» » “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası

Müəllif: Təsisçi от 12-04-2017, 00:10

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI
Əsr-Azərbaycan Fondu ilə birgə icra etdiyi "Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində aprelin 11-də "Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AVCİYA-nın eksperti Şahin Camalov tədbirdə çıxış edərək tütün məmulatlarının ticarətdə dövriyyəsinin qanunauyğunluğunu müəyyən etmək, habelə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə Bakıda siqaret satılan ticarət obyektlərinin monitorinqinin aparıldığını bildirib.
Qeyd edib ki, monitorinq zamanı məktəblərin yaxınlığında yerləşən 150 ticarət obyektinin satıcıları ilə rəy sorğusu aparılıb. Nəticədə tütün məhsulları bütün obyektlərdə ən çox satılan məhsul kimi qeyd edilib. Ölkəmizdə 18 yaşına çatmamış şəxslərə siqaret satışının qadağan olunmasına baxmayaraq, ticarət obyektlərinin 82,8 faizində bu barədə elan yoxdur.
Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev məktəblərin yaxınlığında ticarət obyektlərinin olmasını və uşaqların oradan siqaret alması faktlarının olduğunu vurğulayıb. Məktəb yalnız öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır və təhsil müəssisəsi yalnız bununla bağlı tədbir görmək səlahiyyətindədir. Burada böyük maarifləndirmə işinə ehtiyac var. Bu iş müəllimlər və valideynlər arasında aparılmalıdır. Təhsil Nazirliyinin öhdəliyində olan məsələ şagirdlərin maarifləndirilməsidir və biz işimizi bu istiqamətdə qururuq.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Əkbər Əkbərov diqqətə çatdırıb ki, azyaşlılar arasında siqaretin yayılmaması üçün mütəmadi təlimlər keçirilir. Uşaqların tütün məmulatları və spirtli içkilərdən uzaqlaşdırılması istiqamətində müvafiq qurumlarla birlikdə 325 tədbir təşkil edilib.
Digər çıxışlarda da mövzunun aktuallığı qeyd olunub, bu problemin qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası

Mənbə:http://azertag.az/xeber/Yetkinlik_yasina_chatmayanlarin_tutun_memulatlarina_chatimliligina_dair_muzakireler_aparilib-1050341

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz