» » “Tufandağ”da yeni xizəkçilik mövsümü başlayıb

“Tufandağ”da yeni xizəkçilik mövsümü başlayıb

Müəllif: Dəyanət от 17-12-2016, 00:15
“Tufandağ”da yeni xizəkçilik mövsümü başlayıb

Qəbələ rayonundakı "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümünün açılışı olub.
Kompleksin direktoru Əvəz Nəbiyev AZƏRTAC-a bildirib ki, bu xizək mövsümündə yerli və xarici turistlər kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnirlər. Peşəkar təlimçilər turistlərə xizəklə dayanmağı öyrədirlər. Həmçinin Azərbaycan, rus və ingilis dillərində fərdi və ya qrup şəklində xizək dərsləri təşkil olunur. Hazırda xizək trasında 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib.
"Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi bu mövsümündə bir sıra yeniliklər həyata keçirməyi planlaşdırır. Belə ki, ilk dəfə P8 adlı xizək yolu turistlərin ixtiyarına verilib. Digər yolların istifadəsi isə növbəti günlər ərzində həyata keçiriləcək. Mövsümün həyəcanını yaşamaq istəyən qonaqlar kanatla 4 istiqamətə dağ gəzintisi üçün 10 manat, xizək icarəyə götürmək üçün isə 15 manat ödəyirlər. Dəniz səviyyəsindən 1920 metr hündürlükdə, gözəl dağ mənzərələrindən zövq almaq və dadlı təamların dadına baxmaq istəyənlərin seçimi olan "Chalet Steak & Wine House” restoranı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində maraqlı təqdimatlarla öz qapılarını müştərilərin üzünə açacaq. Bayram günlərində "Qafqaz Tufandağ Mountain Resort” otelinə aid olan digər restoran və barlar da müştərilərə yüksək səviyyədə xidmət göstərəcək.

“Tufandağ”da yeni xizəkçilik mövsümü başlayıb

Əvəz Nəbiyev qeyd edib ki, bölgədə ən çox turist qəbul edən "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində ikinci mərhələ üzrə işlər görülür. 2014-cü il yanvarın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttinin hamısında və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraitə malik restoranlar və beşulduzlu "Tufandağ” oteli açılıb. Bütün dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir.
Direktor bildirib ki, "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən üç il ərzində 300 mindən çox yerli və xarici qonaq istifadə edib. Hazırda kompleksin ərazisi qalın qar örtüyü ilə əhatə olunub və xizəkçilik üçün əlverişli şərait mövcuddur. Qış turizminin inkişafına təkan verən bu kompleksə qarşıdakı bayram günlərində Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 20 minə yaxın xizək həvəskarının Qəbələyə gələcəyi gözlənilir.
Hazırda müxtəlif turizm şirkətləri tərəfindən "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir. Turistlər əvvəlcə kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı gözəl təbiət mənzərələrini seyr edirlər. Kompleksin ərazisində həm böyüklərin, həm də uşaqların istirahəti üçün hər cür şərait yaradılıb.

“Tufandağ”da yeni xizəkçilik mövsümü başlayıb

Mənbə: http://azertag.az/xeber/Tufandagda_yeni_xizekchilik_movsumu_baslayib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz