» » Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Müəllif: Təsisçi от 24-12-2016, 00:15
Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Dekabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycanın və Dağıstanın görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, deputatlar, elm xadimləri və başqaları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyublar.
Tədbirdə çıxış edən Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov görkəmli dövlət xadimi Əziz Əliyevin çoxşaxəli fəaliyyətindən, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsindəki xidmətlərindən danışıb. O bildirib ki, Əziz Əliyevin fəaliyyətinin miqyası Dağıstan üçün olduqca əhəmiyyətlidir. Əziz Əliyev Dağıstanın çətin zamanında ona həvalə edilmiş vəzifələrin öhdəsindən uğurla gəlib. O, parlaq şəxsiyyətdir və dağıstanlıların yaddaşında böyük iz buraxıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Prezident İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Dövlət müşaviri qeyd edib ki, Əziz Əliyevin xatirəsi Dağıstan xalqının yaddaşında daim yaşayır. Onun Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsi bunun bariz nümunəsidir.

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Kamal Abdullayev deyib ki, Azərbaycan və Dağıstan xalqları arasında dərin münasibətlər var. Ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edib. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın və Dağıstanın çoxmillətli respublikalar olduğunu deyən Kamal Abdullayev bildirib ki, hər iki respublikada tolerantlıq və multikulturalizm qədim köklərə malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Azərbaycan və Dağıstan xalqları arasında mövcud dostluq əlaqələrindən danışaraq bildirib ki, prezidentlər respublikalarımız arasında strateji xarakterə əsaslanan münasibətlər qurublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin ictimai fəaliyyətindən söhbət açan AMEA-nın prezidenti vurğulayıb ki, Əziz Əliyev öz fəaliyyəti ilə həyatın əsl mənasının xalqa xidmət etməkdən ibarət olduğunu göstərib. A.Əlizadə ulu öndər Heydər Əliyevin Əziz Əliyev haqqında fikirlərindən sitat gətirib: "Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada – tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır”.
Görkəmli dövlət xadimi Əziz Əliyevin səhiyyə sahəsində xidmətlərindən danışan Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, istedadlı təşkilatçı olan Əziz Əliyev elm, təhsil, səhiyyə sahələrində böyük nailiyyətlər əldə edib. Əziz Əliyev səhiyyə sahəsinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına, gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Bu səbəbdən Azərbaycan səhiyyəsinin böyük bir dövrü Əziz Əliyevin adı ilə bağlıdır. Onun xidmətləri arasında ana dilimizdə nəşrlər mühüm yer tutur.
Tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə Dağıstan Respublikasının Başçısına minnətdarlığını bildirən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev vurğulayıb ki, bu konfrans, eyni zamanda, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun və qardaşlığının bayramıdır. Görkəmli dövlət xadimi Əziz Əliyev haqqında bu günədək çox xoş sözlərin deyildiyini bildirən Ş.Xanbabayev bu fikirlərin ən layiqlisini məhz ulu öndər Heydər Əliyevin səsləndirdiyini vurğulayıb. İcra başçısı Heydər Əliyevin aşağıdakı fikirlərini xatırladıb: "O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur”.
Konfransda digər çıxış edənlər Əziz Əliyevin görkəmli dövlət xadimi olmaqla yanaşı, elmi fəaliyyətdə də böyük uğurlar qazandığını söyləyib, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında onun xidmətlərini xüsusi qeyd ediblər.

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Mənbə:http://azertag.az/xeber/Mahachqalada_gorkemli_dovlet_xadimi_Aziz_Aliyevin_120_illik_yubileyine_hesr_olunan_elmi_konfrans_kechirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz