» » Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır

Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır

Müəllif: Təsisçi от 29-03-2017, 16:00

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan aprel döyüşlərindən bir il ötür. Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin sübutudur. Bu tarixi döyüşlər, eyni zamanda, Azərbaycan xalqının Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi.
Bu fikri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
Cəlil Xəlilov deyib ki, işğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Hətta bir il keçməsinə baxmayaraq, məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş erməni rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. İnformasiya müharibəsində də düşməni məğlub etdik. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, bütün qəbildən olan veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aprel döyüşlərindən sonra yaralılarla, şəhid ailələrinin üzvləri ilə görüşləri bütün cəmiyyət üçün gözəl nümunədir. Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunun təltif edilməsi onların adlarının əbədiləşdirilməsi yolunda atılmış mühüm addımlardandır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur.
"Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Əldə edilən nailiyyətlərə və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımız həmişə ordumuzun yanındadır. Biz veteranlar qələbəmizə, işğal altındakı bütün torpaqlarımıza tezliklə qayıdacağımıza inanırıq, - deyə ehtiyatda olan polkovnik bildirib.

Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır

Mənbə:http://azertag.az/xeber/Xalqimizin_qehremanliq_salnamesi_olan_aprel_doyusleri_iftixarla_xatirlanir-1046375

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz