» » Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib


Aprelin 14-də Milli Məclisin plenar iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Layihə hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib, onlardan rəsmi rəylər alınıb.
Qeyd olunub ki, "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Bildirilib ki, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, uşaqyönümlülük, inkişafyönümlülük, tələbyönümlülük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilir.
Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcəyini deyən komitə sədri bildirib ki, artıq dövlətimizin başçısının tapşırığı ilə regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır. Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub.
"Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlılığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir.
Məktəbəqədər təhsil müəssisələrinin tədris dili haqqında danışan İ.Həbibbəyli vurğulayıb ki, tədris dili Azərbaycan dilidir. Uşaqlara Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər. Həmçinin bildirilib ki, ölkəmizdə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.
Sənəddə qeyd olunur ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Müzakirələrin yekununda qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Mənbə:http://azertag.az/xeber/Milli_Meclisde_Mektebeqeder_tehsil_haqqinda_qanun_layihesi_uchuncu_oxunusda_qebul_edilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz