zənginliyə və mədəniyyətinin müxtəlifliyinə baxmayaraq, buraya səfər edən alman turistlərin sayı heç də çox deyil. Sizcə, Almaniya tərəfi Azərbaycana turist axınının gücləndirilməsi üçün nə kimi imkanlara malikdir?

- Azərbaycan cəlbedici səyahət ölkəsidir və bu barədə artıq Almaniyada da danışılır. Rastıma çıxan və Azərbaycana ilk dəfə səfər edən şəxslər Bakının gözəlliyinə və ölkənin rəngarəngliyinə heyran olduqlarını deyirlər.

2017-ci ilin ilk yarısında Odlar Yurduna səfər edən alman turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə üçdəbir dəfə artıb. Buna baxmayaraq, təbii ki, mövcud potensialdan hələ heç də tam istifadə olunmayıb və buna görə də mənim üçün sevindirici haldır ki, Azərbaycan öz turizm infrastrukturunun yaxşılaşdırılması işini davam etdirir. Bilirəm ki, 2015-2016-cı ilin qışında ölkə valyutasının güclü və qəfil devalvasiyası nəticəsində bir sıra iqtisadi problemlər yarandı. Lakin bu, eyni zamanda, əcnəbi turistlər üçün qiymətləri ciddi şəkildə aşağı saldı və həmin vaxta qədər bahalı olan Azərbaycanı qiymətcə münasib etdi. Ötən ilin sonunda elektron viza sisteminin tətbiqi ilə viza qaydalarının sadələşdirilməsi də ölkəni qonaqlar üçün daha cəlbedici edir.

- Almaniya azərbaycanlı diplomat və incəsənət xadimi Polad Bülbüloğlunun UNESCO-nun baş katibi vəzifəsinə namizədliyinə necə baxır?

- Almaniya UNESCO-nun rəhbəri postuna öz namizədini təqdim etməyib. Buna görə də biz bütün namizədləri çox diqqətlə nəzərdən keçiririk. İyun ayının sonunda cənab Bülbüloğlu dövlət naziri Bömerin dəvəti ilə Berlində Xarici İşlər Nazirliyində görüşdə oldu. Mənim şəxsi fikrimcə, Polad Bülbüloğlu maraqlı olduğu qədər də, rəğbətə layiq bir şəxsdir.

- Bakıda bütün dini təriqətlərə aid kilsə, sinaqoq və məscidlər var. Bir neçə il əvvəl şəhərin mərkəzində xristianlar üçün xüsusi bir kilsə inşa edildi. Müsəlman Azərbaycanında bərqərar olmuş bu dini tolerantlığı necə dəyərləndirirsiniz?

- Azərbaycanlıların ənənəvi etnik və dini tolerantlığı, əminliklə deyə bilərəm ki, bu ölkənin mühüm vizit kartıdır. Bakıya gəldiyim vaxtdan bəri çalışıram ki, hər ay Azərbaycanın regionlarından birinə səfər edim. Mən artıq 12 fərqli rayonda olmuşam və müxtəlif etnik, dini mənsubiyyətə malik insanların dinc və qarşılıqlı hörmətə əsaslanan birgə yaşam tərzi məni mütəəssir etdi. Sadəcə iki misal kimi etnik müxtəlifliyə malik Qusar rayonunu və Qubada dağ yəhudilərinin "Qırmızı qəsəbə” adlanan qəsəbəsini göstərə bilərəm. Həmçinin paytaxt Bakı da öz etnik-dini müxtəlifliyindən xüsusi bir güc və cazibə qüvvəsi alır.

Azərbaycanın qərbində vaxtilə almanların məskunlaşdığı regionlarda – bugünkü Göygöl, Şəmkir, Gədəbəy və Gəncədə dəfələrlə səfərdə olmuşam. Burada məskunlaşan almanlar Azərbaycan torpağına ilk dəfə 200 il bundan əvvəl ayaq basıblar. Əhalinin əksəriyyətini təşkil edən "müsəlmanlar” (o vaxt azərbaycanlıları daha çox belə adlandırırdılar) və alman-xristian gəlmələr arasında birgə yaşayış yaxşı və məhsuldar idi. Bu gün də – sovet mərkəzi orqanları tərəfindən alman əhalinin Azərbaycandan sürgün edilməsindən təxminən 70 il sonra azərbaycanlılar almanların Azərbaycandakı tarixini müsbət xatirələrlə yad edirlər.

- Dağlıq Qarabağ münaqişəsi fonunda törədilən Xocalı qırğınının 25-ci ildönümü tamam oldu. Bu müddətdə rəsmi Almaniya yalnız deputatlar Karin Ştrents və Yohannes Karın Alman-Cənubi Qafqaz Parlament Qrupunun sədri qismində yaydıqları "təəssüf və dərdə şərik olmaq jesti kimi” qəbul edilən press-relizlə kifayətləndi. Almaniya Xarici İşlər Nazirliyi həmin sənəddə əksini tapan "dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı”nın beynəlxalq hüququn "əsas prinsipləri” olması və "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (822, 853, 874, 884 nömrəli qətnamələr) əsasən […] ərazilərin Ermənistan tərəfindən işğalının […] beynəlxalq hüquqa zidd" olmasına dair BMT mövqeyinə qoşulurmu?

- Dağlıq Qarabağ münaqişəsi məndə böyük narahatlıq doğurur. 1988-1994-cü illərdə Dağlıq Qarabağ regionunda baş vermiş kəskin qarşıdurmanın nəticəsi hələ də Cənubi Qafqaz regionu üçün yükdür və onun inkişafını əngəlləyir. Demək olar ki, hər həftə təmas xəttində yeni qurbanlar verilir, bütün bunlar mənə dondurulmuş münaqişədən çox, getdikcə böyüməkdə olan, özündə insan faciəsi və eskalasiya risklərini ehtiva edən münaqişə təsiri bağışlayır. Sizin sitat gətirdiyiniz press-relizdə vurğulanır ki, tarix və eləcə də hazırkı vəziyyət daxil olmaqla, münaqişə Almaniya Bundestaqını da narahat etməkdədir. Eyni fikri federal hökumət barəsində də demək olar. Hesab edirik ki, status-kvo belə davam edə bilməz – 2016-cı ilin aprelindəki eskalasiya bunu dramatik şəkildə nümayiş etdirdi – və münaqişənin sülh yolu ilə həlli üçün substantiv danışıqlara başlanılmasını tələb edirik.

- Almaniyanın xarici siyasəti BMT qətnamələrinin Ermənistandan öz qoşunlarını Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan çıxarmağa dair tələbini beynəlxalq səviyyədə dəstəkləyəcəkmi, əgər dəstəkləyəcəksə, bunu necə edəcək?

- Almaniya 1992-ci ildən münaqişədə vasitəçilik edən və yekun olaraq onun həllinə çalışan Minsk qrupunun üzvüdür və qrupun fəaliyyətini var gücü ilə dəstəkləyir. Çox vacibdir ki, məqbul olmayan status-kvonu dəyişmək üçün hər iki tərəf substantiv danışıqlara hazır olmalıdır. Biz ümid edirik ki, çox yaxın zamanda tərəflər arasında yeni yüksək səviyyəli danışıqlar baş tutacaq və orada konkret nəticələr əldə olunacaq.

- Nəhayət, sonuncu sual. Bakıda özünüzü rahat hiss edirsinizmi? Burada nələr daha çox ürəyinizcədir?


- Mən və ailəm özümüzü Bakıda və Azərbaycanda çox yaxşı hiss edirik. 2016-cı ildə biz Azərbaycan paytaxtına gələndə bizim buraya son və yeganə qısamüddətli səfərimizdən 15 il keçirdi. O vaxt biz Azərbaycana avtomobil ilə Tbilisidən gəlmişdik. Bir il bundan əvvəl həmin yolla geri dönərkən bizim üçün ən müsbət sürpriz bütün ölkədə infrastrukturun necə inkişaf etdiyini görmək oldu. Təbii ki, bir də Qafqazsayağı asudəlik, nəbzi urban həyatın Şərq ab-havası ilə döyünən Bakının gözəlliyi. Yayda Almaniyadan qonaqlarımız gələndə ilk axşam biz onlarla şəhərə və bulvara çıxırıq ki, oradakı ab-havadan zövq alaq. Bu bizə ev sahibliyi edən ölkə və onun insanları haqqında söhbətlərə giriş üçün həmişə uğurlu başlanğıc olur.

- Maraqlı və səmimi söhbət üçün sağ olun.

- Təşəkkür edirəm!

Mixael Kindsqrab: "Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş iqtisadi əlaqələr qurmayıb"

Mənbə:https://azertag.az/xeber/Mixael_Kindsqrab_Almaniya_regiondaki_hech_bir_dovletle_Azerbaycanla_oldugu_qeder_genis_iqtisadi_elaqeler_qurmayib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz