» » Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü

Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü

Müəllif: Dəyanət от 9-08-2017, 00:10
Azərbaycan və Türkmənistan prezidentlərinin  görüşü

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.
Hörmətli qonaqlar.
Mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq.
Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir.
Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha "Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır. Bir daha xoş gəlmisiniz.

x x x

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

-Hörmətli İlham Heydər oğlu, çox sağ olun.
Əvvəlcə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz Azərbaycana rəsmi səfərin həyata keçirilməsi üçün məni ölkənizə dəvət etdiniz. Mən öz adımdan və nümayəndə heyətimizin adından Sizə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş səmimi qəbula görə xüsusi təşəkkürümü bildirirəm. Siz qeyd etdiyiniz kimi, biz qonşu dövlətlərik. Mənə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Burada səmərəli birgə iş üçün çox gözəl şərait yaradılmışdır.
İlk növbədə qeyd etmək istərdim ki, rəsmi səfərin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib. Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir.
Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər.

x x x

Söhbət zamanı dost, qardaş, qonşu dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulandı, bu istiqamətdə imzalanacaq sənədlərin əhəmiyyəti qeyd edildi.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.
"Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş”ə əlavə və dəyişikliklər edilməsi barədə Protokolu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolları naziri Deryaqulı Bəşimov imzaladılar.
"Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın maliyyə naziri Qoçmırat Mıradov imzaladılar.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dövlət Dəniz və Çay Nəqliyyatı Xidmətinin sədri Amanmırat Qurdov imzaladılar.
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkmənistanın daxili işlər naziri İsgender Mulikov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkmənistanın kənd və su təsərrüfatı naziri Nursaxet Sapardurdıyev imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”i və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Batır Bazarov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkmənistanın müdafiə nazirinin müavini, Fövqəladə Hallar İdarəsinin rəisi Yusup Muxammetqulıyev imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Ətraf Mühit və Torpaq Ehtiyatları üzrə Dövlət Komitəsinin sədri Batırmırat Orazmıradov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Ataqeldı Şamıradov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Maksad Babayev imzaladılar.

Avqustun 8-də Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Hörmətli cənab Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə "Xoş gəlmisiniz” deyirəm.
Sizin səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir.
Cənab Prezident, mən bu gün xüsusilə Sizin rəhbərliyinizlə Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul etmişdir. Azərbaycan da o qətnamənin həmmüəllifi olmuşdur.
Bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur. Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir.
Bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb.
Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq.
Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var. Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq.
Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük.
Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq. Sağ olun.

x x x

Prezident Qurbanqulu Berdiməhəmmədovun bəyanatı

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Xanımlar və cənablar.
Əvvəlcə Türkmənistanın nümayəndə heyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, bütün azərbaycanlı dostlara və həmkarlara göstərilmiş qonaqpərvərliyə, səmimi qəbula və birgə iş üçün gözəl şəraitin yaradılmasına görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi.
İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik.
Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir.
Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.
Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır.
Keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulandı.
Hörmətli dostlar, Türkmənistan ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək. Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır. Biz iqtisadi əməkdaşlıq məsələlərini təfərrüatı ilə müzakirə etdik və iki dövlətin güclü sənaye və infrastruktur potensialına uyğun olaraq bu sahədə qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi haqqında ümumi rəyə gəldik.
Danışıqlar zamanı Türkmənistan ilə Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirildi. Biz qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəldik. Bu baxımdan iki ölkənin biznes qurumlarının xətti ilə qarşılıqlı fəaliyyət mühüm rol oynamalıdır.
Əməkdaşlığımızın strateji istiqamətləri energetika və nəqliyyatdır. Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik.
Danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunmuşdur.
Hörmətli azərbaycanlı dostlarımız və qardaşlarımız, nümayəndə heyətimiz bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirir. Yekun olaraq, böyük ikitərəfli sənədlər paketi imzalandı.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir.
Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir.
İkitərəfli əlaqələrin gücləndirilməsində, Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan Prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz yüksək diqqətə görə Sizə dərin minnətdarlığımı bildirim.
Hörmətli iştirakçılar, hörmətli qardaşlar və həmkarlar, sonda qardaş Azərbaycan xalqını bir daha salamlayır, ona sülh, rifah və tərəqqi arzu edirəm. Sizə bu arzularımı bütün türkmən xalqı adından çatdırıram. Diqqətinizə görə minnətdaram.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

-Hörmətli Qurbanqulu Məlikquluyeviç.
Əziz dostlar.
İlk növbədə Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və "Xoş gəlmisiniz!” deyirəm.
Bizim xalqlarımızı dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır.

Son illər ərzində Sizin rəhbərliyiniz altında Türkmənistan uğurlu inkişaf yolu keçmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Bu gün sürətlə inkişaf edən ölkənizin əldə etdiyi nailiyyətlər dövlət quruculuğu, sosial, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Qardaş Türkmənistanın bu uğurları bizi sevindirir.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlamətdardır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu illər ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın rifahına xidmət etmişdir.
Qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrinin iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün bu gün yaxşı imkanlar vardır. Əminəm ki, bu səfər çərçivəsində keçirdiyimiz görüşlər, apardığımız müzakirələr, imzalanmış sənədlər və strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın inkişafına töhfə verəcəkdir.
Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur.
Qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Məclisinin 2015-ci ilin iyununda keçirilmiş plenar iclasında yekdilliklə qəbul olunmuş "Türkmənistanın daimi neytrallığı” adlı qətnaməyə həmmüəllif kimi qoşulmuşdur.
Enerji sahəsində əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz bu sahədə işimizi daha da dərinləşdirmək əzmindəyik və bunun üçün də bütün imkanlar vardır.
Yaxın zamanlarda istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı kimi ölkələrimiz üçün yeni tranzit imkanları yaradır.
Bu gün həm Azərbaycanda, həm Türkmənistanda yeni dəniz limanları tikilir. Bu da gələcəkdə bizim nəqliyyat imkanlarımızı daha da artıracaqdır.
Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirələri davam etdirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır.
Azərbaycan və Türkmənistan xalqlarının tarixi, mədəni bağlılığını nəzərə alaraq, mədəniyyət, incəsənət, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mühüm aktuallıq kəsb edir.
Azərbaycan və Türkmənistan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edirlər. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunmuşdur. Eyni zamanda, bu ilin may ayında Bakıda 50-dən çox ölkənin iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu, bizim İslam həmrəyliyinə verdiyimiz növbəti töhfədir.
2017-ci ilin sentyabr ayında Aşqabad şəhəri qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarına ev sahibliyi edəcəkdir. Asiya Oyunlarının bu coğrafiyada yaşayan xalqlar arasında əlaqələri daha da gücləndirəcəyinə, mədəni əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə inanıram. Bu münasibətlə Sizi təbrik edirəm. Əminəm ki, bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.

x x x

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV ölkəmizə səfərinin uğurlu olduğunu, keçirilən görüşlərin və danışıqların yüksək səviyyədə baş tutduğunu və artıq bunun bir ənənəyə çevrildiyini bildirdi.

"Bu gün əziz dostumuz İlham Heydər oğlu ilə birlikdə bir daha əmin olduq ki, ölkələrimizi sərfəli coğrafi vəziyyət, vahid tarixi keçmiş və eyni baxışlar birləşdirir”, - deyən Türkmənistan Prezidenti ortaq ənənələrə malik xalqlarımızın dünya mədəniyyətinə böyük töhfələr verdiyini, bir çox qədim dövlətlərin yaranmasında əsas qüvvə kimi çıxış etdiklərini və qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında mədəni tellərin qorunaraq bu günə qədər gəlib çıxdığını diqqətə çatdırdı.
Qurbanqulu Berdiməhəmmədov hazırda ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yüksək templərlə inkişaf etdiyini, Azərbaycan ilə Türkmənistanın nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq apardıqlarını vurğuladı. Prezident dedi ki, ümumi sülh, xalqların tərəqqisi və təhlükəsizliyin möhkəmləndirilməsi ölkələrimiz üçün qlobal dəyərdir və Azərbaycan ilə Türkmənistan milli tərəqqi modelinə əsaslanaraq inamla inkişaf edirlər.
Hər iki ölkənin müstəqillik illərində bir çox sahələrdə böyük uğurlar qazandığını deyən Qurbanqulu Berdiməhəmmədov Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərin və gələcək uğurların onları sevindirdiyini bildirdi. O, bu sahədə Prezident İlham Əliyevin böyük və xüsusi xidmətlərinin olduğunu dedi, Azərbaycan dövlətinin başçısının fəaliyyətinin təkcə regionda deyil, həm də dünya miqyasında bəhrələr verdiyini vurğuladı. "İlham Heydər oğlu ölkəsinə inamla rəhbərlik etməklə haqlı olaraq regionda və dünyada layiqli hörmət qazanıb. Bu, həqiqətən də belədir. Mən ölkələrimiz arasında münasibətlərin inkişafında və möhkəmlənməsində onun şəxsi xidmətlərini xüsusilə qeyd edirəm”, - deyən Türkmənistan Prezidenti məhz bu xidmətlərinə görə Azərbaycan Prezidentinə xalqı adından minnətdarlığını bildirdi.
Ölkələrimizin xoş münasibətlərinin qarşılıqlı anlaşma üçün çox yaxşı şərait yaratdığını deyən Türkmənistan dövlətinin başçısı Azərbaycana budəfəki səfərinin qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün böyük imkanlar yaratdığını qeyd etdi. "Türkmənistan ilə Azərbaycan arasında inkişaf etməkdə olan əməkdaşlıq səfər zamanı bir sıra ikitərəfli sazişləri imzalamağa imkan verdi”, - deyən Qurbanqulu Berdiməhəmmədov bu sənədlərin əhəmiyyətindən danışaraq, onların olduqca aktual sahələri əhatə etdiyini və gələcəkdə xalqlarımıza böyük fayda gətirəcəyinə əminliyini bildirdi.

Azərbaycan və Türkmənistan prezidentlərinin  görüşü

Azərbaycan və Türkmənistan prezidentlərinin  görüşü

Azərbaycan və Türkmənistan prezidentlərinin  görüşü

Mənbə:http://azertag.az/xeber/Ali_qonagin_serefine_

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz